Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5831/2022 15.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki yaşayış yeri üzrə, yəni ünvan 1 ünvanında yerləşən fərdi evə qeydiyyata alınması vəzifəsinin Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ər-arvad olaraq 1998-ci ildən faktiki olaraq özlərinə məxsus, özbaşına tikili sayılsa da, tam kommunal şəraitli olan, həmin kommunal xidmətlərdən istifadəyə görə müqavilələri bağlanmış evdə, yəni ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayırlar. Qeydiyyatda olduqları ünvan isə Polis İdarəsinin inzibati binasıdır. Hazırda isə həmin qeydiyyatdan da onları siliblər və bu inzibati binaya qeydiyyat limitinin dolduğu ilə izah olunur. Bu isə o deməkdir ki, onların hər hansı qeydiyyat ünvanı xxxxxxx, ictimai və sair fəaliyyətləri məhdudlaşdırılıb. Cavabdeh inzibati orqana, yəni Bakı şəhəri, Binəqədi Rayon Polis idarəsnə müraciət edərək faktiki yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün müvafiq işlərin görülməsini xahiş ediblər. Lakin tələbi təmin olunmayıb və imtinaya səbəb kimi qeydiyyata alınmağımızı istədiyimiz fərdi evin hüquqmüəyyənedən sənədinin olmadığı göstərilib.Halbuki pasport qeydiyyatı əmlaka hər-hansı pay hüququ vermir və bu yalnız dövlət, cəmiyyət və sair qarşısında vəzifələrimizin icra olunması, hüquqlarımızın və azadlıqlarımızın həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaradılmasıdır. Bundan başqa tikilidə komunal xətlər çəkilirsə və bunun üçün müvafiq müqavilələr bağlanırsa, tikilidə yaşayış mümkündürsə həmin tikiliyə heç bir pay hüququ verməyən pasport qeydiyyatına alınmadan imtina əsassızdır.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin, eləcə də ünvanına dair abunə kodları (işıq, su qaz) barədə sənədlərin təqdim edilməsi təklif edilmişdir.
4. Məhkəmənin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ünvanında yerləşən 71S nömrəli evə aid “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı2 və İddiaçı1 arasında qazın alqı-satqısına dair müqavilənin mövcudluğu haqqında sorğusuna cavab olaraq “Azəriqaz” İB tərəfindən bildirilmişdir ki, “Azəriqaz” İB ilə istehlakçı İddiaçı2 (**********2000 istehlakçı hesabı üzrə) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surəti arxivdə tapılmamışdır. Nəzərinizə çatdırırıq ki, qazın alqı-satqısı müqaviləsi iki nüsxədən tərtib edilir və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik olmaqla, tərəflərin hər birində bir nüsxəsi saxlanılır. Təqdim olunan ünvanların dəqiq olmaması səbəbindən məlumatların qeyri-dəqiq olması mümkündür. İddiaçı1 istehlakçı kimi X1 Sistemində qeydiyyatda olması haqqında məlumatlar tapılmamışdır.
5. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, "xxxx" ASC-nin elektron abonent bazasında müraciətdə qeyd edilən ad/soyad ata adına (İddiaçı2, İddiaçı1) uyğun və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 71S saylı fərdi yaşayış evinə dair heç bir müqavilə və abonent kodu aşkarlanmışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin 1 saylı İdarəsi tərəfindən bildirilmişdir ki, ünvan 3 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayon Polis İdarəsi tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr.185 (RPİ-nin köhnə inzibati binası) ünvanında qeydiyyatdadır. İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185 (RPİ-nin köhnə inzibati binası) ünvanında qeydiyyatda olub. DİN-in G40 saylı göstərişinə əsasən qeydiyyatdan çıxarılmışdır.
8. Birgə iddiaçılar iddia tələbini İddiaçı2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasından yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan çəkinmək vəzifəsinin, İddiaçı1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınma vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması kimi dəyişdirmişlər.
9. İddiaçıların Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə müraciətlərinə cavab olaraq ünvan 5 ünvanına qeydiyyata alınma üçün müvafiq sənədlərin təqdim edilməli olduqları bildirilmişdir.
10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçılar dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək bildirdilər ki, İddiaçı2 polisə müraciət edəndə ona bildirdilər ki, onun Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyatı mövcud olsa da, arvadı İddiaçı1 qeydiyyatı ləğv edilmiş, onun da inzibati binaya yaşayış yeri üzrə qeydiyyatı ləğv olunacaqdır.
11. Cavabdeh Bakı şəhəri Binəqədi rayon rayon polis idarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
12. Məhkəmə hesab edir ki, hazırki iddia: - İddiaçı1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınma vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia); - İddiaçı2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasından yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan çəkinmək vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır.
13. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
15. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
16. Məhkəmə hesab edir ki, hazırki iddialar bir-biri ilə əlaqəlidir, bir cavabdehə yönəlib və eyni məhkəməyə aid olduğu üçün bir iddiada birləşdirilə bilər.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
19. İşin mübahisəsiz halı ondan ibarətdir ki, birgə iddiaçılar ər-arvad olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən ünvansız (ünvanı konrekt bəlli olmayan) özbaşına tikilidə yaşayırlar.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
26. Cavabdeh qurum iddiaçının müraciətinə cavab olaraq hansı sənədləri təqdim etməli olduğunu qeyd etmədən “müvafiq sənədləri” təqdim etmədiyindən müraciətini araşdırılmasının mümkünsüzlüyünü qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Binəqədir rayonun inzibati ərazisində yerləşən M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Həmin evin hüquqmüəyyənedici sənədləri xxxxxxx, belə olan halda İddiaçı1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.
27. Digər tərəfdən Binəqədi rayon Polis İdarəsi tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr.185 (RPİ-nin köhnə inzibati binası) ünvanında qeydiyyatdadır. İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185 (RPİ-nin köhnə inzibati binası) ünvanında qeydiyyatda olub. DİN-in G40 saylı göstərişinə əsasən qeydiyyatdan çıxarılmışdır.
28. DİN-in G40 saylı göstərişinin məzmunu, mahiyyəti aydın deyil, istənilən halda müvafiq qaydanı tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına zidd ola bilməz.
29. Məhkəmə müəyyən edir ki, İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 185 (RPİ-nin köhnə inzibati binası) ünvanında qeydiyyatda olmasına baxmayaraq, müvafiq göstərişə əsasən çıxarıldığından İddiaçı2 həmin ünvandan qeydiyyatdan çıxarılmasına dair hərəkətlərin edilməməsini tələb etməkdə haqlıdır.
30. İPM-in 34.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.
31. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Birgə iddiaçıların iddia tələbi təmin edilsin. İddiaçı2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin ünvanından (inzibati binasından) yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan çəkinmək vəzifəsi; İddiaçı1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Polis İdarəsinin ünvanı (inzibati binası) üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva