Məhkəmə qərarları › İş №2-1(112)-5831/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5831/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5831/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X6 və X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab eilərək mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 62 ünvanında yerləşən 16 saylı mənzilindən X2 və X3 pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19.04.2021-ci il tarixli, 2-1(112)-5831/2021 nömrəli qərardadı ilə X6 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təqdim edərək mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 62 ünvanında yerləşən 16 saylı mənzilindən X4 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə olunan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 62 ünvanında yerləşən 16 saylı mənzili üçüncü şəxs olan X1 13.01.2015-ci il tarixində AN-İ № ******* nömrə ilə qeydə alınan alqı-satqı müqaviləsi ilə pulunu ödəyərək almış və həmin mənzil 23.01.2015-ci il tarixli, ********** qeydiyyat nömərə ilə qeydə alınan RX№ 059848 nömrəli çıxarış ilə onun mülkiyyətindədir və həmin evdə hazırda ailəsi ilə birlikdə yaşayır. Mübahisəli mənzili üçüncü şəxs olan X1 almışdır. Hazırda qeydiyyatda çıxarmaq istədiyi şəxlər onun mənzilinin keçmiş mülkiyyətçisi və onun ailə üzvləridir. Üçüncü şəxslər alqı-satqı zamanı hazırda onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürsələr də pasport qeydiyyatından çıxmamış və hazırda da qeydiyyatda qalmaqdadır. Üçüncü şəxslər alqı-satqı olunan tarixdən mülkiyyətində olan mənzildə yaşamırlar və qeydiyyatda olması formal xarakter daşıyır. Bütün bu səbəblərdən də hesab edir ki, üçüncü şəxslər onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır. Ona görə də üçüncü şəxslər ona məxsus olan evdən qeydiyyatdan çıxarılmalıdırlar. Cavabdehə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün rəsmi müraciət etmişdir. Lakin cavabdeh ərizəsinə rəsmi imtina etmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onlarınn iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə 23.01.2015-ci il tarixdən İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 08.04.2021-ci il tarixli arayışından görünür ki, 04.01.1996-cı ilə təvəllüdlü X8 və 04.06.1963-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 06.07.2021-ci il tarixli arayışından görünür ki, 04.01.1996-cı ilə təvəllüdlü X8 ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri, 12 saylı Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 1403 №-li, 05.05.2021-ci il tarixli məktuba əlavə edilmiş 4Ə-29 №-li notariat işinin materiallarından görünür ki, AN-İ ******* №-li, 13.01.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 47,05 kv.m. olan 3 otaqlı mənzili 36.000 manata alıcı İddiaçı satmış, satıcı X6 13.04.2015ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. AN-İ ******* №-li, 13.01.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılarkən mənzildə qeydiyyatda olan X8 yazılı ərizə təqdim edərək qeydiyyatda olduğu mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.05.2021-ci il tarixli, **********28 nömrəli məktubdan görünür ki, X2 və X5 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 62, 16 saylı mənzilə dair istifadə hüquqlarının dövlət reyestində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 06.05.2021-ci il tarixli, 018-6111-1221 nömrəli məktubdan görünür ki, 04.06.1963-cü il təvəllüdlü X6 22.09.2005-ci il və 04.01.1996-cı il təvəllüdlü X8 28.02.2012-ci il tarixdən hal-hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlər saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. - Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 15.04.2021-ci il tarixli, 091-18276N-3221 №-li məktubdan görünür ki, müraciətinə tərəflərindən baxılmışdır. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini alımış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. ünvan 4 ünvanından X2 və X5 qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçını izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi X2 mülkiyyətində olmuş, sonuncu mülkiyyətində olan həmin evi İddiaçı 13.01.2015-ci il tarixdə satmışdır. Yaşayış evi satılan zaman həmin ünvanda üçüncü şəxs X9 qeydiyyatda olmuş və o mənzilin satılmasına razılıq vermişdir. Mənzilin keçmiş mülkiyyətçisi X6 mənzili satdıqdan sonra 13.04.2015-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X8 qeyd olunan ünvanda qeydiyyatda olsa da hal-hazırda həmin mənzildə yaşamır. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan, ailə üzvləri olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Məhkəmə icraatı zamanı üçüncü şəxs X6 mübahisəli ünvandan qeydiyyatdan çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxsin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxs X8 qeyd olunan mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə X5 ünvan 4 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X5 ünvan 4 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar