Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5820/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinə qarşı “təzminat ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 20000 (iyirmi min) manat təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Səhiyyə Nazirlinə müraciət edərək səhhətinin ağır olduğunu və dişlərinin müalicəsinə köməklik edilməsini xahiş etmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçının müraciətinə cavab olaraq “Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsi tərəfindən müalicə ediləcəyi bildirilmişdir. İddiaçı qeyd edir ki, Birinci Qarabağ müharibəsi əlilidir, baş nahiyyəsinin iyirmi faizi plastikdir, onkoloji xəstədir və xəstəliyinə görə dəfələrlə əməliyyat olunmuşdur. Hazırda iddiaçının dişləri ağır vəziyyətdədir və dişlərinin ağrısına dözə bilmir. Bu haqda müraciət etsə də, məktubuna 5 aydır cavab verilmir. İddiaçı dəfələrlə telefonla əlaqə saxlamış və ona gözləməyi deyilsə də, bu günədək hər hansı cavab verilməmişdir. Odur ki, iddiaçı ona dəyən mənəvi ziyana görə “Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsindən 20 000 (iyirmi min) manat təzminat tələb edir.
3. İş materiallarına əlavə olunmuş XAZ 110799 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən birinci dərəcə müddətsiz əlillik təyin edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 418 nömrəli Fərmanının 3.7-ci bəndini və 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının 9.1-ci bəndini rəhbər tutaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının iclasının 01 avqust 2022-ci il tarixli Protokolundan 2 №-li Çıxarışa əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesabına edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri Müşahidə Şurasının sədri tərəfindən təsdiq edilmişdir. Stomatoloji tibbi xidmət ödənişli əsaslarla göstərilən xidmətlər siyahısına daxil edilmişdir. Qaldırılan məsələ ilə bağlı aidiyyəti yuxarı qurumlara müraciət edildiyi, imtiyazlı qrup vətəndaşlara stomatoloji xidmət göstərilməsi qaydaları barədə cavab alındıqdan sonra iddiaçıya yenidən məlumat veriləcəyi bildirilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
10. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Maddə 29. Əlilliyi olan şəxslərin tibbi təminatı Əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”ndan:
3. Əlilliyi olan şəxslərin tibbi xidmətlə təmin olunması 3.1. Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir. 3.2. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydanın 3.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə 8-ci bənddə qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması nəzərdə tutulmuşdur.
13. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu:
21. Əlilliyi olan şəxslərin tibbi yardımla təminatı bu Qanun və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tibbi xidmət növləri istisna olmaqla, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə tibbi xidmət dövlət büdcəsi hesabına həyata keçirilir.
29. Əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar.
15. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə məqsədi dişlərinin müalicə edilməsi və diş protezləri ilə təmin olunmaqdır.
16. Məhkəmə qeyd edir ki, ilkin olaraq iddiaçının stomatoloji tibbi xidmətin və diş protezləşməsinə ehtiyacının olub-olmaması müəyyən edilməlidir.
17. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq “tibbi xidmətlə təmin olunma” tələbi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etməli, müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə həmin imtinadan məhkəməyə şikayət verilməsi mümkündür.
18. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva