Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5828/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.10.2021-ci il tarixli 295ş/h-016-21 №li əmrin ləğv edilərək, işə bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 03 noyabr 2020-ci il tarixdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə tabe olan Komendant xidmətinin polis nəfəri vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi dövrdə heç bir nöqsanı olmamışdır. Rəisləri tərəfindən verilmiş tapşırıqları qüsursuz yerinə yetirmişdir. 20 oktyabr 2021-ci il tarixdə təxminən saat 23:00 radələrində qardaşı X3 ilə yaşadıqları ünvan 1 ünvanında yerləşən “Kosmos” yaşayış binasında olan evlərinə qayıtdıqda, qardaşının avtomaşını nasaz olduğu ücün həyətdə xoşagəlməz səs çıxarmış və bu həyətdə oturmuş qonşuların xoşuna gəlmədiyi üçün, qardaşı ilə qonşular arasında mübahisə olmuşdur. O, aranı sakitləşdirmək istəyərkən, qonşular tərəfindən qolundan tutularaq, kənara itələnmiş, bundan sonra qolu ağrıdığı üçün kənarda oturub mübahisəyə müdaxilə etməmişdir. Daha sonra post patrul xidmətinin əməkdaşları gələrək onu və qardaşını 17-ci polis bölməsinə aparmışlar. Bölmədə də araşdırılma aparılmış və onun heç bir günahı, mübahisə ilə bağlı iştirakı olmadığı öz təsdiqini tapmış və qonşular da bunu təsdiq etmişdir. Onların qonşuları ilə aralarında olan mübahisə barışıqla bitmişdir. Hadisənin ertəsi gün onun qolu ağrıdığı üçün işə gedə bilməmiş və bu barədə məlumat vermişdir. Sonra İdarəyə gedərək, yazılı izahatını vermişdir. İzahatını aldıqdan sonra heç bir araşdırma aparılmadan, onu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 28.10.2021-ci il tarixli 295ş/h-013-21 nömrəli əmri ilə “X2 Xidmət keçmə haqqında Əsasnamə”nin 135.9-cu maddəsinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) vəzifədən xaric edilmişdir. Hesab edir ki, 295ş/h-013-21 nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, polisin adına ləkə gətirən heç bir hərəkət etməmişdir. Həmin hadisə günü onun iş günü olmayıb və mülki geyimdə olmuşdur. Polisin adından heç bir istifadəyə yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 18.03.2022-ci il tarixli iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, 20.10.2021-ci il tarixdə İddiaçı “Daxili İşlər orqanları əməkdaşlarının X5”nin tələblərinə zidd olaraq saat 23:50 radələrində xidmətdən kənar vaxtı qəbul etdiyi spirtli içkinin təsiri altında idarə etdiyi avtomobillə yaşadığı binanın həyətinə daxil olarkən sərt tormozlama etməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlərə yol vermişdir. Sabiq polis kiçik serjantı İddiaçı bu hərəkəti sakinlər tərəfindən ciddi narazılıqla qarşılandığından ona bununla əlaqədar haqlı etirazlar bildirilsə də, o, bundan lazımı nəticə çıxarmaq əvəzinə vətəndaşlarla lüzumsuz mübahisə edərək, əlbəyaxa dava etmiş və nəticədə özü ciddi bədən xəsarəti almışdır. Fakt iddiaçı tərəfindən verilmiş izahatda öz əksini tapmışdır. Aparılmış müvafiq xidməti araşdırmalar zamanı qeyd olunan ərazidə quraşdırılmış ictimai-iaşə obyektlərinin müşahidə kameralarında qeydə alınmış videogörüntülərə baxış keçirilərkən İddiaçı etik davranış qaydalarını kobud şəkildə pozması faktı təsdiqini tapmışdır. İddiaçının, hərəkətləri daxili işlər orqanları əməkdaşlarının adına ləkə gətirdiyinə görə “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq X2 xidmətdən xaric edilmişdir. İddiaçının “28.10.2021-ci il tarixli 295ş/h-016-21 saylı əmrin ləğv edilməsi” tələbi əsassızdır və işdə olan sübutlarda bu öz əksini tapmışdır. Qeyd olunanların nəzərə alınmaqla cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş 10.05.2022ci il tarixli iddia tələbinə dair etirazda göstərilmişdir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmışdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibatı mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasım nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-nin; 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35-ci maddəsinin təfsirinə görə inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibatı aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Etiraza əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr 11 noyabr 2021-ci il tarixdə iddiaçıya elan olunmuş, İddiaçı məxsus hərbi bilet və əmək kitabçası ona təqdim olunmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 12.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı xidmətdən xaric edilməyi barədə əmrin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmə qaydasında mübahisələndirməmiş, iddia müddətini ötürmüşdür. Qeyd olunanların nəzərə alınmaqla cavabdeh iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, mübahisələndirilən əmrin hazırki vaxtadək rəsmi qaydada ona təqdim olunmadığından, əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmədiyinin və iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla və iddianın mümkün sayılmaqla, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dair etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəisi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli, 016-126441-1121 nömrəli yazılı göstərişdən görünür ki, 20.10.2021-ci il tarixdə DİN-in Baş X7 İdarəsinə bilavasitə tabe olan Komendant xidmətinin polis nəfəri İddiaçı yaşadığı ünvanda vətəndaşlarla mübahisəli vəziyyət yaradaraq, etik davranış qaydalarını pozması faktı ilə bağlı araşdırma aparılması tapşırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Təhqiqat-inspektor şöbəsinin “DİN-in Baş X7 İdarəsinə bilavasitə tabe olan Komendant xidmətinin polis nəfəri İddiaçı barəsində aparılmış xidməti araşdırmanın nəticəsi haqqında” 27.10.2021-ci il tarixli rəyindən görünür ki, DİN-in Baş X7 İdarəsinə bilavasitə tabe olan Komendant xidmətinin polis nəfəri İddiaçı “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X2 xidmətdən xaric olunmayadək ciddi intizam tənbehinə layiq olması təklif olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Ə184-016-21 nömrəli, 27.10.2021-ci il tarixli əmrinin təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan əmrlə DİN-in Baş X7 İdarəsinə bilavasitə tabe olan Komendant xidmətinin polis nəfəri İddiaçı “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X2 xidmətdən xaric olunması əmr edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etiraza əlavə edilmiş 11.11.2021-ci il tarixli qəbzlərin (2 qəbz) təsdiq olunmuş surətlərindən müəyyən olunur ki; - DİN BDYPİ-in Komendant xidmətinin polis nəfəri İddiaçı 11.11.2021-ci il tarixdə imzası ilə təsdiq etmişdir ki, 28 oktyabr 2021-ci il tarixli Ə295ş/h nömrəli əmr ona elan olunmuş, Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 11.11.2021-ci il tarixdə bildiriş göndərildiyi, SX seriyalı ******* №li hərbi bileti ona təqdim olunmaqla, 7 gün müddətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (müvafiq olaraq rayon və ya şəhər şöbəsinə) getməyinin zəruri olduğu ona izah olunmuşdur. - İddiaçı özünə məxsus olan 118038 nömrəli əmək kitabçasını, 125229 nömrəli diplom və ******* №li hərbi bileti Baş X7 İdarəsinin kadrlar şöbəsindən imza etməklə götürmüşdür. İddiaçıya məxsus 118038 №li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 03.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının daxili işlər orqanlarına xidmətə daxil omuş və 28.10.2021-ci il tarixdən (28.10.2021-ci il tarixli 295ş/h-016-21 №li əmr) X2 xidmətdən xaric olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən BDYPİ tərəfindən İddiaçı ünvanlanmış 24.11.2021-ci il tarixli 016-134346M-3221 №li məktubda sonuncuya bildirilmişdir ki, “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən DİN-nin BDYPİ-nin müvafiq əmri ilə X2 xidmətdən xaric edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9265/2021 №li 15.12.2021-ci il qərardadından müəyyən olunur ki, İddiaçı “əmrin ləğv olunması və işə bərpa olunması”na dair iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia ərizəsinin iddianın yolverilməzliyi əsası ilə qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı 295ş/h-016-21 nömrəli, 28.10.2021-ci il tarixli əmrinin ləğvi və işə bərpa olunma tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “Azərbaycan Respublikasının X2 xidmət keçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə əsasən xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, X2n xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmr barəsində 11.11.2021-ci il tarixdə rəsmi qaydada məlumat almış, həmin əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüş, yalnız əmri aldığı gündən 2 (iki) ay sonra, yəni 11.01.2022-ci il tarixdə iddia ərizəsini məhkəməyə göndərilməsi üçün surətli poçt xidmətinə təqdim etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisələndirilən əmri rəsmi qaydada almadığını bildirsə də, məhkəmə qeyd olunan dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, iddaçının yenidən xidmətə qəbul olunmasına dair müraciətinə cavabdeh inzibati orqanın 24.11.2021-ci il tarixli məktubu ilə müvafiq cavab verilmiş, Binəqədi Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli qərardadı ilə isə əmrin ləğv olunmasına dair iddiasının qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan da yalnız 27 gün keçdikdən sonra hazırki iddia ərizəsini poçta təqdim etmiş və bu zaman heç bir üzürlü səbəb göstərməmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5828/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5828/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver