Məhkəmə qərarları › İş №2-1(112)-5822/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5822/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5822/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşı tamam olduğu 20 avqust 2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. 20.09.1977-ci il tarixdən 21.04.1980-ci il tarixədək Şəmkir rayonu Təzəkənd kəndi “Əzizbəyov” adına sovxozda fəhlə vəzifəsində işləmişdir. 28.04.1980-ci il tarixdən 08.05.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. 04.11.1983-cü ildən 31.12.1999-cu ilədək “Əzizbəyov” adına sovxozda “qazqaynaqçısı” vəzifəsində və 19.01.2000-ci ildən 03.01.2010-cu il tarixədək Yeni-yol bələdiyyəsində sədr müavini vəzifəsində işləmişdir. Onun həqiqətən adları yuxarıda qeyd edilən təşkilatlarda işlədiyi İT seriyalı ******* nömrəli, 21.10.1977-ci il tarixli əmək kitabçasında və k-1-432 nömrəli 05 noyabr 2020-ci il tarixli dörd sayda əmək haqqına dair və üç sayda əmrlərə dair arxiv arayışlarında öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə müəyyən edilmiş 60 yaşı 20.08.2020-ci ildə tamam olmuş, 25 ildən artıq sığorta stajı vardır və bu müddətin 16 ildən çox hissəsini əmək şəraiti xüsusilə zərərli olan işdə çalışmışdır. 2011-ci ilin noyabr ayının 21-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən aslı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlrlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi günədək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün ərizə ilə (1 nömrəli əlavə) birbaşa daimi yaşadıqları yer, qaçqın və məcburi köçkünlər isə məşkunlaşdıqları yer üzrə Fondun yerli orqanına (bundan sonra - şöbəyə) müraciət edirlər. Bu müraciət onların adından vəkalət verdikləri nümayəndələri tərəfindən də edilə bilər. Göründüyü kimi o, əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi günədək, yəni 21.11.2011-ci ilədək qazanmışdır. Odur ki, o, 01.02.2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17 mart 2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə bundan imtina olunmuş və ona 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. O, imtina ilə razılaşmır və hesab edir ki, 2011-ci ilin noyabr ayının 21-dək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli əmək pensiyası hüququnun olması nəzərə alınaraq ona pensiya təyin edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazdan görünür ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə mövcüd qanunvericilik yaş və staj məsələlərində əvvəllər qüvvədə olmuş qanunvericiliyin tətbiqinə imkan versə də, sığorta kapitalı üçün belə bir istisna nəzərdə tutulmadığından, o məsələyə münasibətdə 9.1-ci maddənin tələblərinə riayət edilməlidir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22344,53 manat təşkil edir. Bundan əlavə iddiaçı tərəfindən onun güzəştli iş stajını təsdiq edən arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli məktubu ilə məhkəmələrə tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsin dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20 avqust 1960-cı il təvəllüdlüdür. İşdə olan İddiaçı məxsus 21.10.1977-ci il tarixdə doldurulmuş, ИТ-N ******* saylı əmək kitabçasının tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 20.09.1977-ci il tarixdə Əzizbəyov adına sovxoza 8 saylı briqadaya fəhlə vəzifəsinə qəbul edilmiş, 28.09.1979-cu il tarixdə 8 saylı briqadadan 5 saylı briqadaya keçirilmiş, 21.04.1980-ci il tarixdən 03.09.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 04.11.1983-cü ildən Şamxor rayonu Əzizbəyov adına sovxozun mexaniki sexinə 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 31.12.1999-cu il tarixdə islahatla əlaqədar işdən azad edilmişdir. 19.01.2000-ci il tarixdən 03.01.2010-cu il tarixədək yeni-yol bələdiyyəsində sədr müavini vəzifəsində işləmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, iddiaçının 01 fevral 2021-ci il tarixdə daxil olmuş güzəştli şərtlərlə pensiya təyini haqqında ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 1.0.8-ci maddələrinə istinad olunaraq, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 22344,53 manat təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş K-1-432 saylı, 05 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, dövlət arxivinin Şəmkir filialında mühafizə olunan əmrlər kitabında Səfərov X3 adına sovxoza 20 sentyabr 1977-ci ildə işə qəbul edilmişdir. 28.09.1979-cu il tarixli, 119 nömrəli əmrlə 5 saylı briqadaya mövsümi fəhlə vəzifəsinə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş K-1-432 saylı, 05 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, X6 Filialında mühafizə olunan əmrlər kitabında Səfərov X3 adına sovxoza 04 noyabr 1983-cü il tarixli 101 nömrəli əmrlə qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. 01 dekabr 1997-ci il tarixli 40 nömrəli əmrlə X1 sədri vəzifəsinə keçirilmişdir. 14 avqust 1998-ci il tarixli 14 nömrəli əmrlə bütün fəhlə və qulluqçular istehsalatla əlaqədar işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş K-1-432 saylı, 05 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, X6 filialında mühafizə olunan əmrlər kitabında İddiaçı 19 yanvar 2000-ci il tarixli 01 saylı protokolunun qərarı ilə bələdiyyə sədrinin müavini vəzifəinə seçilmişdir. 02 fevral 2005-ci il tarixli 02 saylı protokolunun qərarı ilə vergilərin müəyyən edilməsi və toplanması komissiyasına üzv seçilmişdir. 16 noyabr 2009-cu il tarixli 11 saylı protokolda axırıncı olaraq sədr müavini kimi imzası vardır. İşdən azad olunmasına dair qərar aşkar edilmədi. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 19 aprel 1980-ci il tarixdən 08 may 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə araşdırması dövründə arxiv arayışlarında və əmək kitabçasında istinad olunan əmrlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir filialından tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, k-3-121 saylı məktubunda göstərilmişdir ki, mühafizə olunan Şəmkir rayonu Yeni yol bələdiyyəsinin 16.11.2009-cu il tarixli 11 saylı, 02.02.2005-ci il tarixli, 2 saylı, 19.01.2000-ci il tarixli, 01 saylı və 28.01.2000-ci il tarixli 2 saylı protokolların, Şamxor rayonu “Əzizbəyov” adına sovxozun 04.11.1983-cü il tarixli, 101 saylı əmrinin, “Əzizbəyov” adına sovxozun 20.09.1977-ci il tarixli, 127 saylı əmrinin, Şəmkir rayonu “Əzibəyov” adına Üİ və EM-nin 14.08.1998-ci il tarixli 14 saylı əmrinin və “Əzizbəyov” adına Üİ və EM-nin 01.12.1998-ci il tarixli 40 saylı əmrinin surətləri təsdiq edilərək, məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş 04 noyabr 1983-cü il tarixli, 101 saylı əmrdən görünür ki, Şamxor rayonu “Əzizbəyov” adına sovxozun mexanika sexinə qaz qaynaqçısı vəzifəsinə qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş Şəmkir rayon Əzizbəyov adına Üzüm İstehsalı və Emalı Müəssisəsi üzrə 14 saylı, 14 avqust 1998-ci il tarixli əmrdən görünür ki, 13 avqust 1998-ci il tarixli 4 saylı protokola əsasən Aqrar islahatların getməsi ilə əlaqədar olaraq 13 avqust 1998-ci il tarixdən müəssisəsinin fəaliyyətinin dayandırılması, aqrar islahat komissiyasının üzvlərinin tərkibi təsdiq edilməklə, müvəqqəti olaraq islahat başa çatanadək fəaliyyət göstərmələri, bütün yerdə qalan fəhlə və qulluqçuların fəaliyyətinin 13 avqust 1998-ci il tarixdən dayandırılması qərara alınmışdır. Komissiyanın üzvləri siyahısında 5-ci bənddə İddiaçı adı üzv kimi qeyd edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 20 avqust 1960-cı il təvəllüdlü olmaqla, hazırda pensiyaçı deyildir. O, 57 yaşı tamam olduğu 20 avqust 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddindən az məbləğdə pensiya kapitalı olması əsası ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması və həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edildiyindən, ona cavabdeh tərəfindən imtina edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki mübahisə üzrə cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu ilə onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddindən az məbləğdə pensiya kapitalı olması əsası ilə yanaşı, həmçinin onun tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilmədiyi, bununla da güzəştli iş stajına malik olması da mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 31 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X5 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Hazırki iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 20.09.1977-ci il tarixdə Əzizbəyov adına sovxoza 8 saylı briqadaya fəhlə vəzifəsinə qəbul edilmiş, 28.09.1979-cu il tarixdə 8 saylı briqadada 5 saylı briqadaya keçirilmiş, 04.11.1983-cü ildən Şamxor rayonu Əzizbəyov adına sovxozun mexaniki sexinə 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, 31.12.1999-cu il tarixdə islahatla əlaqədar işdən azad edilmişdir. 19.01.2000-ci il tarixdən 03.01.2010-cu il tarixədək yeniyol bələdiyyəsində sədr müavini vəzifəsində işləmişdir. Onun həmin peşə və vəzifələrdə işləməsi həmçinin iş materiallarında olan arxiv arayışları da təsdiq olunmuşdur. İddiaçının 04.11.1983-cü ildən 31.12.1999-cu il tarixədək Şamxor rayonu Əzizbəyov adına sovxozun mexaniki sexində işlədiyi 4-cü dərəcəli qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXXİİİ Ümumi peşələr adlı bölməsinin (kod ********) 23200000—11620 kodu altında müəyyən edilmiş qaz qaynaqçıları peşəsinə uyğundur və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 16 il 01 ay 27 gün təşkil edir. Cavabdehin iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilmədiyi, buna görə də onun işlədiyi peşələrin xüsusi iş stajına hesablanmasından imtina edilməsi barədə göstərdiyi dəlillərə münasibətdə məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı güzəştli arayış təqdim edə bilməsə də, lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 04.11.1983-cü ildən 31.12.1999-cu il tarixədək Şamxor rayonu Əzizbəyov adına sovxozun mexaniki sexində 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi onun işlədiyi iş yerinin hazırda ləğv edilməsi səbəbindən mümkün deyildir. Lakin onun həmin dövr ərzində göstərilən peşə üzrə işləməsi əmək kitabçası ilə yanaşı, arxiv sənədləri ilə də təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, güzəştli arayışın iddiaçının imkanları xaricində olan səbəblərdən təqdim edilə bilməməsi əsası ilə həmin dövrün güzəştli iş stajına hesablanmasından imtina edilməsi barədə cavabdehin mövqeyi əsassızdır. Cavabdeh tərəfindən həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 57 yaşı 20 avqust 2017-ci il tarixdə, yəni 01.07.2017-ci il tarixdən sonra yaransa da, hazırki halda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina etməsi qanunun tələblərinə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı ona pensiya hüququnun yarandığı 20 avqust 2017-ci il tarixdən yaranmış fərqin ödənilməsini tələb etsə də, lakin iş materiallarında olan sənədlərdən görünür ki, o, 01 fevral 2021-ci il tarixdə ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. İddiaçıya 01 fevral 2021-ci il tarixdə əvvəl, yəni pensiya hüququnun yarandığı 20 avqust 2017-ci il tarixdən və ondan sonrakı yaxın dövr üzrə pensiya təyini ilə bağlı cavabdehə müraciət etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin iddiaçı dəfələrlə cavabdehə şifahi qaydada müraciət etdiyini və ona şifahi qaydada imtina edildiyini bildirərək, hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin onun tərəfindən pensiya hüququnun yarandığı gündən cavabdeh orqana yazılı müraciət etməməsinin üzlü səbəbləri barədə də hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, iddia ərizəsində də cavabdehə 01 fevral 2018-ci il tarixdə müraciət etdiyini bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən pensiya almaq hüququ olan şəxsin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiyanın ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 01 fevral 2021-ci il tarixdən əvvəlki üç il üçün, yəni 01 fevral 2018-ci il tarixdən bu günədək yaranmış pensiya fərqinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 20 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin təyin edilməli və 01 fevral 2018-ci il tarixdən bu günədək yaranmış pensiya fərqinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 20 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilsin və 01 fevral 2018-ci il tarixdən bu günədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar