Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5839/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişlərinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişlərinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmiş və 1.12.2022-ci il tarixədək pensiya ödənişlərinin verilməsi davam etdirilmiş, həmin tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək növbəti dəfə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, ödənilməmiş əlilliyə görə əmək pensiyasının məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, “... Mərkəzi Filiala daxil olmuş müvafiq xidməti məruzəyə əsasən İddiaçı əyani müayinəyə cəlb olunması nəzərdə tutulduğuna görə əmək pensiyası ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemində İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2027ci il tarixinədək ümumi xəstəlik səbəbindən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlilliyinin müəyyən edilməsi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı əlillik dərəcəsinin müəyyən edilməsi üçün Agentliyinə sorğu göndərilmişdir. Sözügedən sorğunun nəticəsindən asılı olaraq müraciətinizə müvafiq qaydada yenidən baxılacaqdır”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının pensiyasının 1.12.2022-ci il tarixdən hazırkı vaxta qədər dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2022-ci il tarixdən hazırkı vaxta qədər ödənilməmiş qalan pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş pensiya dayandırılmışdır. Şifahi olaraq dəfələrlə 142 çağrı mərkəzi ilə əlaqə saxladıqda ərizəçiyə bildirilmişdir ki, onun əlilliyi Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən dayandırılmışdır. Halbuki sonuncu dəfə Agentliyə müraciət etdikdə, eləcə də e-sosial portalına daxil olan zaman ərizəçiyə təyin olunmuş əlillik qiymətləndirilməsinin qüvvədə olduğu müəyyən edilmişdir. Bu zaman müəyyən olunur ki, cavabdeh tərəfindən əsassız olaraq ərizəçiyə əlilliyə görə əmək pensiyası ödənilməməkdədir. Nə qədər ki, iddiaçının əlillik qiymətləndirilməsi qüvvədədir, ona əlilliyə görə əmək pensiyasının bərpa edilərək ödənilməsi eyni zamanda ödənilməmiş əlilliyə görə əmək pensiyasının birdəfəlik olaraq ödənilməsini zərurət təşkil edir. Yuxarıda qeyd edilənlərlə bağlı cavabdeh orqana müraciət edilməsinə baxmayaraq, edilmiş müraciət cavabsız qalmışdır. Cavabdehin iddiaçının pensiyasının dayandırılmasında ifadə edilən hərəkətləri qanunsuzdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazıl etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2017-ci il tarixli qərarı ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, iddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası almış, lakin cavabdeh tərəfindən pensiya ödənişləri 1.12.2022-ci il tarixdən dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək növbəti dəfə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş və hazırda əlillik altsisteemində iddiaçının əlilliyi qüvədədir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı əmək pensiyasının ödənişinin bərpa edilməsinə yönəlmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. ... 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. ... 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. ... 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. ... 33.3. Əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh iddiaçıya ödənilən pensiya ödənişlərini dayandırarkən inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan pensiya təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırılacağı barədə məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. İddiaçının əlilliyi hazırda qüvvədə olduğundan və hüquqi cəhətdən etibarlı sayıldığından məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən pensiya ödənişinin dayandırılmasından ibarət hərəkəti qanunsuzdur. Buna görə də həmin ödəniş dayandırıldığı tarixdən bərpa edilməlidir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2046/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-881/2022 nömrəli, 2-1(102)-510/2023 nömrəli, 2-1(102)-1265/2023 nömrəli, 2-1(102)-470/2024 nömrəli, 2-1(102)-995/2024 nömrəli qərarları)” Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasının 1.12.2022-ci il tarixdən hazırkı vaxta qədər dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilsin və xx.xx.2022-ci il tarixdən hazırkı vaxta qədər ödənilməmiş qalan pensiya məbləğinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5839/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5839/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver