Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5835/2020 15.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Nurağa oğlunun cavabdehlər Xocalı Rayon Məhkəməsinə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı (üçüncü şəxslər “xxxx” MTK-nın müdiri X4 varisləri Muradova Zöhrə (arvadı), X3, X5, X8) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Xocalı Rayon Məhkəməsinə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı (üçüncü şəxslər “xxxx” MTK-nın müdiri X4 varisləri Muradova Zöhrə (arvadı), X3, X5, X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 (on yeddi) il ərzində onun ailəsinə vurulmuş maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas iddia tələbinə əlavə olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş 2(004)-3111/2010 saylı qətnaməsi qəbul edib Yasamal rayon Sereteli 60 ünvanda 300 kv.m torpaq sahəsi ilə bərabər, 141 kv.m 1 otaqdan ibarət 1 otağını Xocalı Rayon Məhkəməsinin qərarını tam yerinə yetirilməsinin cavabdehlərə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 1932-ci il X2 Bakı şəhəri, Seretili 60 ünvanlı 2 mərtəbəli mülkü anası Həcər Baba qızının adına almış və yazmışlar. Mülki Məcəllədə şəxsi mülk dövlət tərəfindən tanınır və müdafiə olunur. Lakin MTK-nın müdiri Muradov Ə.M. kooperativ bina inşa etmək üçün Həcər Baba qızının mülkünü alqı-satqı etməmişdir. Saxtakarlıq edərək Muradov Ə.M. Sereteli 60 ünvanı Bakı şəhər Yasamal rayon əvəzinə, Xocalı rayon məhkəməsindən qeyri-qanuni qətnamə almağa nail olmuşdur. Xocalı rayon məhkəməsinin qərarını Bakı şəhər Yasamal rayon İcra şöbəsi qeyri-qanuni olaraq icra etmişdir. Onu 2 uşaq ilə evsiz qoyaraq maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının qüvvədə olan qanununda elə maddə yoxdur ki, aidiyyəti olmayan əraziyə başqa qanunverici orqan müdaxilə edib qərar verə bilsin. Bu özü bir saxtakarlıqdır. Xocalı rayon məhkəməsinin qərarını Xocalı rayon İcra Şöbəsi deyil, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin məmurları icra etmişdir. 2007-ci ildə “xxxx” MTK-nın tikdiyi keyfiyyətsiz bina uçaraq dağılmış, böyük bir fəlakətə səbəb olmuşdur. 2008-ci il Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(001)-199/08 saylı cinayət işində məlum olmuşdur ki, Muradov Ə.M. inşa etdiyi hündürmərtəbəli bina qeyri-qanunidir. Ağır Cinayətlər Məhkəməsinin 1(001)-199/08 saylı cinayət işində onlar zərərçəkən qismində tanınsalar da, onların evi özlərinə qaytarılmamışdır. Məhkəmə Muradov Ə.M. verilən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 129 saylı sərəncamını qeyri-qanuni hesab etmişdir. xx.xx.2004-cü il Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin mülkü işlər üzrə MKnın İddiaçı1 3 ailə üzvü ilə 14 kv.m sahəsi olan 1 otaqlı mənzili olmuşdur. “xxxx” MTK-nın müdiri Muradov Ə.M. saxtakarlıq edərək Azərbaycan Respublikasının dövlət orqanlarını qərarları ilə mülklərini dağıdaraq onları 3 ailə üzvünü evsiz qoyaraq 17 (on yeddi) ildir ki, maddi ziyan vurmuşdur. «Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli məlumatında Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarı, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cı maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X9 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda isə məhkəmələr və hakimlər inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh (məhkəmə) inzibati orqan deyildir. Bundan başqa, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən Xocalı Rayon Məhkəməsinin icra sənədinin düzgün və vaxtında icra edilməməsini, icra sənədinin icrası ilə əlaqədar Yasamal rayon İcra və Probasiya Şöbəsinin hərəkət və hərəkətsizliyini mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, vurulmuş ziyanın ödənilməsi haqqında iddialarda iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqanlara müraciət etməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə iddia tələbi ilə əlaqədar müraciət etməmişlər. Bundan başqa, iddiaçılar iddia tələbində onlara vurulmuş maddi ziyanın cavabdehlər tərəfindən ödənilməsini tələb etsələr də, iddia ərizəsinin əsaslandırılmasından görünür ki, iddiaçılar iddia ərizəsində “xxxx” MTK-nın müdiri Ə.M.Muradovun saxtakarlıq edərək onlara maddi ziyan vurduğunu bildirirlər. Belə olan halda həmin iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5835/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5835/2020
15.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver