Məhkəmə qərarları › İş №2-1(112)-5826/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5826/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5826/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik Südçülük sovxozunun 28 №-li, 21 may 2003-cü il tarixli əmrinə əsasən fərdi mənzil tikintisi üçün 2.0130 saylı kodla nəzərdə tutulmuş ərazidən X6 0,20 hektar torpaq sahəsi ayrılmışdır. X8 torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və evə dair hüquqları dövlət reyestrində qeydə alınmışdır. Abşeron rayon 1 saylı DNK-da təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 247582№-li alqısatqı müqaviləsinə əsasən X1 rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən 2000.0 kv.m torpaq sahəsində inşa edilmiş 12.0 kv.m, İ otaqdan ibarət olan yaşayış sahəsini İddiaçı (bundan sonra – iddiaçı) satmışdır. Sahəsi 12.0 kv.metrdən ibarət olan bir otaqdan obarət fərdi yaşayış evinə dair iddiaçının adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 1556 İnventar nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Fərdi yaşayış evinə dair X5 tərəfindən Texniki Pasport tərtib edilmişdir. İddiaçı 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, təqdim edilmiş sənədlər surətdir və təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən, həmçinin təqdim olunmuş texniki pasportda əksini tapan fərdi yaşayış evi faktik mövcud olmadığından sanədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını və dövlət reyestri xidmətindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi AR Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsi tərəfindən xx.xx.2003-cü il tarixli 28 saylı əmri ilə vət. X6 verilmiş, sonradan qanuni əsaslarla ona satılmışdır. Alqı-satqı rəsmi qeydiyyat vəsiqəsi ilə aparılmış və dövlət reyestrində qeydə alınaraq texniki pasport da verilmişdir. Hazırda neçə müddətdir ki, torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar rəsmiləşdirilmə aparılmasına çalışır və müəyyən problemlərlə üzləşmişdir. Əmlak uzun illərdir sərəncamındadır. Onun barəsində heç bir məhkəmə mübahisəsi yoxdur, üçüncü şəxslərin iddiasından azad əmlak hesab olunur. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik Südçülük sovxozunun 28 №-li, 21 may 2003-cü il tarixli əmrinə əsasən X6 0,20 hektar həyətyanı torpaq sahəsi ayrılmış, sonuncu torpaq sahəsində fərdi yaşayış evi inşa etdirərək mülkiyyət hüququnu qeydə aldırmış və xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Fərdi yaşayış evinə dair iddiaçının adına qeydiyyat vəsiqəsi verilsə də, torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınamışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının hüquqi marağı torpaq sahəsinə mülkiyyət hüququnu qeydə aldırmağa yönəlmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçının qeyd edilən normada hüquqmüəyyənedici sənədə malik olması işin mübabisələndirilməyən halıdır. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir. Cavabdeh imtina məktubunda iddiaçının təqdim etdiyi sənədlərin surət olmasına istinad etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının iddia ərizəsinə həmin sənədlərin notarial qaydada təsdiq edilmiş surətini əlavə etmiş, həmçinin məhkəmə sorğusuna cavab olaraq torpaq sahəsinin ilkin mülkiyyətçisinə və iddiaçıya aid sənədlər cavabdeh İdarə tərəfindən arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. Həmçinin iş materiallarında torpaq sahəsinin ayrılmasına dair məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 məhkəməyə torpaq ayrılmasına dair əmr təqdim edilmişdir. Hazırkı mübahisə torpaq sahəsinin yerləşməsi ilə bağlıdır. Belə ki, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddia tələbinin rədd olunmasının xahiş edir: 1) təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilməmişdir; 2) təqdim olunmuş texniki pasportda əksini tapan fərdi yaşayış evi faktik mövcud deyil. Məhkəmə cavabdehin birinci imtina dəlili ilə bağlı qeyd edir ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinin ölçülərini və qonşu sahələr ilə sərhədlərini müəyyən etməyə imkan verən yerləşmə cizgisi tərtib edilmişdir. Bundan başqa cavabdeh İdarə tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, İdarənin mütəxəssisləri torpaq sahəsinə baxış keçirmiş və iddiaçı tərəfindən göstərilən ərazinin texniki pasporta uyğun gəldiyi bildirilmişdir. Həmçinin müayinə aktına torpaq sahəsinin faktiki yerləşməsini müəyyən etməyə imkan verən koordinatlar əlavə edilmişdir. Belə olan halda torpaq sahəsinin faktiki olaraq naturada yerləşməsi müəyyən edilir. Məhkəmə cavabdehin ikinci dəlili ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsində həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, sonradan iddia tələbinin həcmini azaldaraq yalnız torpaq sahəsinə mülkiyyət hüququnu qeydə alınmasını xahiş etmişdir. Belə olan halda, fərdi yaşayış evinin mövcud olmaması barədə imtina əsası aradan qalxmışdır. Göründüyü kimi, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı imtina əsası yoxdur. Odur ki, iddia tələbi təmin edilməli və torpq sahəsinə mükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi üvanında yerləşən sahəsi 0,20 ha olan, torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alıması və dövlət reyestindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar