Məhkəmə qərarları › İş №2-1(112)-5833/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5833/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5833/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Azəbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, çoxsaylı məktublara görə poçt xidmətinə xərclədiyi 1.427 manat pul vəsaitinin ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh 8/289 nömrəli xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının müxtəlif məhkəmə orqanlarına etdiyi müraciətlərlə bağlı qeyd etdiyi xərclər onun şəxsi təşəbbüsü ilə edilmişdir. Qeyd edilən xərclərin ödənilməsi büdcə xərclərinin iqtisadi təsnifatı üzrə dövlət büdcəsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də Müdafiə Nazirliyi tərəfindən məktubda qeyd edilən pul vəsaitinin iddiaçıya ödənilməsi mümkün olmamışdır. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1427 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 1475 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul olunmuşdur. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-2239/2016 saylı qərarı ilə "xidmət müddəti ərzində (xx.xx.1992-xx.xx.2010-cu illər) iddiaçının istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 217 saylı qərarının tələblərinə uyğun olaraq, yəni cavabdeh inzibati orqana müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə, alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla hesablayıb iddiaçıya ödənilməsi vəzifəsi AR Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərar xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə mindiyindən könüllü icra olunması üçün xx.xx.2016-cı il tarixdə MN-ə göndərilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli 8-1(81)- 34/2018 saylı qərardadı ilə ödənilməli olan pul vəsaitinin məbləği 10.920,0 manat müəyyən edilmişdir. Borclu MN iddiaçıya xx.xx.2019-cu il tarixdə 1.612 manat əlavə pul vəsaiti ödəsə də, 3.808 manat borc olaraq hələ də qalır, ödənilmir və icra icraatı üzrə tələb uzun müddət ərzində təmin olunmadan qalır. Məhkəmənin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələb borclu MN tərəfindən bu günə kimi təmin edilməmiş, süründürməçiliyə yol verilmiş və məsələnin həlli qəsdən gecikdirilmişdir. Göstərilən səbəblərdən borclu AR MN-ə qarşı icra vərəqəsi üzrə ödənilməli olan pul vəsaitinin indeksasiya edilməklə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 8- 1(112)-15/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 8-1(103)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə 10920 manat indeksasiya edilməklə 12490 manat müəyyən edilmiş, Ali Məhkəmənin 8-1(102)-8/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmiş və borclu AR MN tərəfindən tələbkar İddiaçı ödənilməli olan pul kompensasiyasının məbləği, ödənilməmiş məbləğ 3.808 manat və indeksasiya olunan məbləğ 1.570 manat olmaqla cəmi, 5.376,40 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qərarı icra olunması üçün xx.xx.2016-cı il tarixdə Müdafiə Nazirliyinə bildiriş göndərilmiş, lakin borclu AR Müdafiə Nazirliyi qeyd olunan qanunlara riayət etməmiş, dövlət orqanı olaraq qanunun aliliyinə hörmət etmək əvəzinə icra sənədinin icrasını qəsdən və uzun müddət gecikdirmiş, icra etməmiş, süründürməçiliyə yol vermişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı hesab edir ki, məhkəmənin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə ödənilməli olan 10.920 manat pul vəsaitinin uzun müddət iddiaçıya qanunsuz olaraq tam ödənilməməsi, hissə-hissə ödənilməsi, qəsdən gecikdirilməsi səbəbindən, illik 5 faiz məbləğ, eləcə də, məcbur olub müxtəlif səlahiyyətli orqanlara göndərdiyi çoxsaylı məktublara görə poçt xidmətinə xərclədiyi 1.427 manat pul vəsaiti cavabdeh MN tərəfindən tam şəkildə iddiaçıya qaytarılmalı, məhkəmə tərəfindən bununla bağlı qətnamə qəbul edilərək pozulmuş hüquqlarının real bərpası təmin olunmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 8/953 saylı iddiaya etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə 8/289 və 8/290 nömrəli məktublarla cavab verilmiş və bildirilmişdir ki, qeyd edilən pul vəsaitinin ona ödənilməsi mümkün deyildir. Müxtəlif məhkəmə orqanlarına iddiaçı tərəfindən edilmiş müraciətlərlə bağlı iddia ərizəsində qeyd edilən xərclər onun şəxsi təşəbbüsü ilə edilmişdir. Bu səbəbdən Müdafiə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına iddiaçının iddia ərizəsində göstərilən pul vəsaitinin ona ödənilməsi qanunsuz və əsassızdır. İddiaçı tərəfindən 2015- 2022-ci illər ərzində Müdafiə Nazirliyinə ümumilikdə 35 müraciət olunmuşdur və qeyd edilən müraciətlər müvafiq qaydada cavablandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı iddiası qismən təmin edilmiş, xidmət müddəti ərzində (xx.xx.1992-xx.xx.2011-ci illərdə) iddiaçının istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-cı il tarixli 217 saylı Qərarının tələblərinə uyğun olaraq, yəni cavabdeh inzibati orqana müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə, alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla hesablayıb İddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Qərar Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra qərar icraya yönəldilmiş, xx.xx.2017-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən Müdafiə Nazirliyinə xx.xx.2017-ci il tarixdə, 15717/20xx-xx-149794 saylı Bildiriş göndərilərək 1 saylı Bakı İnzibati-İqisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-2239/2016 saylı xx.xx.2017-ci il tarixli icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq cavabdehə “10” gün müddətində vaxt verilmişdir. Cavabdeh Bakı şəhəri Səbail rayon icra şöbəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli, 12/2068 saylı məktubunda qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Aparatında yaradılan müvafiq komissiya tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2239/2016 saylı qərarı icra edilərək İddiaçı 5500,86 manat məbləğində hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyası hesablanmış və həmin məbləğ xx.xx.2016-cı il tarixdə Müdafiə Nazirliyi İşlər İdarəsinin maliyyə bölməsi tərəfindən təqdim edilən bank hesabına köçürülmüşdür. Səbail rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli İcra sənədi üzrə icraata xitam verilməsi barədə Qərarı ilə icra sənədi tam icra edildiyindən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-1(81)-2239/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam vermişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı icra şöbəsinin bu qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Şöbəsinin 06 iyul 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarının ləğv edilməsi, icra icraatı üzrə işin davam edilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 5615 nömrəli ekspert rəyinə əsasən iddiaçıya ödənilməli olan 10 920,0 manat pul vəsaitindən ödənilməmiş qalıq məbləğ 5.420,0 manat kompensasiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8-1(81)-34/2018 saylı qərardadı ilə ərizə təmin edilmiş, Səbail rayon İcra Şöbəsinin 2-1(81)-2239/2016 saylı, xx.xx.2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə" xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədinin icrasının davam etdirilməsi qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli İcraata başlamaq haqqında Qərarı ilə yenidən icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, 11/2197 saylı məktubu ilə İddiaçı hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzi 7113,60 manat məbləğində pul kompensasiyasının onun bank hesabına köçürüldüyü bildirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2239/2016 saylı iş üzrə xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu AR Müdafiə Nazirliyindən tələbkar İddiaçı xeyrinə ödənilməli olan 10.920 manat pul kompensasiyasının məbləğinin indeksasiya edilməklə yəni, 10.920 +1.570,00 = 12.490 manat həcmində icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-1(112)-15/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Bu qərardaddan İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 8-1(103)-8/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 8- 1(112)-15/2021 saylı qərardadı ləğv edilmiş, iş üzrə yeni qərardad qəbul edilməklə, tələbkar İddiaçı pul vəsaitinin indeksasiya edilməklə icra olunması barədə ərizəsi təmin edilmiş, ödənilməli olan 10.920 manat (ödənilmiş məbləğ nəzərə alınmaqla) pul kompensasiyası məbləğinin indeksasiya edilərək 12.490 manat vəsaitin borclu Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq tələbkar İddiaçı ödənilməsi qərara alınmışdır. Bu qərardaddan Azərbaycan Respublikası Müdafiə Nazirliyi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 8-1(102)-8/2021 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 8-1(103)-8/2021 nömrəli qərardadı dəyişdirilmiş, Borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı ödənilməli olan pul kompensasiyasının məbləği, ödənilməmiş məbləğ 3.808 manat və indeksasiya olunan məbləğ 1570 manat olmaqla, cəmi 5376,40 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda bu məbləğin ödənilmədiyini bildirməklə cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarları nəticəsində ona ödəməli olduğu borcun illik beş faiz məbləğinin və məhkəmələrə çəkdiyi xərclərin, yəni cəmi 1475 manatın ona ödənilməsini xahiş edir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –MM) 439, 445 və 449-cu maddələrinə istinad edir. MM-in 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi bu müddəalar mülki hüquqi dövriyyədə bərabər subyektlər arasında mövcud olan müqavilə münasibətləri üzrə yaranmış pul öhdəliklərinin (xüsusən də vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı zərər vurulmasının qarşısını almaq üçün kredit müqavilələrinin) icra edilməməsi hallarına şamil edilir. Hazırkı iş üzrə cavabdehin ödəməli olduğu məbləğ hər hansı müqavilə və ya iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi ilə bağlı deyil, hərbi qanunvericiliyə əsasən növbəti məzuniyyətdən istifadə etməmiş şəxslərə kompensasiya məqsədilə ödənilən məbləğ təşkil edir, hansı ki, bu məbləğin ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsbit olunmuşdur. Qanunverici məhkəmə qərarının icrası zamanı aradan keçən müddət ərzində ödənilməli olan pul məbləğinin dəyərinin qorunması məqsədilə indeksasiya qaydasını müəyyən etmişdir ki, iddiaçı artıq belə bir tələblə məhkəməyə müraciət etmiş və tələbi təmin edilərək uzun müddət cavabdeh tərəfindən məhkəmə qərarının icra olunmaması ilə bağlı ödənilməli olan məbləğə görə 1570 manat indeksasiya olunan məbləğ müəyyən etmişdir. İddiaçının tələbinin digər hissəsini isə məhkəməyə müraciət edənə qədər aidiyyəti dövlət orqanlarına edilən müraciətlərə (poçt göndərişləri) görə ödədiyi vəsait təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 108.2-ci maddəsinə əsasən vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İPM-in 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Göründüyü kimi, qanunverici məhkəməyə qədər və məhkəmə gedişində çəkilən xərclərin iddia ilə məhkəməyə müraciət edildikdən sonra həmin icraat çərçivəsində müəyyən edilməsini və tərəflərin tələblərinin təmin edilməsinə nisbətdə bölüşdürülməsini müəyyən etmişdir. İPM-in 115-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı çəkdiyi həmin xərcləri ayrıca tələb formasında deyil, həmin məhkəmə icraatı çərçivəsində iddia tələbi ilə birlikdə irəli sürməli idi. Qanunverici həmin məhkəmə xərcləri ilə bağlı qərarın (qərardadın) mübahisələndirilməsinə yol vermədiyindən iddiaçının ayrıca iddia qaydasında həmin vəsaiti tələb etməsindən ibarət hazırkı iddiası təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar