Məhkəmə qərarları › İş №2-1(112)-5826/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5826/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5826/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 538-K №-li qanunsuz əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi ilə məcburi buraxılmış iş müddətinə görə əmək haqqının və 9 məzuniyyət gününə görə əmək haqqından tutulan 427 manatın ödənilməsi ilə, həmçinin, onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, yəni mediasiyaya və məhkəməyə müraciəti ilə bağlı çəkdiyi 200 manat xərclərinin, cəmi isə 627 manatın ona qaytarılması öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixindən başlayaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində ilk əvvəl Turizm şöbəsi Turizmdə kütləvi elektron informasiya vasitələrinin tətbiqi sektorunun məsləhətçisi vəzifəsində, sonda isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsində Xalq yaradıcılığı sektorunun baş məsləhətçisi, dövlət qulluğunun kiçik müşaviri vəzifəsində uğurla, qüsursuz və rəhbərlik tərəfindən fərqlənmə ilə son zamanadək işləmişdir və, vəzifə borcunu hər zaman vicdanla icra etmişdir. Lakin, cavabdeh, xx.xx.2021-ci il tarixli 538-K saylı əmrlə, Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü maddəsinə əsasən, Nazirliyin aparatının yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi ilə dövlət qulluğçuların sayı və ştatların ixtisarı ilə əlaqədar, onun dövlət qulluğuna xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, iddia ərizəsinə etiraz edir, iddianın dəlillərini əsassız hesab edir və iddiaya qarşı etirazlarını aşağıdakı formada ifadə edirlər. İddiaçı Bəhrəm qızı ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xx.xx.2006-cı il tarixli 497k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin kütləvi elektron informasiya vasitələrinin tətbiqi sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmiş, sonradan Nazirlikdə həyata keçirilmiş struktur dəyişiklikləri ilə əlaqədar digər vəzifələrə keçirilmiş, sonuncu dəfə xx.xx.2018-ci il tarixli 40k nömrəli əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin xalq yaradıcılığı sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2021-ci il’tarixli 538k nömrəli əmrinə əsasən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 6 avqust 2021-ci il tarixli 87-f nömrəli əmrinə əsasən İddiaçı Bəhrəm qızının dövlət qulluğuna 11 noyabr 2021-ci il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 6 avqust 2021-ci il tarixli 87-f nömrəli əmri əsasında Mədəniyyət Nazirliyində müvafiq struktur islahatı həyata keçirilmiş, iddiaçının işlədiyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi ləğv edilmiş, şöbənin əməkdaşlarına, o cümlədən hazırki iş üzrə İddiaçı Nazirliyin strukturuna daxil olan qurumlar üzrə öz ixtisasına uyğun vəzifələr təklif edilmiş, lakin sonuncu ona edilmiş təklifləri qəbul etməmişdir. Bundan sonra iddiaçının 2 il müddətində Mədəniyyət Nazirliyində ehtiyat kadr kimi saxlanılması və ixtisasına uyğun vakant dövlət qulluğu vəzifəsi mövcud olduğu təqdirdə, iddiaçıya təklif edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2022-ci il tarixli271-K №-li (onun aparıcı məsləhətçi vəzifəsinə təyin edilməsi barədə) əmrin surətini təqdim edərək ,məhkəmədən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək məhkəmədən iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2 izahatında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərrbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2022-ci il tarixli 271-K №-li əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin ehtiyat kadrlar siyahısına daxil edilmiş “Dövlət qulluğunun kiçik müşaviri” İddiaçı 20 iyun 2022-ci il tarixdən Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin strateji inkişaf sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar