Məhkəmə qərarları › İş №2-1(112)-5835/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5835/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5835/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Elmi-İstehsalat Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportun ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Elmi-İstehsalat Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportun ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 22 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "Nissa-LTD” Elmi-İstehsalat Firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Zərdabi LTD” MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla istifadədə olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatlarda düzəlişin edilməsi və "Zərdabi LTD” MMC-nin istifadəsində 0,11023 ha əvəzinə 0,01877 ha torpaq sahəsinin istifadədə olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması, eyni zamanda 0,46 ha torpaq sahəsinin və 1927,1 kv.m. tikililərin "Zərdabi LTD” MMC-nin istifadəsində olması barədə xx.xx.2019- cu il tarixli **********55-12301 reyestr nömrəli texniki pasportun ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5455/2023 nömrəli qərardadı ilə "Zərdabi LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 1019 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələndirilməsi və tikintisi üçün "xxxx" Elmi-İstehsalat firmasına torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncamdan irəli gələrək 8 avqust 1998-ci il tarixdə 98/219 saylı torpağın ayrılmasına dair Aktla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi 2213-cü məhəllə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələndirilməsi və tikintisi üçün "Nissa-LTD” Elmi-İstehsalat firmasına ayrılmış 0,4 ha torpaq sahəsinin ölçüləri və sərhədləri nişanlanmışdır. "Nissa-LTD” X1 ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə edərək üzərində tikililər inşa etmiş, daha sonra həmin ərazini və əlavə olaraq 0,06 ha torpaq sahəsini daşla hörərək hasara almışdır. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən "Nissa-Ltd” Firmasına həmin torpaq sahəsi və tikililərə dair 31 may 2000-ci il tarixdə Texniki pasport verilmişdir. Həmin Texniki pasportda "Nissa Ltd” Firmasının faktiki istifadəsində 0,46 ha torpaq sahəsi göstərilmiş, ümumi tikinti altı sahə isə 1927.1 kv.m. göstərilmişdir. Yəni, texniki pasporta əsasən "Nissa Ltd” Firmasının faktiki istifadəsində 1927,1 kv.metr qeyri- yaşayış sahəsi mövcud olmuşdur. Daha sonra "Nissa Ltd” Firması inşa etdiyi və faktiki istifadəsində və sahibliyində olan 1927,1 kv.metr tikililərdən ibarət İnşaat materialları İstehsalat Sexini özəlləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinə müraciət etmiş, lakin özəlləşdirmə ödənişləri çox olduğundan və "Nissa Ltd” Firmasının maddi imkanları zəif olduğundan, İnşaat materialları İstehsalat Sexini yalnız 1110 kv.metr hissəsinin özəlləşdirilməsi qeydiyyata alınmış və xx.xx.2000-ci il tarixli 000279 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən İnşaat materialları İstehsalat Sexi "Nissa Ltd” Firmasının xüsusi mülkiyyətinə verilmişdir. Sonradan həmin şəhadətnamə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş və sonuncu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində yerləşən Əmlak Kompleksi kimi müəssisənin 1110,2 kv.metr tikilisi xüsusi mülkiyyət hüququ əsasında, 0,01877 ha torpaq sahəsi isə istifadə hüququ əsasında "xxxx" Elmi-İstehsalat firmasına məxsus olması barədə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sərəncam və Ayrıc Aktına əsasən 0,4 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, "Nissa-LTD” Elmi- İstehsalat firmasının faktiki istifadəsində 4604,4 kv.metr (0,46 ha) torpaq sahəsi və 1927,1 kv.metr tikililər olmuşdur və bu hal Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş 31 may 2000-ci il tarixli Texniki pasportda öz əksini tapmışdır. Daha sonra Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində inşaat mallarının istehsalı sexinin layihələşdirməsi və tikintisi üçün "xxxx" Elmi-İstehsalat firmasına ayrılmış 0,40 ha torpaq sahəsində inşa edib istifadə etdiyi tikintinin (Əmlak kompleksinin) bir hissəsini - xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən 1110,2 kv.metr hissəsini va 0,01877 ha torpağın hissəsini kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, lakin kreditor müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, kredit borcu hərrac yolu ilə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmiş və nəticədə "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixdə ******* qeydiyyat nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətinə 1110,2 kv.metr qeyri-yaşayış sahəsi (tikililər), istifadəsinə isə 0,01877 ha torpaq sahəsi verilmişdir. İpoteka predmeti, yəni 110,2 kv.metr sahəsi olan tikililər Nizami rayon İcra şöbəsinin İcra məmuru tərəfindən "xxxx" Firmasından alınaraq "xxxx" ASC-yə təhvil verilmiş, lakin yerdə qalan 817,2 kv.metr sahəsi olan tikililər və 0,46 ha torpaq sahəsi yenə də "xxxx" Elmi- İstehsalat firmasının istifadəsində qalmışdır. Sonradan "xxxx" ASC öz mülkiyyətində olan 1110,2 kv.metr tikililəri və istifadəsində olan 0,01877 ha torpaq sahəsini notarial olaraq "xxxx" MMC-yə satmış və "xxxx" MMC alqısatqı yolu ilə əldə etdiyi 1110,2 kv. metr tikinti hissəsi və 0,01877 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsini DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edərək xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Lakin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışıda torpaq sahəsinin 0,01877 kv. metr əvəzinə səhvən 0,11023 ha torpaq sahəsini 3-cü şəxs "xxxx" MMC-nin istifadəsində olmasını göstərmişdir. "xxxx" MMC həmin çıxarışı əldə edəndən sonra "xxxx" Firmasına məxsus 817,2 kv. metr tikililəri və 0,46 ha torpaq sahəsini zəbt edərək, "xxxx" Firmasını həmin qeyri-yaşayış və torpaq sahəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2213-cü məhəllə, Yenikənd küçəsində yerləşən və "xxxx" Firmasına məxsus 4416,7 kv. metr torpaq sahəsi və 817,2 kv. metr tikililər 3-cü şəxs tərəfindən zəbt edilərək qanunsuz olaraq istifadə edilir və bir giriş qapısı olan həmin əraziyə "xxxx" MMC-nin rəhbərliyi öz mühafizəçilərini qoyaraq "Nissa LTD” MMC-nin təsisçi və təmsilçisini əraziyə buraxmır və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışı əsas tutaraq həmin ərazi və üzərində olan tikililərin yalnız 3-cü şəxsə məxsus olmasını bildirir. "Nissa Ltd” Firması ilkin olaraq Nizami Rayon Məhkəməsində "xxxx" MMC-yə qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışın etibarsız bilinərək ləğv edilməsi, "xxxx" MMC tərəfindən zəbt edilmiş 4416,7 kv. metr torpaq sahəsindən və müvafiq tikililərdən çıxarılmasını xahiş etmiş və həmin iş üzrə məhkəmə prosesi zamanı "Zərdabi Ltd” MMC-nin adına verilmiş xx.xx.2019cu il tarixli **********55-12301 reyestr nömrəli texniki pasportu təqdim etmişdir. Bundan sonra məlum olmuşdur ki, "Nissa Ltd” Firmasına məxsus tikili və torpaq sahəsi hər hansı hüquqi sənəd və əsas olmadan, qanunsuz olaraq cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli **********55-12301 reyestr nömrəli Texniki Pasportla üçüncü şəxsə verilmişdir. Eyni zamanda, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda cavabdeh təşkilat istifadədə olan torpaq sahəsinin ölçülərinin 0,01877 ha əvəzinə 0,11023 ha göstərmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxsin etirazı: Üçüncü şəxs "xxxx" MMC iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Zərdabi LTD” MMC-yə məxsus ********* qeydiyyat nömrəli çıxarış və **********55-12301 reyestr nömrəli xx.xx.2019-cu il tarixli texniki pasportun həqiqiliyi şübhə doğurmadığından, eyni zamanda, iddiaçının texniki pasportun hüdudları daxilində hər hansı bir əmlaka dair mülkiyyət, sərəncam və ya istifadə hüququ olmadığından iddia əsassızdır. Çıxarışa aid hissədə iddia tələbi tam əsassızdır. Bununla yanaşı iddiaçının çıxarışı mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Çıxarış "xxxx" MMC-nin mülkiyyətində olan əmlak barəsində verilmişdir ki, həmin əmlak üzərində nə iddiaçının, nə də digər şəxslərin hüquqları yoxdur, həmçinin, həmin çıxarış iddiaçının hüquqlarına və mənafelərinə toxunmur. Odur ki, iddiaçının subyektiv hüququ yaranmır. Buna baxmayaraq iddia tələbində göstəriləndən də aydın olur ki, iddiaçı ümumiyyətlə düzgün riyazi hesablamalar aparmayıb. DƏDRX-dən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Yenikənd küçəsindəki 2213-cü məhəllədə yerləşən, sahəsi 1110,2 kv. metr olan əmlak kompleksi kimi müəssisəyə-"AGBank” ASC-nin mülkiyyət hüququ xx.xx.2017- ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışda əmlak kompleksinin ölçüsü 1110.2 kv. metr torpaq sahəsinin ölçüsü isə 0.01877 ha göstərilmişdir. Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsindəki 2213-cü məhəllədə yerləşən, sahəsi 1110,2 kv. metr olan əmlak kompleksi kimi müəssisəyə - "Zərdabi LTD” MMC-nin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışda əmlak kompleksinin ölçüsü 1110.2 kv. metr, torpaq sahəsinin ölçüsü isə 0.129 ha göstərilmişdir. Yəni riyazi hesablamalardan da görünür ki, 1110.2 kv. metr +187.7kv. metr (0.187 ha=187.7 kv. metr) = 1297.7 kv. metr (0.12977 ha). "AG Bank” ASC-yə verilmiş çıxarışda tikiliyə aid olan (talvar altına düşən hissə) ayrıca torpaq şəklində göstərilsə də, "Zərabi LTD” MMC-ə verilən çıxarışda isə həmin sahə bütov şəkildə tikintialtı sahə kimi göstərilmişdir. Göründüyü kimi "AG Bank” ASC və "Zərabi LTD” MMC-ə verilmiş çıxarışlar arasında hər hansı bir uyğunsuzluq yoxdur. Odur ki, reyestr məlumatlarında da dəyişikliyə ehtiyac yoxdur. Bundan əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edilmədiyindən, iddiaçının "Zərdabi LTD” MMC-nin istifadəsində olan torpağa, bilavasitə də hazırkı iddia tələbinə dair hər hansı bir subyektiv hüququ olmadığından iddia ərizəsi qeyri-mümkün hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı "Nissa-LTD” Elmi-İstehsalat Firmasının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, ölkə xaricində olması ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 1019 nömrəli torpaq sahəsinin ayrılması barədə Sərəncamından görünür ki, "xxxx" Elmi-İstehsalat firmasının xx.xx.1995-ci il tarixli, 15 nömrəli məktubu nəzərə alınaraq, Nizami rayonu, Yenikənd küçəsindəki 2213-cü məhəllədə inşaat materiallarının istehsalı sexinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncamın 2.5-ci bəndinə əsasən torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunması, obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra başlanılması qərara alınmışdır. Həmin Sərəncama əlavə edilmiş 98/219 nömrəli, xx.xx.1995-ci il tarixli aktdan görünür ki, torpaq sahəsinin ölçüsü 0,4 ha təşkil etmişdir. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən "xxxx" Elmi-İstehsalat firmasına məxsus Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllə yerləşən istehsal sahəsinə dair tərtib edilmiş texniki pasporta əsasən ərazinin sənəd üzrə ümumi torpaq sahəsi 4000 kv.metr, faktiki sahəsi 4604,4 kv.metr, yaşıllıq sahəsi 488,0 kv.metr, açıq torpaq sahəsi 2189.3 kv.metr, ümumi tikinti altı sahəsi 1927,1 kv.metr (ümumi sahə 1110,2 kv.m, əsas sahə 922,5 kv.m, köməkçi sahə 187,7 kv.m) olmuşdur. Xüsusi qeyd olaraq göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1019 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı və Akta əsasən 4000 kv.metr torpaq sahəsi ayrılıb. Faktiki istifadədə olan torpaq sahəsi 4604.4 kv. metrdir. Texniki pasporta əsasən, istehsalat sahəsinə yerləşən:

1. A- inzibati bina- əsas sahə 28,3 kv.m, köməkçi sahə 48.2;

2. B-istehsalat binası - əsas sahə 907,9 köməkçi 412,4,

3. C- qızdırma sexi - əsas sahə 85,9 kv.metr, 4.İ-Daş hasar- köməkçi sahə - 44 kv.metr 5.İİ- Boça qurğusu - köməkçi sahə 161,6 kv.metr, 6.111- su hovuzu - köməkçi sahə- 9 kv.metr 7.İV - Metal darvaza- 1,5 kv.metr olmaqla, ümumi tikintialtı sahə 1927,1 kv metr (əsas sahə 1290 kv.metr, köməkçi sahə 637,1 kv.metr) olmuşdur.

Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2000- ci il tarixli 000279 qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən İnşaat materialları istehsalı sexi "xxxx" Elmi-İstehsalat firmasının xüsusi mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-5122/2023 saylı məktubundan görünür ki, istehsal sexi ilə bağlı "xxxx" LTD Elmi-İstehsalat Firmasının adına xx.xx.2000-ci il tarixli 000279 nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə dövlət əmlakının özəlləşdirilməsi üsulu ilə deyil, firmanın öz vəsaiti hesabına inşa edilmiş əmlak kompleksinə görə verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81 )-1666/2013 saylı, xx.xx.2013- cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin “Layner” firmasına və "Nissa LTD” X2na qarşı qarşılıqlı iddiasının qismən təmin edilərək “Layner” firmasından "xxxx" ASC-nin xeyrinə 24 yanvar 2013-cü il tarixə olan 1.109.700 manat məbləğində əsas borc, 912.998,39 manat məbləğində faiz borcu, 260.000 manat məbləğində artırılmış faiz borcu olmaqla, cəmi 2.282.698,39 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş "xxxx" X2na məxsus Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi 2213-cü məhəllədə yerləşən inşaat materialları sexinəyönəldilməsi, sexin boşaldılaraq açıq hərrac yolu ilə satılması və satışdan əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. 2iqt(81)-1666/2013 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, qətnamə 12 fevral 2014-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin icra vərəqəsi üzrə Nizami rayon icra şöbəsi tərəfindən 22.04.20l4-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra icraatı çərçivəsində xx.xx.2014-cü il tarixli qərarla sexin qiymətləndirilməsi üçün mütəxəssis dəvət olunmuş, mübahisəli əmlak qiymətləndirilmiş, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatda qeyri yaşayış sahəsinin texniki göstəriciləri aşağıdakı kimi qeyd olunmuşdur: qeyri-yaşayış sahəsinin mərtəbəliliyi - 1, ümumi sahəsi - 1110,2 kv.metr, yaşayış sahəsi - 922,5 kv.metr, köməkçi sahə - 187,7 kv.metr, torpaq sahəsi - 0,4 ha (istifadə hüququ). Hesabata əsasən əmlakın qiyməti 1 665 000 bir milyon altı yüz altmış beş min manat müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə protokoldan və əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, aparılmış icra tədbirləri nəticəsində "Nissa LTD” X2na məxsus Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi 2213- cü məhəllədə yerləşən İnşaat materialları sexi "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2017-ci il tarixli protokolla hərrac vasitəsi ilə 1061437,5 manata "AGBank” ASC-yə satılmış, eləcə də qeyri yaşayış sahəsi boşaldılaraq tələbkara təhvil verilmişdir. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,01877 ha torpaq sahəsi üzərində yerləşən 1110.2 kv. metr əmlak kompleksi kimi müəssisəyə "AGBank” ASC-nin mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli AZ-İ №0780023 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, "AGBank” ASC tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1110.2 kv.metr olan əmlak kompleksi kimi müəssisəni alıcı "Zərdabi LTD” MMC-nin mülkiyyətinə vermişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında 0,129 ha torpaq sahəsi üzərində yerləşən 1110.2 kv.metr əmlak kompleksi kimi müəssisə "Zərdabi LTD” MMC-nin mülkiyyətindədir. xx.xx.2019-cu il tarixdə "Zərdabi LTD” MMC-nin adına tərtib edilmiş texniki pasportdan görünür ki, əmlak kompleksi kimi müəssisənin ümumi tikilialtı sahəsi 1927,1 kv.metr, əsas tikilialtı sahəsi 1290,0 kv.metr, digər tikilialtı sahəsi isə 637,1 kv.metr olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-88/2024 nömrəli qətnaməsi ilə iddiaçı "Nissa-LTD” İstahsalat firması cavabdeh "Zərdabi LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamı ilə "Nissa LTD” X2na ayrılmış 0.4416 ha torpaq hissəsindən və 816.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsindən "Zərdabi LTD” MMC-nin öz hesabına çıxarılaraq "Nissa LTD” X2na təhvil verilməsi, həmin torpaq və qeyri-yaşayış sahələrindən istifadə etmək üçün "Zərdabi LTD” MMC tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılması” barədə tələbinə dair iddiası təmin edilməmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ...

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (iddiaçıya mübahisəli torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan): Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 26. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin verilməsi Sənaye və mülki tikintiləri, dəmir və avtomobil yolları, elektrik və rabitə xətləri, magistral boru kəmərləri çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaq sahələri verilir. ...Qeyri-kənd təsərrüfatı və meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsi verilməsinin rəsmiləşdirilməsi.

Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 30. Torpaq üzərində mülkiyyət hüququnu, sahiblik və daimi istifadə hüququnu təsdiq edən sənədlər Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İşin hallarından məlum olur ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1995ci il tarixli, 1019 nömrəli Sərəncamı ilə "xxxx" Elmi-İstehsalat firmasına 0,40 ha torpaq sahəsi Nizami rayonu, Yenikənd küçəsindəki 2213-cü məhəllədə inşaat materiallarının istehsalı sexinin layihələndirilməsi və tikintisi üçün ayrılmış, torpaq sahəsində ayrılmış məqsəd üçün istifadə olunması qərara alınmışdır. İddiaçı həmin torpaqdan təyinatı üzrə istifadə edərək orada inşaat materialları istehsalı sexi tikmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 25 mart 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş "Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında" Təlimata əsasən: - bənd 1. Bu Təlimat "Azərbaycan Respublikasında mülkiyyət haqqında", "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 229 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi haqqında Əsasnamə”yə habelə digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və Dövlət Əmlakı Nazirliyi tərəfindən (bundan sonra Nazirlik) qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin həyata keçirilməsinin qaydalarını müəyyən edir. - bənd 2. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciət müəssisə və obyektin qanunvericiliyinə uyğun inşa edilməsini təsdiq edən, bu Qaydaların 3-cü bəndində göstərilən, habelə müraciətçilərin həmin müəssisə və obyekt üzərində mülkiyyətçi olmalarını təsdiq edən sənədlər əlavə edirlər. - bənd 3. Müəssisə və obyektin qanunvericiliyi olaraq inşa edilməsini təsdiq edən sənədlər aşağıdakılar aiddir: - Müəssisə obyektin tikintisi üçün torpağın qanunvericiliyə uyğun olaraq istifadəyə və ya icarəyə götürülməsi, habelə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - müəssisə və obyektin inşaat pasportu; - müəssisə və obyektin texniki pasportu; - müəssisə və obyektin istismara qəbulu barədə müvafiq dövlət orqanlarının təsdiq etdiyi akt. - bənd 7. Müəssisə və obyektlərin qanunvericiliyə uyğun şəkildə inşa edildiyini və müraciətçilik həmin müəssisə və obyekt üzərində mülkiyyət hüququ olduğunu müəyyən etdikdə onlara nümunəsi “Qeyri-dövlət hüquqi və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1997-ci il tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülkiyyət hüququ haqqında" şəhadətnamə verilir. İstinad edilən qanunvericlik aktlarına əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri həmin müəssisə və obyektlərin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlardır və həmin torpaqlar özəlləşdirilən müəssisə və obyektə xidmət göstərmək təyinatı daşıyır. Bu torpaqlar özəlləşdirilən müəssisə və obyektdən ayrıca deyil, həmin əmlakla bir vahid kimi çıxış edir, müəssisə və obyektə mülkiyyət hüququ əldə edən şəxs əmlakın yerləşdiyi və özəlləşdirmə zamanı texniki pasportda göstərilən həmin torpaq sahəsinin də istifadəçisi olur. Qanunvericiliyə əsasən bu torpaq sahəsi obyekti özəlləşdirmiş şəxsin icarəsinə verilməli, satılmaq üçün yalnız ona təklif edilməlidir. İşin yuxarıda sadalanan hallarından görünür ki, bu normaların tələbinə uyğun olaraq iddiaçının inşa etdiyi obyektə mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün xx.xx.2000-ci ildə həmin obyektə dair texniki pasport tərtib edilmiş, daha sonra isə yuxarıda istinad edilən Təlimata əsasən xx.xx.2000-ci il tarixdə əmlak kompeksi özəlləşdirilmiş və bu barədə iddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 18 aprel 2000-ci il tarixli 48 nömrəli əmri ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na əsasən: - bənd 1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq icarəsi haqqında" və "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnaməyə, "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanununu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"yə və "Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1997-ci il tarixli 158 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə icarəyə verilməsi qaydalarını müəyyən edir. - bənd 2. Torpaq sahələrinin icarəyə verilməsi zamanı yalnız texniki pasportlarda göstərilmiş hüdudlar daxilində olan torpaq sahələrinin icarəyə verilməsinə yol verilir. -bənd 3. Torpaq sahələrinin icarəçisi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) olan hüquqi və fiziki şəxslər çıxış edirlər. - bənd 4. Torpaq sahələri Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satınalma hüququ ilə, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə, təşkilatlara, habelə xarici dövlətlərə isə qanunvericiliyə uyğun olaraq satınalma hüququ olmadan icarəyə verilir, - bənd 5. Torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi üçün müvafiq müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) və yaxud mülkiyyəçini(lərini) təmsil edən şəxs ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: - fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və ya hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi və təsis sənədləri; - mülkiyyətçini(ləri) təmsil edən şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəkalətnamənin) surəti; - səhmdar cəmiyyətinin səhmdarların reyestrindən çıxarış; - obyekt (əmlak) üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; - torpaq sahəsinin ayrılması haqqında sənədlər (sahənin ayrılması haqqında səlahiyyətli orqanın qərarı, torpaq sahəsinin ölçülərini və sərhədlərini müəyyən edən plan, torpağın istifadəçisi ilə bağlanılmış icarə müqaviləsi); - müəssisənin (obyektin) texniki pasportu. -bənd 8. Təqdim edilmiş sənədlər tam olduqda torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir və özəlləşdirilən müəssisə (obyektin) mülkiyyətçisi(ləri) ilə nümunəvi forması təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanılır. Həmçinin Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 23 noyabr 2000-ci il tarixli 215 nömrəli əmri ilə təsdiq edilmiş “Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satışı Qaydaları”na əsasən: - bənd 1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və qüvvədə olan digər normativ-hüquqi aktlara uğun olaraq hazırlanmışdır və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi (bundan sonra - Dövlət Əmlak Nazirliyi) tərəfindən həmin obyektlərin mülkiyyətçisinə satışı qaydalarını tənzimləyir. - bənd 2. Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri dedikdə, həmin fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş və onların xüsusi mülkiyyətində olan tikililərin, qurğularını, digər daşınmaz əmlakın altındakı və həmin əmlaka mülkiyyət hüquqlarını həyata keçirmək üçün qanuni istifadələrində olan dövlət mülkiyyətindəki sərbəst torpaq sahələri nəzərdə tutulur. -bənd 4. Bu qaydalara uyğun olaraq torpaq sahəsini satın almaq məqsədi ilə müvafiq fiziki və ya qeyri-dövlət hüquqi şəxslər ərizə ilə Dövlət Əmlakı Nazirliyinə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: - fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və ya hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi və təsis sənədləri; - torpaq sahəsinin ayrılması haqqında sənədlərin surəti (torpaq sahəsinin ayrılması haqqında səlahiyyətli orqanın qərarı və yaxud qanunvericiliyə müvafiq qaydada bağlanmış icarə müqaviləsi, istifadə və yaxud icarə hüququnun qeydiyyata alınması haqqında şəhadətnamə); - torpaq sahəsinə “Reyistrdən çıxarış”; - obyektin texniki pasportu; - satılacaq torpaq sahəsinin üzərindəki obyektə mülkiyyət-hüququ haqqında şəhadətnamə. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə”yə əsasən: - bənd 2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. -bənd 11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Beləliklə, istinad olunan normalardan görünür ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri həmin müəssisə və obyektlərin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlardır və həmin torpaqlar özəlləşdirilən müəssisə və obyektə xidmət göstərmək təyinatı daşıyır. Bu torpaqlar özəlləşdirilən müəssisə və obyektdən ayrıca deyil, həmin əmlakla bir vahid kimi çıxış edir, müəssisə və obyektə mülkiyyət hüququ əldə edən şəxs əmlakın yerləşdiyi və özəlləşdirmə zamanı texniki pasportda göstərilən həmin torpaq sahəsinin də istifadəçisi olur. Qanunvericiliyə əsasən bu torpaq sahəsi obyekti özəlləşdirmiş şəxsin icarəsinə verilməli, satılmaq üçün yalnız ona təklif edilməlidir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər; 7.2-ci maddəsinə əsasən, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir; 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; 50-ci maddəsinə əsasən, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin ölçüləri və müvafiq kateqoriyalı torpaqların təyinatı nəzərə alınmaqla onun müstəqil sahə kimi istifadə edilə bilməyən bir hissəsinin ipotekasına yol verilmir. Torpaq sahəsinin bir hissəsi ipoteka qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllə yerləşən inşaat materialları istehsal sexini əmlak kompleksi kimi 2000-ci ildə özəlləşdirmiş, bu zaman tərtib edilən texniki pasporta əsasən kompleksin yerləşdiyi ərazinin sənəd üzrə ümumi torpaq sahəsi 4000 kv.metr, faktiki sahəsi 4604,4 kv.metr, yaşıllıq sahəsi 488,0 kv.metr, açıq torpaq sahəsi 2189,3 kv.metr, ümumi tikinti altı sahəsi 1927,1 kv.metr olmuşdur. İddiaçı həmin əmlak kompleksini 2017-ci ildə "AGBank” ASC-yə satarkən həmin əmlaka xidmət edən texniki pasportda göstərilən torpaq sahəsinə hüququ da yeni mülkiyyətçiyə keçmiş, bununla həm əmlak kompleksi, həm də texniki pasportda göstərilən həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə olan hüquqlarına xitam verilmişdir. İddiaçı ərizəsində mübahisəli əmlakla bağlı "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilərkən torpaq sahəsinin 0,01877 kv. metr əvəzinə səhvən 0,11023 ha göstərildiyini bildirsə də, işdən görünür ki, bu, əslində səhv deyil, əvvəllər yol verilən yanlışlığın aradan qaldırılması olmuşdur. Belə ki, mübahisəli əmlakla bağlı tərtib edilən bütün texniki pasportlarda tikintialtı sahənin 1290 kv.metr, faydalı sahənin ümumi sahəsinin 1110,2 kv.metr olduğu göstərilsə də, həmin əmlakla bağlı "AGBank” ASC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda tikintialtı torpaq sahəsinin ölçüsü 187,7 kv.metr göstərilmişdir. Halbuki, bu hamıya bəlli olan haldır ki, ümumi sahəsi 1110,2 kv.metr olan birmərtəbəli tikilinin 187,7 kv.metr torpaq sahəsi üzərində yerləşməsi mümkünsüzdür. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 88/2024 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, "xxxx" X2 tərəfindən "xxxx" ASC ilə bağlanmış ipoteka müqaviləsi mübahisələndirilmiş sonda iddiası rədd edilmiş, hərracın yekunları mübahisələndirilmiş sonda iddiası rədd edilmişdir. Göründüyü kimi, qeyd edilmiş Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, 24/04 nömrəli xx.xx.2017-ci il tarixli hərrac protokoluna əsasən "xxxx" ASC-nin mülkiyyətinə keçmiş, bundan sonra Bank tərəfindən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. İddiaçı "xxxx" ASC ilə müqavilə bağlayarkən istinad etdiyi torpaq sahəsinin və tikililərin ipoteka ilə yüklü edilməsi ilə bağlı ayrıca razılığa gəlməmişlər, o cümlədən hansısa bir hissə müstəqil sahə kimi və ipoteka ilə yüklü edilməyən sahə kimi də göstərilməmişdir. Belə olan halda, iddiaçı həmin əmlak kompleksini 2017-ci ildə "AGBank” ASC-yə satarkən həmin əmlaka xidmət edən texniki pasportda göstərilən torpaq sahəsinə hüququ da yeni mülkiyyətçiyə keçmiş, bununla həm əmlak kompleksi, həm də texniki pasportda göstərilən həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə olan hüquqlarına xitam verilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Elmi-İstehsalat Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportun ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar