Məhkəmə qərarları › İş №2-1(112)-5823/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5823/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5823/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan “X3” minik markalı **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə hansı əsaslarla məhdudiyyət qoyulmasının müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixli, S/30 nömrəli müraciətimizə cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşllər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, “X3” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmaqla ona məxsusdur. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan “X3” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmişdir. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi mülkiyyət hüququ əsasında ona məxsus olan “X3” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində məhdudiyyət olduğunu bildirdiyindən, iddiaçı həmin avtomobili alqı-satqı edə bilməmişdir. Sözügedən nəqliyyat vasitəsinin üzərinə hansı əsasla və səbəbdən qoyulmuş məhdudiyyətin müəyyən edilməsi üçün iddiaçının vəkili tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi xx.xx.2023-cü il tarixli, 44-7/2- 8807 saylı məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus “X3” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoyulmuş məhdudiyyətlə bağlı DİN BDYPİ X1 baxış keçirilərkən məhdudiyyətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qoyulduğu məlum olmuşdur. Odur ki, qeyd edilən avtomobilə məhdudiyyətin hansı səbəbdən qoyulması barədə məlumatı əldə etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən iddiaçının vəkili tərəfindən mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan “X3” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə hansı əsaslarla məhdudiyyət qoyulması barədə məlumat verilməsi üçün xx.xx.2023-cü il tarixdə sorğu verilsə də, həmin sorğuya cavab verilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən heç bir əsas olmadan məhdudiyyət qoyulması səbəbindən iddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlak üzərində sərancam hüququnu həyata keçirə bilmir.

3. Bakı Şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus “X3” markalı Az **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoyulmuş məhdudiyyətlə bağlı DİN BDYPİ X2 baxış keçirilərkən məhdudiyyətin AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qoyulduğu məlum olmuşdur. Odur ki, qeyd edilən avtomobilə məhdudiyyətin hansı səbəbdən qoyulması barədə məlumatı əldə etmək üçün AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməyi məqsədəmüvafiqdir.

4. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən cavabdehə ünvanlanan tarixli məktubda qeyd olunmuşdur ki, 06 may 2015-ci il tarixli, 007/444-1215 saylı məktuba əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində olan AZ ** MX *** dövlət qeydiyyat nişanlı, “X3” minik avtomobilinin üzərinə məhdudiyyət qoyulmuşdur. Bununla əlaqədar olaraq, İddiaçı mülkiyyətində olan AZ ** MX *** dövlət qeydiyyat nişanlı, “X3” minik avtomobilinin üzərinə hansı əsaslarla məhdudiyyət qoyulması barədə məlumat verilməsinə göstəriş verilməsi xahiş edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. “Polis haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 16. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır: 5) yol hərəkəti qaydalarının pozulması və yol nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək; Maddə 20. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır: 3) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq;

10. Azərbaycan Respublikası Baş X5 İdarəsinin rəsmi internet səhifəsindən çıxarışa əsasən Baş X5 İdarəsinin əsas vəzifələri aşağıdakılardır: ...Hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi;... ...Yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi;...

11. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırki iş üzrə çatmaq istədiyi məqsəd mülkiyyətində olan nəqliyyat vasitəsi üzərində qoyulmuş məhdudiyyətin aradan qaldırılmasıdır.

12. Belə olan təqdirdə məhkəmə qeyd edir ki iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq “nəqliyyat vasitəsi üzərində qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbi ilə faktiki olaraq məhdudiyyəti tətbiq edən səlahiyyətli inzibati orqana (Baş X5 İdarəsinə) müraciət etməli, müraciətin təmin olunmasından imtina olunduğu təqdirdə isə müvafiq tələblə məhkəməyə müraciət edə bilər.

13. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar