Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5829/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “üç otaqlı, təmirli, əmlakla təchiz edilmiş mənzil verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2 otaqlı mənzil verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5829/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “cavabdeh tərəfindən 3 otaqlı, təmirli, əmlakla təchiz edilmiş mənzil verilməsi öhdəliyin cavabdehə həvalə olunması barədə qərar qəbul olunması” kimi icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, 1991-ci ildən 2-ci qrup əlildir, 67 yaşı var. 1997-ci ilin iyul ayından Xətai rayon İcra Hakimiyyətində güzəştli siyahıda mənzil növbəsindədir. Ali təhsil aldıqdan sonra vətəninə qayıtmaq mümkün olmadığından məskunlaşmamış Ermənistan qaçqınıdır. Həm əlil olduğuna, həm də məskunlaşdırılmamış ermənistanlı qaçqın olduğuna görə azı 25 il bundan ona növbədənkənar mənzil verilməli idi. Sığınacaq yeri yoxdur, müavinətləri 1992-ci ildən bəri ödənilmir, borc hesabına kirayə qalır. Xətai rayon Polis İdarəsinin inzibati binasından pasport qeydiyyatından çıxarılmışdır. İddiaçıya 10 iyul 2024-cü il tarixli məhkəmə iclasında hüquqi yardım edilərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra-“İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbinə məhkəmə tərəfindən artıq hüquqi qiymət verildiyindən eyni tələbə yenidən baxıla bilməz. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “növbədənkənar mənzilin verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Tələb edilən mənzilə dair otqaların sayının dəyişdirilərək yenindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi isə iddia tələbini fərqli tələb kimi qiymətləndirməyə əsas verməməkdədir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə müəyyən olunur ki, iddiaçı eyni məzmunlu iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13114/2023 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. Qərar qanuni qüvvəsini almışdır. İddiaçının tələbi iki otaqlı mənzilin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddiaçı üç otaqlı, təmirli, əmlakla təchiz edilmiş mənzil verilməsi öhdəliyin cavabdehə həvalə olunmasını tələb etməkdədir. Məhkəmə hesab edir ki, tələb edilən mənzilin otaqlarının sayının və ya texniki göstəricilərinin iddia ərizəsində fərqli göstərilməsi, iddiaya başqa tələb xarakteri verməməkdədir və iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmənin icraatında artıq eyni iddia tələbinə dair iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri izah edilmiş və dinlənilmə hüququ təmin olunmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbinə artıq inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “üç otaqlı, təmirli, əmlakla təchiz edilmiş mənzil verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2.
Məhkəmə qərarları › İş №2-1(112)-5829/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5829/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver