Məhkəmə qərarları › İş №2-1(112)-5827/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5827/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5827/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Ərəstun oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ərəstun oğlunun cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "medalın verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ərəstun oğlu məhkəməyə ərizə müraciət edərək medalın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tərxis olunduğu vaxtdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı olmuşdur. Buna baxmayaraq, o, qanunvericilikdə nəzərdə tutulmuş medal ilə təltif olunmamışdır. İddiaçı həmin medalın verilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh qismində müəyyən edilməsini və iddia tələbinin “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnaməyə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının verilməsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.02.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən edilməsi, iddia tələbinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnaməyə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının verilməsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hazırkı inzibati mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdi və işə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinin məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə inzibati orqanla (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) hərbi qulluqçular arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin məzmunundan da göründüyü kimi inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteran olması səbəbi ilə ona “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamədə nəzərdə tutulmuş medalın verilməsini xahiş edir. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələb inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmuşdur ki, qanunverici bu cür mübahisələrdə məhkəmə aidiyyətini müəyyən edərkən bunu iddiaçının yaşayış yerindən asılı etmişdir. Nəzərə alınmalıdır ki, şəxsin “yaşayış yeri” dedikdə şəxsin qeydiyyatda olduğu yer başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun müddəalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (1-ci maddə) İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçının qeydiyyat ünvanı Biləsuvar rayonu ərazisində yerləşir. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.3-cü maddəsində göstərilən (iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə, eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, AR İPM-nin 8.1.2-ci maddəsinə görə də hazırkı iddiaya baxılmasında Bakı İnzibati Məhkəməsi səlahiyyəti olmayan məhkəmə hesab edilir. Belə ki, həmin maddənin tələbinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Digər tərəfdən nəzərə alınmalıdır ki, hazırki tələb İPM-nin 2.2.3-cü maddəsinin əhatə dairəsinə düşməklə, öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və cavabdeh birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan hesab edildiyindən, mübahisəyə baxılması iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Şirvan İnzibati Məhkəməsidir. Belə ki, iddiaçının qeydiyyatda olduğu və yaşadığı yer Biləsuvar rayonu inzibati ərazi vahidinə aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Biləsuvar rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar