Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-584/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən, ümumi sahəsi 1200 kv. metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün cavabdehə etdiyi müraciət torpaq sahəsinin iddiaçının istifadəsində olmaması, istinad olunan sərəncamda torpaq sahəsinin ölçüsünün göstərilməməsi, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi əsası ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən, ümumi sahəsi 1200 kv. metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində cəlb edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4192/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il, 506 nömrəli sərəncamı ilə Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli yerləşmə cizgisinə istinad edilərək Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən “Köhnə Bağ” sahələrində 1200 kv. metr torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Sərəncam əsasında verilən torpaq sahəsi üzərində fərdi evin tikintisi üçün Bibiheybət NQÇİ MTK və “Bibiheybət” qəsəbə nümayəndəliyinin müvafiq razılıqları alınmışdır. Qeyd olunan torpaq sahəsi hasara alınaraq faktiki olaraq iddiaçının istifadəsindədir. Həmin torpaqda müxtəlif ağaclar əkilərək yaxşılaşdırma işləri həyata keçirilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin təqdim edilən Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 506 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********29 nömrəli imtina məktubu ünvanlanmışdır. Əlavə olaraq, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32-də yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Lakin xx.xx.2022-ci il tarixli müraciətdən fərqli ərazini göstərmişdir. Belə ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə digər fiziki şəxsin adına (X4) daşınmaz əmlakın dövlət reyestrində keçmiş DTXK tərəfindən verilmiş JN- 29772 saylı şəhadətnamənin yerinə uyğun gəlir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman şərti göstərilən torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı aşkar olunmuşdur. Bundan əlavə, torpaq sahəsinin yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü 1800 kv.m göstərilsə də, faktiki ölçüsü 1750 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq iddiaçı bildirmişdir ki, ona ayrılmış torpaq sahəsinin ölçüsü 1200 kv. metrdir. O etibarnamə verməklə torpaq sahəsini X1, digər şəxslərə etibarnamə verməmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə cavabdehin mütəxəssisləri tərəfindən baxış keçirilməsi üçün torpaq sahəsi iddiaçının özü tərəfindən göstərilmiş və baxış keçirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il, 506 nömrəli “Salyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahələrinin sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə” sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edilərək Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən “Köhnə Bağ” sahələrində 1200 kv. metr torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır; Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il, 506 nömrəli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir; Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Salyan yolu 32 ünvanına aid olan 506 saylı, xx.xx.1997-ci ildə verilmiş eskiz layihə Bibiheybət qəsəbə nümayəndəliyində hal-hazırda uzun müddət keçdiyi üçün aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 saylı sərəncamı istinad edərək, həmin sərəncamla ona ayrılmış, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən 1200 kv.m olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun onun adına qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdehin etirazında qeyd etdiyi iddiaçı tərəfindən göstərilən sahənin digər fiziki şəxsin adına (X4) daşınmaz əmlakın dövlət reyestrində keçmiş DTXK tərəfindən verilmiş JN-29772 saylı şəhadətnamənin yerinə uyğun gəlməsi, iddiaçının istifadəsində olmaması, torpaq sahəsinin yerləşmə cizgisində torpaq sahəsinin ölçüsünün 1800 kv.m göstərilsə də, faktiki olaraq 1750 kv.m təşkil etməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd edilən dəlillər hazırda iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi deyil, digər torpaq sahəsinə münasibətdə göstərilmişdir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hazırkı (********** nömrəli) müraciəti ilə əlaqədar olaraq, cavabdehin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməmişdir (bu barədə müayinə aktı məhkəməyə təqdim edilməmişdir). Cavabdehin özünün də qeyd etdiyi kimi, iddiaçının nümayəndəsi kimi daha əvvəl digər şəxslərin də müraciətləri olmuşdur. Bu səbəbdən müəyyən olunur ki, torpaq sahəsinin yerləşməsinə dair imtina əsasları daha əvvəlki müraciətdə göstərilən sahə üzrə yazılmışdır. Buna görə də, iddiaçının istinad etdiyi yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü 1200 kv. metr qeyd olunsa da, cavabdeh etirazında torpaq sahəsinin yerləşmə cizgisində torpaq sahəsinin ölçüsünün 1800 kv. metr, faktiki isə 1750 kv. metr olması, torpaq sahəsinin iddiaçının istifadəsində olmaması göstərilmişdir. Göründüyü kimi, inzibati icraat natamam aparılmış və əvvəlki müraciətlər üzrə aparılmış icraat zamanı əldə olunmuş məlumatlara istinad edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi kimi digər şəxslərin müraciətləri üzrə inzibati icraat materialları cavabdehdən tələb olunmuş və müəyyən edilmişdir ki, Babaşov Nahid Qanbay oğlu və X3 ayrı-ayrılıqda iddiaçının nümayəndəsi kimi, torpaq sahəsinin ölçüsünün 1800 kv. metr göstərildiyi torpaq sahəsinin yerləşmə cizgisini sənədlərinə əlavə cavabdeh inzibati orqana müraciət etmiş və hazırda iddia olunan deyil, digər bir sahəni şərti olaraq göstərmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak edərək etibarnamə verməklə torpaq sahəsini X2, digər şəxslərə etibarnamə vermədiyini bildirmişdir. Hazırda baxılan ********** nömrəli müraciət isə iddiaçının nümayəndəsi kimi X7 tərəfindən edilmişdir. İddiaçının sonuncu müraciəti ilə əlaqədar torpaq sahəsinə texniki baxış keçirilməsi üçün məhkəmə tərəfindən şərait yaradılmış və xx.xx.2024-cü il tarixdə keçirilmiş baxışda cavabdeh tərəfindən müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin ölçüsü cizgiyə əsasən və faktiki olaraq 1200 kv. metrdir, sözgedən sahənin şərti sərhədlə göstərilən şərq tərəfindən 25-28 metr aralı məsafəsindən yüksək gərginlikli elektrik hava xətti keçir, istinad olunan sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmiş, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Məhkəmə müayinə (baxış) aktında göstərilənlərə də münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, istinad olunan sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməməsi ilə bağlı cavabdehin dəlliləri iddianın rəddi üçün əsas sayıla bilməz. Bir halda ki, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində həmin torpaq sahəsinin ölçüsü göstərilmişdir. Qanunvericiliyin həmin sənədi (sərəncamı) hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçının mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Bundan əlavə, cizgidə göstərilən torpaq sahəsinin 11 aprel 1997-ci il tarixli, 506 nömrəli Sərəncam ilə torpaq ayrılarkən nəzərdə tutulan sahə olmaması isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yerləşmə cizgisi təqdim olunduğu təqdirdə, həmin cizginin arxivdə aşkar edilməməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Belə ki, müvafiq cizginin əvvəlki icra hakimiyyəti tərəfindən arxivə təhvil edilməmiş olması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddia olunan və hazırda şərti olaraq göstərilən torpaq sahəsinə dair digər şəxsin adına sənədin olub-olmaması və ya sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması cavabdeh tərəfindən bildirilməmişdir. Digər tərəfdən cavabdehin “torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi” dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi, cavabdehin bu dəlili də əsassız olmaqla, iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 saylı sərəncamı əsasında ayrılmış, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən, ümumi sahəsi 1200 kv. metr olan torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 saylı sərəncamı əsasında ayrılmış, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən, ümumi sahəsi 1200 kv. metr olan torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-584/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-584/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver