Məhkəmə qərarları › İş №2-1(112)-5824/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5824/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5824/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 05.06.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun ümumi və güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və arxiv arayışları mövcuddur. Cavabdeh məhkəməyə etiraz təqdim edərək şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajının toplanmadığını, ümumi iş stajının23 il 01 ay 28 gün olduğunu, güzəştli iş stajının isə 10 il 01 ay 25 gün olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür:

1. 01.01.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması;

2. 01.01.2006-cı il tarixədk güzəştli iş stajının toplanmaması. Məhkəmə imtinanın əsaslı olub-olmamasına qiymət verməzdən əvvəl, ümumiyyətlə vətəndaşlara 57 yaşdan güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı şərtlərin olmasını müəyyən etməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 01.01.2006-cı il tarixədək iddiaçının 25 ildən çox ümumi iş stajı olmalı və iddiaçı bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Göründüyü kimi hər iki şərtin, yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi dəlillərə qiymət verilməsi üçün, iddiaçının hərbi, təhsil müddətləri və iş stajı nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının nə qədər olduğunu müəyyən etməlidir. Əvvəla məhkəmə bildirir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 1982-ci ilin sentyabr ayından 29.06.1989-cu il tarixədək Azərbaycan Respublikası Politexnik İnstitunda oxumuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət 01.09.1982-ci il tarixdən nəzərə alınır. Belə ki, sözügedən diplomda təhsil müddətinin başlamasının 1982-ci ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, Məhkəmə iddiaçının təhsil müddətinin 01.09.1982-29.06.1989 dövrü (06 il 09 ay 29 gün) əhatə etdiyi qənaətinə gəlir. Lakin, iş materiallarında olan diplomun və hərbi biletin müqayisəli təhlilindən görünür ki, iddiaçı 08.05.1983-cü il tarixdən 17.05.1985-ci il tarixədək hərbi xidmətdən keçmişdir. Təhsil və hərbi müddətinin üst-üstə düşməsi təkzib olunmaz hal olduğundan, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutur. Həmin maddənin müddəalarına görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır ki, hazırki iddia üzrə iddiaçı məhkəmə icraatı zamanı əmək fəaliyyətini əhatə edən dövrün nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə iddiaçının seçimi əsasında təhsil müddətini nəzərə alır. İddiaçının əmək fəaliyyəti ilə bağlı dövrün ümumi sığorta stajına nəzərə alınması üçün, məhkəmə əmək kitabçasında və arxiv arayışda olar qeydləri birgə təhlil edərək, müəyyən edir ki, iddiaçı: -01.09.1989-cu il tarixdə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir müəssisəsinin Qaynaq və Dəmir avadanlığının tədqiqi üzrə mərkəzi laboratoriyasına metalşunasmühəndisi işinə qəbul olunmuş, 09.09.1992-ci il tarixdə Bakı Qazan-Mexaniki sexinin tökmə qrupuna usta işinə keçirilmiş, 01.06.1994-cü il tarixdə həmin sahəyə rəis vəzifəsinə təyin edilmiş və 15.05.2002-ci ildə öz xahişi ilə işdən azad edilmiş; (12 il 08 ay 15 gün) -16.05.2002-ci il tarixdən 04.11.2002-ci il tarixədək "xxxx" MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexinin Mexaniki Yiğma sahəsində usta vəzifəsində işləmiş; (05 ay 20 gün) -04.11.2002-ci il tarixdən 01.12.2004-cü il tarixədək "xxxx" MMC-də yanacaq donldurma məntəqəsində növbə rəisi vəzifəsində işləmiş; (02 il 28 gün) 01.12.2004-cü il tarixdən 15.05.2020-ci il tarixədək "xxxx" MMC-də yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. (01 il 01 ay 01 gün-01.01.2006-cı il tarixədək) Bundan başqa, məhkəmə bildirir ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının “Səməd Vurğun adına” Sovxozun 4 №-li üzümçülük briqadasında fəhlə və Cəlilabad rayonu Əliqasimli baytar sahə məntəqəsində baytar sanitarı vəzifəsində işləməsi barədə məlumat əks olunmasa da, həmin dövrlər mövcud olan arxiv arayışlarında və əmrlərdə öz əksini tapmışdır. Belə ki, cavabdehin etirazda göstərdiyi hallardan biri də, arxiv arayışın mötəbər sübut kimi qiymətləndirilməməli olması ilə bağlıdır ki, cavabdeh bu nəticəyə gələrkən arayışın məhz hansı sənədlər əsasında tərtib edildiyini mübahisələndirmiş və arayışın mötəbərliyini şübhə altına almışdır. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizə ilə razılaşmır və bildirir ki, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-c maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləlikdə Cəlilabad rayon Baytarlıq İdarəsi tərəfindən təqdim olunmuş arayışdan və əmrlərdə olan məlumatlar əsasında müəyyən olunur ki, iddiaçı 03.11.1980-ci il tarixdən 31.12.1981-ci il tarixədək Cəlilabad rayon Əliqasımlı baytar sahə məntəqəsində baytar sanitarı vəzifəsində işləmiş və həmin əmək fəaliyyətini əhatə edən dövr 01 il 01 ay 28 gün təşkil etmişdir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). İddiaçının sovxozda işlədiyi dövrə münasibətdə isə qeyd olunmalıdır ki, arxiv arayışında iddiaçının 01.09.1980-ci il tarixdən 03.12.1980-ci il tarixədək işlədiyi göstərilsə də, həmin dövrun yalnız 01.09.1980-03.11.1980 hissəsi ümumi sığorta stajına daxil edilir. Belə ki, arxiv arayışından da görünür ki, iddiaçı dekabr ayı üzrə əmək haqqı almamış, həmçinin, 03.11.1980-31.12.1981-ci il dövrlərdə iddiaçı artıq Cəlilabad rayonu Əliqasimli baytar sahə məntəqəsində baytar sanitarı vəzifəsində işləmişdir. Belə olan halda, məhkəmə iddiaçının sovxozda işlədiyi müddətin 01.09.1980-03.11.1980-ci ili əhatə etdiyi qənaətinə gəlir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olmaqla 24 il 6 ay 06 gün (01.09.1980-31.12.1981; 01.09.1982-29.06.1989; 01.09.1989-15.05.2002; 16.05.2002-01.01.2006) təşkil edir.Məhkəmə iddia tələbinə etirazda və imtina məktubunda ümumi iş stajının məhkəmənin müəyyən etdiyi müddətdən artıq olması ilə bağlı əlavə araşdırmanın həyata keçirilməsini, hər bir halda ümumi iş stajının 25 ildən aşağı olması səbəbindən zəruri hesab etmir. Göründüyü kimi, hətta cavabdeh tərəfindən mübahisələndirilən dövrlər sığorta stajına daxil edilsə belə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş həddə ümumi staj toplamamış, bununla ümumi staj ilə bağlı şərt ödənilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi ilə yanaşı, həmçinin güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, "xxxx" ASC tərəfindən verilmiş arxiv arayışlarında zidiyyətli məqamlar olmuşdur ki, bunlar iddiaçının güzəştli iş stajının nə qədər təşkil etməsi ilə bağlı olmuşdur. Belə ki, işin xarakteri haqqında arxiv arayışında iddiaçının güzəştli pensiya üçün nəzərdə tutulmuş iş stajının 12 il 06 aydan (13 il 02 ay 03 gün) çox olduğu göstərilmiş, məhkəmə sorğusuna cavab məktubunda isə bunun əksi, yəni stajın 10 il 01 ay 25 gün olduğu qeyd olunmuşdur. Məhkəmə hər iki arayışı iddiaçının əmək fəaliyyəti göstərdiyi dövrlər ilə birgə təhlil etdikdə müəyyən edir ki, iddiaçının güzəştli iş stajına yalnız 09.09.1992-04.11.2002-ci il dövrü daxil edilir ki, həmin dövrdə iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li Siyahısının Xİİİ fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000b-23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların və 2140000b-24125 saylı şifrəsinə əsasən isə rəislərin işi vəzifəsinə uyğun olmuşdur. İlkin arayışda iddiaçının 01.09.1989-cu il tarixdən 09.09.1992-ci il tarixədək "xxxx" Dövlət mərkəzi laboratoiyasında metalşünas-mühəndis vəzifəsində işlədiyi dövr nəzərə alınmışdır ki, həmin vəzifə ümumiyyətlə güzəştli pensiya hüququ verən Siyahıda nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının 01.09.1989-cu il tarixdən 09.09.1992-ci il tarixədək "xxxx" Dövlət mərkəzi laboratoiyasında işlədiyi “metalşünas-mühəndis” vəzifəsinin zərərli olmamasını təsdiq edən digər arqument odur ki, həmin vəzifə həmçinin “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin” Siyahısında belə nəzərdə tutulmamışdır. Qeyd olunan hallar ona dəlalət edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 10 il 01 ay 25 gün təşkil etmişdir ki, bununla da güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. Məhkəmə, qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun tələbləri baxımından şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın qanuniliyini müəyyən etməklə yanaşı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1ci maddəsinin 01.01.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən də iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Həmin maddənin qüvvədə olan redaksiyasından göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən maddənin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasından isə göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun ilə də 57 yaşdan şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təsbit edilmişdir. Maddənin həmin dövrdə qüvvədə olmuş tələbinə əsasən üç şərtin 01.07.2017-ci il tarixədək mövcudluğu şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi əsası hesab edilmişdir ki, qeyd olunan şərtlər şəxsin 57 yaşına çatması, 25 il sığorta stajına malik olması və 12 il 6 ay yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışması ilə bağlıdır. Göründüyü kimi hər üç şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən də müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının 57 yaşı 01.07.2017-ci il tarixdən sonra, 05.06.2020-ci il tarixdə tamam olmuşdur. Beləliklə, iddiaçı 01.07.2017-ci il tarixədək 57 yaşına çatmadığından ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən də 57 yaşdan güzəştli şərtlərlə pensiya təyini istisna olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar