Məhkəmə qərarları › İş №2-1(112)-5835/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5835/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5835/2021 20.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) «mənzilin iddiaçının adına ilkin hüquqi qeydiyata alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı «mənzilin iddiaçının adına ilkin hüquqi qeydiyata alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, hazırkı İddiaçı ilə "xxxx" şirkəti arasında bağlanmış 8 sentyabr 2007-ci il tarixli 104 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzili alıcı olaraq iddiaçının mülkiyyətinə verilmişdir. "xxxx" şirkəti tərəfindən verilmiş 27 avqust 2008-ci il tarixli “maliyyə arayışı”na əsasən İddiaçı həmin mənzilin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. Bundan sonra "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 iyun 2014-cü il tarixli 49 saylı müqaviləyə əsasən “Sahil D Kompani ’ MMC ona 8 sentyabr 2007-ci il tarixli 104 saylı müqaviləyə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.m. olan 13 nömrəli mənzili tikinti normalarına uyğun şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. “Sahil-D Kompani" MMC ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzili İddiaçı təhvil vermədiyindən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun "xxxx" MMC və digərlərinə qarşı «mənzilin sahibliyə və istifadəyə verilməsi» tələbinə dair iddiası Bakı şəhəri Xərai Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş, sözügedən ünvanda yerləşən 2 saylı yaşayış binasının 5-ci mərtəbə ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınmış, mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi "xxxx" şirkəti və "xxxx" MMC-yə həvalə edilmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsi ilə X5 İddiaçı, "xxxx" şirkətinə və "xxxx" MMC-yə qarşı «müqavilənin etibarsız sayılması və s.» tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin həmin qətnamələrdən verilmiş apellyasiya şikayətləri üzrə icraatlar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən vahid icraatda birləşdirilmiş və Kollegiyanın 2(103)-860/2018 saylı iş üzrə 7 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, onun ünvan 2 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə sahiblik və istifadə hüququ tanınmış, həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi "xxxx" şirkəti və "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Həmçinin, bu qətnamə ilə "xxxx" MMC- nin İddiaçı və qeyrisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Eyni zamanda X5 İddiaçı, "xxxx" şirkətinə və "xxxx" MMC-yə qarşı «müqavilənin etibarsız sayılması və s.» tələbinə dair iddiasının rədd edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4328/2019 saylı iş üzrə 24 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 7 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018- ci il tarixli qətnaməsi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən 26 fevral 2020-ci il tarixdə tam icra edilmiş və bununla bağlı müvafiq akt da tərtib edilmişdir. Həmin aktla ünvan 2 ünvanında 2 saylı yaşayış binasının 13 nömrəli mənzili "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilmişdir. Bundan başqa, İddiaçı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə, 3-cü şəxs X8 qarşı «qeydiyyatın ləğv edilməsi və qeydiyyatın ləğvi ilə bağlı reyestrdə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3033/2018 saylı iş üzrə 31 iyul 2018-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 13 nömrəli mənzilinə dair X5 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı ləğv edilmiş və həmin qeydiyyatın ləğvi ilə bağlı reyestrdə düzəliş edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-367/2019 saylı iş üzrə 15 oktyabr 2019-cu il tarixli qərarı ilə X5 apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən 31 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərarı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmiş və X5 adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış 8 may 2020-ci il tarixdə həmin İdarə tərəfindən ləğv edilmişdir. İddiaçı məxsus mənzilin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən yaşayış binasının istismarına AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 336 saylı 14 fevral 2020-ci il tarixli qərarına əsasən icazə verilmişdir. İddiaçı "xxxx" MMC-yə müraciət etmiş, müraciətinə cavab olaraq "xxxx" MMC 21 oktyabr 2020-ci il tarixli 113 saylı cavab məktubu ilə təsdiq etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilin sahibi İddiaçıdır. Bundan sonra İddiaçı tərəfindən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həmin mənzilin onun adına ilkin qeydiyyat alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı müraciət olunmuşdur. Müraciətə yuxarıda qeyd edilən mənzilin İddiaçı məxsus olmasını təsdiq edən bütün hüquq müəyyənedici sənədlər, həm "xxxx" şirkəti, həm də "xxxx" MMC şirkəti ilə bağlanmış müqavilələr, arayışlar, məktublar və bütün məhkəmə qərarları da əlavə edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi 31 mart 2021-ci il tarixli məktubla həmin mənzilin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmasından və reyesrtdən çıxarışın verilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilən ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "xxxx" MMC tərəfindən təsdiq edilmiş hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi və bu sənədlər təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı göstərilmişdir. Halbuki, İddiaçı tərəfindən imtinaya əsas kimi qeyd edilmiş bütün sənədlər müraciətə əlavə edilmişdir. İddiaçı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin həmin məktubunu rəsmi olaraq 1 aprel 2021-ci il tarixdə əldə etmişdir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasına qiymət verilməsi üçün aşağıdakılar qeyd edilir: 1) İddiaçı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilini 8 sentyabr 2007-ci il tarixli 104 saylı müqaviləyə əsasən əldə etmişdir, 27 avqust 2008-ci il tarixli maliyyə arayışına əsasən həmin mənzilin dəyərini tam ödəmişdir; 2) "xxxx" MMC 10 iyun 2014-cü il tarixli 49 saylı müqaviləyə əsasən "xxxx" şirkətinin İddiaçı 8 sentyabr 2007-ci il tarixli 104 saylı müqaviləyə əsasən satdığı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür; 3) qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Qeyd edilən məhkəmə mübahisələri tamamilə yekunlaşmış və məhkəmə qətnaməsinin icrası qaydasında "xxxx" MMC tərəfindən mənzil İddiaçı təhvil verilmişdir; 4) "xxxx" MMC 21 oktyabr 2020-ci il tarixli 113 saylı məktubla, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilin sahibinin İddiaçı olduğunu təsdiq etmişdir; 5) həm "xxxx" şirkətinin, həm də "xxxx" MMC-nin direktoru olmuş X4 qulluq mövqeyindən istifadə edib vəzifə saxtakarlığı edərək tamah niyyəti ilə müqavilələrə biləbilə yalan məlumatlar daxil etməklə aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını vahid qəsdlə ələ keçirmə məqsədi ilə Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında inşasına başladığı 4 ədəd 1 girişli 24 mərtəbəli binalardakı müqavilələr əsasında satmış və tam ödənişi aparılmış mənzilləri ona olan etibardan və inamdan istifadə edib saxta rəsmi sənədlər tərtib etməklə onların əsasında yenidən ayrı-ayrı şəxslərə sataraq əldə olunan vəsaitləri öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxlərə külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyindən AR Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilmiş, barəsindəki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və cinayət işinə məhkəmədə baxılması gedişində M.İ.Cəfərov öldüyündən barəsində olan cinayət təqibinə xitam verilmişdir. Bütün bunlara əsasən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə və İPM-in 35.1, 45 – 47-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilinin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavbdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmdən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 2 iyun 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: İddiaçı iddiası etirazla qarşılanır. Belə ki, İddiaçı ünvan 4 ünvanındakı 2 saylı evin, 13 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 12 mart 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin ünvanda (4 ədəd 1 girişli, zirzəmili, 24 mərtəbəli) yerləşən yaşayış binasına dair AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada göndərilmiş 336 saylı 14 fevral 2020-ci il tarixli istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Həmin istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) “İSR Holding” Şirkətlər Qrupu ("xxxx" MMC) göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun "xxxx" MMC tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə baxılacağı barədə iddiaçıya 31 mart 2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.3, 8.06, 8.0.9-cu maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə aşağıdakı məzmunda iddiaya qarşı yazılı etiraznı təqdim etmişdir: - Hesab olunur ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı hazırda dövlət qeydiyyatına aldırmaq istədiyi Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzili "xxxx" MMC-dən almamışdır. Həmin mənzilin dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməmişdir. Mənzillə bağlı "xxxx" MMC iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Belə olan halda, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsi üçün müvafiq arayışın "xxxx" MMC tərəfindən verilməsi üçün də əsas yoxdur. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə gpörə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 82-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından görünür ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 31 mart 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - ünvan 4 , 2 saylı evin 12 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 12 mart 2021-ci il tarixli müraciətə baxılmışdır. ünvan 4 (4 ədəd 1 girişli, zirzəmili, 24 mərtəbəli) ünvanında yerləşən yaşayış binasına dair AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada göndərilmiş 336 saylı 14 fevral 2020-ci il tarixli istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. İstismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) “İSR X9” (Sahil-D Kompani” MMC) göstəriolmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun "xxxx" MMC tərəfinfən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər təqdim edildiyi təqdirdə, müraciətdə göstərilən məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Göstərilənlərə və Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 11.1, 15-ci maddələrinə əsaslanaraq ərizənin icrasından imtina edilir. İş materiallarından görünür ki, "xxxx" şirkəti ilə İddiaçı arasında 8 sentyabr 2007-ci il tarixdə 104 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, satıcı "xxxx" şirkəti ünvan 7 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı ya.ayış sahəsini – mənzili alıcı İddiaçı mülkiyyətyinə verir. Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, alıcı İddiaçı həmin mənzilin sahəsinin hər kv.m üçün 1.100ABŞ dolları vəsaiti Azərbaycan Respublikası Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. İş materiallarından görünür ki, "xxxx" şirkətinin 27 avqust 2008-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - İddiaçı F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində 157,6 kv.m ibarət olan 3 otaqlı mənzilin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. İş materiallarından görünür ki, "xxxx" MMC və İddiaçı arasında 10 iyun 2014-cü il tarixdə 49 nömrəli “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqavilə imzalanmışdır. Müqaviənin 1-ci bəndində bu müqaviləyə əsasən "xxxx" MMC İddiaçı 8 sentyabr 2007-ci il tarixli 104 nömrəli müqaviləyə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.m olan 13 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil verməsi nəzərdə tutulmuşdur. Müqavilənin müddəalarında İddiaçı bütün kommunal xidmətlərin tam və vaxtında ödəməsi, yanğından mühafizə, siqnalizasiya və texniki təhslkəzilik sistemlərinin vaxtında, tələb olunan səviyyədə və öz vəsaiti hesabına quraşdırması və s. vəzifələri əks olunsa da, vəzifələri sırasında mənzilin dəyərinin "xxxx" MMC-yə ödəməsi öhdəliyi nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, "xxxx" MMC-nin DƏDRX 1 saylı bakı Ərazi İdarəsinə ünvanlanmış 21 oktyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" MMC tərəfindən 7 sentyabr 2020-ci il tarixdə DƏDRX təqdim olunan MMCnin ünvan 8 ünvanında inşa etdiyi və Dövlət Komissiyasının istismara qəbul etdiyi 1, 2, 3 və 4 saylı bina sakinlərinin siyahısında yanlışlığa yol verilmişdir. Belə ki, 2 saylı binanın 5ci mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan, 3 otaqlı, 13 saylı mənzilin sahibi kimi İddiaçı əvəzinə mübahisəli sözü yazılmışdır. Odur ki, bu halın sənədlərin qəbulu vaxtı nəzərə alınması DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən xahiş olunur. Göstərilən 13 saylı mənzilin sahibi İddiaçıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4204/2016 saylı iş üzrə 29 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" şirkətinə və "xxxx" MMC-yə qarşı «mənzilin sahibliyə və istifadəyə verilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı yaşayış sahəsi olan mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifələrinin "xxxx" şirkətinə və "xxxx" MMC-yə həvalə olunması, 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə vurğulanmışdır ki, AR Mənzil Məcəlləsinin 113-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 63/2018 saylı iş üzrə 25 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər "xxxx" MMC-yə, İddiaçı və "xxxx" şirkətinə qarşı ünvan 7 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 saylı mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, cavabdehlər İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış 10 iyun 2018-ci il tarixli müqavilənin və İddiaçı ilə "xxxx" şirkəti arasında imzalanmış 8 sentyabr 2007-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin qətnamələrindən verilmiş apellyasiya şikayətləri üzrə icraatlar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən vahid icraatda birləşdirilmiş və Kollegiyanın 2(103)-860/2018 saylı iş üzrə 7 dekabr 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4204/2016 saylı iş üzrə 29 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" şirkəti və "xxxx" MMC-yə qarşı «mənzilin sahibliyə və istifadəyə verilməsi tələbi barədə» iddiası qismən təmin edilərək, İddiaçı ünvan 2 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı yaşayış sahəsi olan 13 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin cavabdehlər "xxxx" şirkəti və "xxxx" MMC-nin üzərinə qoyulması, dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" MMC-nin İddiaçı və "xxxx" Şirkətinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-63/2018 saylı iş üzrə 25 may 2018-ci il tarixli qətnaməsindən X5 və "xxxx" MMC-nin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli həmin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4328/2019 saylı iş üzrə 24 iyun 2019-cu il tarixli qərarı ilə X10 və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətləri təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 860/2018 saylı iş üzrə 7 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə araşdırılması ilə işdə iştirak edən şəxslərin iddia ilə bağlı mövqeləri aşağıdakı kimidir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin mövqeyi – iddia edilən mənzilin yerləşdiyi yaşayış binasına dair AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada göndərilmiş 336 saylı 14 fevral 2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi “İSR Holding” Şirkətlər Qrupu ("xxxx" MMC) göstərilmişdir. Mənzilin reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə uyğun "xxxx" MMC tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə iddiaçının həmin mənzilə hüququnun qeydiyyata alınması məsələsiə baxıla bilər. İddia əsassızdır. İddiaçı mövqeyi – mənzilə dair müvafiq hüquqmüəyyənedici sənədlər, o cümlədən "xxxx" MMC-nin mənzilinin dəyərinin ödənilməsi barədə arayışı mövcud olduğu verildiyi halda, mənzil onun mülkiyyəti sayılır və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması qanunsuz hərəkətdir. Cavabdehin məktubunda məktubunda qeyd olunan xüsusat, yəni istismara izacə sənədində tikinti obyektinin sahibi kimi “İSR Holding” Şirkətlər Qrupu ("xxxx" MMC) göstərilməsi mənzilə hüquqların qeydiyyatından imtina üçün əsas kimi qəbul oluna bilməz. Üçüncü şəxs "xxxx" MMC-nin mövqeyi – iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı mübahisə obyekti olan mənzil "xxxx" MMC-dən almamışdır və mənzilin dəyəri iddiaçı tərəfindən MMC-yə ödənilməmişdir. Mənzillə bağlı "xxxx" MMC iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Konstitisiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. AR Mülki Məcəlləsinin 389-cu maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə bildirir ki, iddiaçı mənzilə dair müvafiq müqavilə bağladığından və cavabdehə hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etməklə imtina cavabı aldığından, iddianı qaldırmaq üzrə subyektiv hüquqa malikdir. Cavabdeh tərəf də daşınmaz əmlakın dövlət reyestrini aparan səlahiyyətli orqan kimi çıxış edir. Qaldırılan iddia növünə görə “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan, bu qəbildən olan mübahisələr üzrə İPM-n müddəaları “iddia müddəti” nəzərdə tutmur. Həmçinin iddianın mümkünsüzlüyünü şərtəndirən hər hansı digər hallar da mövcud deyil. Odur ki, iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə iş üzrə müəyyən edilən hallarla bağlı aşağıdakılar qənaətlərini diqqətə çəkir: 1) Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədində sifarişçi şəxsin ("xxxx" şirkəti və ya "xxxx" MMC, yaxud “İSR Holding” Şirkətlər Qrupu) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Belə olan təqdirdə, inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən əsas formal xarakterli qiymətləndirilir və bu imtina «İnzibati icraat haqqında» AR Qanununun 15, 17, 19-cu maddələrinin tələblərinə ziddir. 2) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4204/2016 saylı iş üzrə 29 iyun 2016-cı il tarixli və 2(011)-63/2018 saylı iş üzrə 25 may 2018-ci il tarixli qətnamələri və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-860/2018 saylı iş üzrə 7 dekabr 2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş hallara görə İddiaçı Cəmşid qızının "xxxx" şirkəti ilə bağladığı 8 sentyabr 2007-ci il tarixli və "xxxx" MMC ilə bağladığı 10 iyun 2014-cü il tarixli müqavilələr qanuni sayılmış və onun ünvan 2 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı yaşayış sahəsi olan 13 nömrəli mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Hansı ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2014-cü il tarixli müqavilədə "xxxx" MMC-nin üzərinə müvafiq mənzilin İddiaçı təhsil verilməsi öhdəliyi qoyulsa da, sonuncunun MMC-yə mənzilin dəyərini ödəməsi ilə bağlı müddəa nəzərdə tutulmur. Hər iki müqavilələr qüvvədə olduğundan mötəbər qiymətləndirilir; 3) İddiaçı ünvan 2 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı yaşayış sahəsi olan 13 saylı mənzilin dəyərini "xxxx" şirkətinə ödəməklə AR Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir və həmin ödəniş yuxarıda qeyd edilən mülki mübahisə üzrə də müəyyən edilmişdir. İddiaçının mülkiyyət hüququ AR Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 8-ci maddəsinə həmin hüquq qeydiyyat alınmalıdır. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlkət reyestrində qeydiyyata alınmasından imtinası qanuni qiymətləndirilmir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə əssasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı yaşayış sahəsi olan 13 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı yaşayış sahəsi olan 13 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar