Məhkəmə qərarları › İş №2-1(112)-5819/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5819/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5819/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilərək istintaqın aparılması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək polisin hərəkətsizliyin qanunsuz hesab edilərək istintaqın aparılması öhdəliyinin qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlakına münasibətdə 2017-ci ildə törədilmiş əməllə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib. Nəsimi rayon Polis İdarəsi heç bir araşdırma aparmadan müraciətinə səthi yanaşıb. Nəsimi rayon Polis İdarəsi 5 ildir ki, süründürməçilik edir, müraciətini araşdırmır. Hesab edir ki, həmin əməldə cinayət tərkibi var.

3. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2021-ci qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir.

4. Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18.12.2021-ci il tairxli məktubla izah edilmişdir ki, X3 və X2 barəsində cinayət işinin başlanması üçün əsas cinayət əlamətlərinə işarə edən kifayət qədər dəlillər müəyyən edilmədiyindən sonuncular barəsində Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Eyn zamanda izah edilmişdir ki, X4 və X2 ilə aralarında olan mübahisə mülki mübahisədir. Bununla bağlı birinci instansiya məhkəməsinə müraciət hüququnun olduğu izah edilmişdir.

5. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05.01.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, 969/21 nömrəli material üzrə Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2021-ci il tarixli qərar qanunsuz hesab edilmiş və ləğv edilsin. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Nəsimi rayon prokuroruna şikayət vermiş şəxslərin pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün zəruri tədbirlər görməsi həvalə edilmişdir.

6. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 fevral 2022-ci qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmiş və X4 və X1 izahatlarının və hadisə yerinə baxış keçirilməsindən ötrü Nəsimi rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə üçüncü şəxs qismində Nəsimi rayon polis idarəsinin müstəntiqi Elxan Tağızadə və istintaq idarəsinin rəisi Orxan Süleymanlını cəlb etməklə polisin istintaq aparılmamasına dair hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia polisin cinayət-prosessual fəaliyyətinə dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil.

9. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd).

10. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).

11. Odur ki, iddiaçıya müvafiq şikayətlə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

12. Məhkəmənin qənaətinə görə iş üzrə qəbul ediləcək məhkəmə qərarının Nəsimi rayon polis idarəsinin müstəntiqi Elxan Tağızadənin və istintaq idarəsinin rəisi Orxan Süleymanlının qanuni maraqlarına toxunma ehtimalı olmadığından, onların inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Vəsatət təmin edilməsin. İddia ərizəsində qeyd edilən şəxslərin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar