Məhkəmə qərarları › İş №2-1(112)-5827/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5827/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5827/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayonu X14 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 18 saylı qərarı ilə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 16 saylın evin 11 saylı mənzilin mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadıiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Qaradağ rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1987-cı il tarixli 18 saylı qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsi, 16 saylı evin, ümumi sahəsi 72,0 kv.m olan 9 saylı və 11 saylı mənzili X8 mənzil növbəsindən çıxarılmamaq şərti ilə kirayə verilmişdir. X13 1990-cu ildə Qaradağ rayon XDS İK-nın razılığı ilə həmin 16 saylı evin 11 saylı mənzilini oğlu X4 vermişdir. 1990-cı ildən hazırki vaxta qədər iddiaçılar həmin mənzilə sahiblik və istifadə edir, təmir, kommunal xərclərini ödəyir. İddiaçının qayınatası X13 25 fevral 2017-ci ildə vəfat etmişdir. Həyat yoldaşı X11 20 dekbar 2019-cu ildə vəfat etmişdir. İddiaçının qayınatası mənzilə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı əri X3 ölümü ilə əlaqədar miras əmlaka dair vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsi məqsədilə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi üçün mərhum X7 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə mərhumun adına arayış verilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh göstərilən arayışın verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuzdur və hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 16 saylı evin, 11 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilin daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə (vərəsəlik dairəsinin müəyyən olunması barədə müvafiq notariat ofisinin məktubu əlavə olunmaqla və qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) . “ASAN Xidmət” Mərkəzlərinə müraciət edəcəyi təqdirdə məktubda qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Qaradağ rayon XDS İK-nın 18 saylı, xx.xx.1986-cı il tarixli qərarı ilə X13 mənzil növbəsindən çıxarılmamaq şərti ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 16 saylı evin, ümumi sahəsi 72.0 kv.m. olan 9 saylı və 11 saylı mənzilin kirayəçisi hesab olunmuşdur. Əlavə olaraq bildirilir ki, Qaradağ rayon XDS İK-nın 18 saylı, xx.xx.1986-cı il tarixli qərarında Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 16 saylı evin, ümumi sahəsi 72.0 kv.m. olan 9 saylı və 11 saylı mənzili qeyd olunsada, İdarənin mütəxəssisləri tərəfindəı daşınmaz əmlaka texniki baxış keçirilən zaman vətəndaş tərəfindən göstərilən mənzilir ümumi sahəsi 45.4 kv.m olan 2 (iki) otaqlı 11 saylı mənzil olduğu müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhər Qaradağ rayon X14 İcrayyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 18 saylı qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 16 nömrəli evin 11 saylı mənzilin mərhum qaynatası X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. Müvafiq iddia tələbinə dair İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı notariat ofisi ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş **********85 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mərhum X5 vərəsələrindən birinin Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 16 saylı evin, 11 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilin daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə (vərəsəlik dairəsinin müəyyən olunması barədə müvafiq notariat ofisinin məktubu əlavə olunmaqla və qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edəcəyi təqdirdə məktubda qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Qaradağ rayon XDS İK-nın 18 saylı, xx.xx.1986-cı il tarixli qərarı ilə X13 mənzil növbəsindən çıxarılmamaq şərti ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 16 saylı evin, ümumi sahəsi 72.0 kv.m. olan 9 saylı və 11 saylı mənzilin kirayəçisi hesab olunmuşdur. Əlavə olaraq bildiririk ki, Qaradağ rayon XDS İK-nın 18 saylı, xx.xx.1986-cı il tarixli qərarında Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 16 saylı evin, ümumi sahəsi 72.0 kv.m. olan 9 saylı və 11 saylı mənzili qeyd olunsada, İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsi 45.4 kv.m olan 2 (iki) otaqlı 11 saylı mənzil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən isə Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Belə ki, İdarə qeyd olunan məsələ ilə bağlı inzibati aktın qəbulundan imtina etməmiş və ya hər hansı hərəkətsizlik nümayiş etdirməmişdir. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 nömrəli Fərmanının 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.7.1-5.7.4-cü bəndlərinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, torpaq sahəsinin planının və ölçüsünün verilməsi, daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi, daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi, daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi, yerquruluşu planının verilməsi, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, ünvan reyestri məlumat bazasından arayışların verilməsi, ünvan xəritələrindən çıxarışların verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilir.

5. Qaradağ Rayon X6 İcraiyyə Komitəsinin “Azad olunmuş fonddan komitə evlərində mənzillərin verilməsi” xx.xx.1986-cı il tarixli, 18 nömrəli Qərara əsasən X2-Daş qəsəbəsində ev 16, mənzil 9-da 44 kv.m. sahədə yaşayır. 1978-ci ildən mənzil qeydiyyatındadır. 8 oktyabr 1985-ci il tarixində Qaradağ XDS rəhbərliyinin və peşəkar komitəsinin birgə iclasının qərarı ilə Qasımov X.A. üçün yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə qonşuluqda boşalmış, Qızıl-Daş qəsəbəsi, ev 16 ünvanında yerləşən 28 kv.m sahəyə malik iki otaqlı 11 №-li mənzil ayrılmışdır. X5 ailəsi üçün 15 nəfərdən ibarət iki otaqlı mənzilin ayrılması barədə Qaradağ DMK-nin qərarı təsdiq edilmişdir. X2-Daş qəsəbəsində yerləşən, ev 16, mənzil 9 və 11 olan ümumi sahəsi 72 kv.m olan iki mənzilin kirayəçisi hesab edilmişdir.

6. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/7-12-515/2024 nömrəli 18 aprel 2024-cü il tarixli Arayışa əsasən X12 xx.xx.2017-ci ildə ölmüşdü. Ölüm haqqında 07 mart 2017-ci il tarixli 118 №-li akt qeydi tərtib olunmuşdur (ölümün səbəbi: Baş beyin insultu).

7. JQ-388429 nömrəli Nikahın Bağlanması haqqında Şəhadətnaməyə əsasən X11 və X9 arasında xx.xx.1987-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir.

8. AZ-İİ 042997 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X11 xx.xx.2019-cu il tarixdə sol mədəcik çatmamazlığı səbəbilə ölmüşdür.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən mənzil 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir, blok-2, soldan 2-ci qapı (binanın girişi sağ tərəfdən başlayır).

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddi tələbinin təmin edilməsini xahiş etməmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. X15 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

20. X21 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

22. “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Qaradağ Rayon X6 İcraiyyə Komitəsinin “Azad olunmuş fonddan komitə evlərində mənzillərin verilməsi” xx.xx.1986-cı il tarixli, 18 nömrəli Qərarına əsasən X2-Daş qəsəbəsində ev 16, mənzil 9-da 44 kv.m. sahədə yaşayır. 1978-ci ildən mənzil qeydiyyatındadır. 8 oktyabr 1985-ci il tarixində Qaradağ XDS rəhbərliyinin və peşəkar komitəsinin birgə iclasının qərarı ilə Qasımov X.A. üçün yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə qonşuluqda boşalmış, Qızıl-Daş qəsəbəsi, ev 16 ünvanında yerləşən 28 kv.m sahəyə malik iki otaqlı 11 №-li mənzil ayrılmışdır. X5 ailəsi üçün 15 nəfərdən ibarət iki otaqlı mənzilin ayrılması barədə Qaradağ DMK-nin qərarı təsdiq edilmişdir. X2-Daş qəsəbəsində yerləşən, ev 16, mənzil 9 və 11 olan ümumi sahəsi 72 kv.m olan iki mənzilin kirayəşisi hesab edilmişdir.

27. Məhkəmə müəyyən edir ki, iddiaçı mərhum mülkiyyətçinin (mərhum oğlunun) varisidir və müayinə aktından görünür ki, mənzil fakiki olaraq 11 saylı mənzilən ibarətdir.

28. Məhkəmə hesab edir ki, Qaradağ Rayon X6 İcraiyyə Komitəsinin “Azad olunmuş fonddan komitə evlərində mənzillərin verilməsi” xx.xx.1986-cı il tarixli, 18 nömrəli Qərarı mərhum X5 mənzilə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X21 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

29. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, mərhum X5 ona verilmiş fərdi yaşayış evinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X21 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 11 saylı mənzilin mərhum X7 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar