Məhkəmə qərarları › İş №2-1(112)-5828/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5828/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5828/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasından kənar qaydada baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********145000 nömrəli və Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********697200 nömrəli qərarlarının ləğv edilməsinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3002/2023 qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********145000 nömrəli və Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********697200 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati işin ərazi aiddiyyətini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsaslanaraq cavabdeh Dövlət Vergi Xidmətinin və 9 saylı Ərazi Vergilər Baş İdarəsinin ərazi yurisdiksiyasının birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu əsas götürərək inzibati işi iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri üzrə Bakı İnzibati Məhkəməsinə göndərmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi məsələsi prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün müəyyən olunmamışdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********697200 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçıya 2022-ci il iyun ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********697200 nömrəli qərarından subordinasiya baxımından yuxarı inzibati orqan (şikayət instansiyası) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət vermiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********145000 nömrəli, 14 avqust 2023-cü il tarixli Qərarı ilə inzibati şikayətləri təmin edilməmiş və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********697200 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İnzibati Prosessual Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Məhkəmə İPM-in 32.2.1-ci maddəsinə əsasən hesab edir ki, şikayət instansiyasının qərarı ilə iddiaçı barəsində vergi hesablanmasına əsas olmuş əliverişsiz inzibati akt dəyişdirilmədən saxlanıldığından, hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh qismində Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi olmaqla, həmin idarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********697200 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: -8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; -8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, ərazi aidiyyəti ilə bağlı xüsusi qayda yuxarıda qeyd edilən 8.1.1-8.1.3-1-ci maddələrdə nəzərdə tutulmuşdur. Qeyd edilən normaların təsir dairəsinə düşmədiyi hallarda iddia tələbi üzrə ərazi aidiyyəti ümumi qaydaya görə müəyyən olunur, yəni iddia tələbinə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM-in 8.1.4-cü maddəsi). Hazırkı işdən müəyyən olunur ki, məhkəmə ərazi aidiyyəti üzrə İPM-nin 8.1.2-ci maddəsinə əsasən iddiaçının yaşayış yerinin (qeydiyyatda olduğu) yerləşdiyi yerin deyil, 8.1.4-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırkı iddia tələbi üzrə cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin ünvanı ünvan 1 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.1-ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş üzrə səlahiyyətli məhkəmə Bakı İnzibati Məhkəməsi deyil, Şəki İnzibati Məhkəməsidir. Odur ki, məhkəmə inzibati iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, İPM-in 9.1 və 9.1.3-cü maddələrinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə inzibati iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar