Məhkəmə qərarları › İş №2-1(112)-5840/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5840/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5840/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi və keçmiş dövr üzrə məbləğin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 19733.84 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qərarın ləğv edilməsi və 49.771,25 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş qrafik üzrə (hər ay 1201.50 manat) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Şəmstan oğlu xx.xx.1967-ci ildə doğulmuşdur. İddiaçı xx.xx.2017-ci ildən 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əllik qiymətləndirilməsi 2018-ci ilin Fevral ayında əlillik altsistemində etibarsız hesab edilmişdir. Həmin hərəkətdən narazı qalan iddiaçı əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Reablitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-12912/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Adıçəkilən qərardan Reablitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)1355/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Adıçəkilən qərardan kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Daha sonra həmin qərar reablitasiya xidməti tərəfindən icra edilmiş və iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemində bərpa edilmişdir. Bundan sonra iddiaçı hazırkı iş üzrə cavabdehə müraciət edərək xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən edilmiş müraciətin araşdırılması zamanı inzibati icraat aparılmış və aparılmış inzibati icraat nəticəsində iddiaçıya həqiqətən də 49.771.25 manat pul məbləğlərinin ödənilməli olması müəyyən edilmişdir. Lakin aparılmış araşdırma zamanı cavabdeh inzibati orqan belə bir qənaətə gəlmişdir ki, 30.062017-ci ildən xx.xx.2020-ci ilə qədər iddiaçıya vergi orqanlarının sabiq xüsusi retbəli əməkdaşı kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunan zaman pensiyanın məbləği düzgün şəkildə hesablanmamış və bununla da iddiaçıya ümumilikdə 19733 manat 84 qəpik artıq pul vəsaiti ödənilmişdir. Cavabeh inzibati orqan AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 145 N-li qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan 49771.25 manatdan artıq ödənilmiş 19733.84 manat pul vəsaitinin əvəzləşdirilməsi həyata keçirilmiş və ümumilikdə 30037.41 manat pul vəsaitinin ödənilməsi qənaətinə gəlinmişdir. Cavabdeh orqanın artıq ödənilmiş 19733.84 manat pul vəsaitinin əvəzləşdirilməsi ilə bağlı hərəkəti əsassızdır. Belə ki, ilk növbədə müəyyən etmək lazımdır ki. iddiaçının ödənilməli olan 19771.25 manat pul vəsaiti hansı kateqoriya ödənişə aiddir. İddiaçı hazırda əmək pensiyası alan şəxs kateqoriyasında deyil. Adıçəkilən məbləğ əlillik təyin edən orqanın qanunsuz hərəkətləri nəticəsində hazırkı cavabdeh inzibati orqan tərəfindən ödənilməli olan kompensasiya kateqoriyasına aiddir. Artıq ödənilmiş 19733.84 manat pul vəsaiti isə əmək pensiyası kateqoriyasına aiddir. Həmin pul məbləğinin DSMF-nin büdcəsinə qaytarılmasının üsul və qaydlarını tənzimləyən normalar isə “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasıçısının razılığı ilə, əmək pensiyasını təyin edən orqanın qərarı əsasında razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Binəqədi rayon şöbəsi tərəfindən 30 iyun 2017-ci il tarixindən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Müvafiq məhkəmə qərarına əsasən xx.xx.2017- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə təyin edilmiş əlillik dərəcəsi bərpa edildiyindən pensiya işi araşdırılaraq yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əsasən sabiq vergi orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Nəticədə məlum olmuşdur ki, 30 iyun 2017-ci il tarixində əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 8 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin 1680,27 manatın (son 24 ay üzrə ümumilikdə ödənilmiş 40326,54 manatın 24-ə olan nisbəti) 80 faizi-1344,22 manat məbləğində hesablanmalı olduğu halda, 1773,02 manat müəyyən edilməklə xx.xx.2017xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 3444,70 manat məbləğində artıq pul vəsaiti ödənilib.“Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 8 gün qulluq illərinə görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq illərinə görə əlavə 30,00 manat, rütbəyə görə əlavə 39.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1262,14 manat, digər növ əlavə 85,43 manat olmaqla orta aylıq əmək haqqı 1757,57 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1680,27 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1757,27 manat) arasındakı fərq məbləğinin (77,30 manat) 65 faizi-50,24 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1344,22 manat) üzərinə əlavə olunmaqla əmək pensiya 1394,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25100,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 34345,62 manat ödənilib. Buna görə də həmin dövr üzrə sizə 9245,34 manat artıq pul vəsaiti ödənilib. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinizə görə əlavə 30,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1887,66 manat, digər növ əlavə 85,43 manat olmaqla orta aylıq əmək haqqı 2552,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1757,57 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (2552,09 manat) arasındakı fərq məbləğinin (794,52 manat) 65 faizi- 516,44 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1394,46 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 1910,90 manat məbləğində hesablanmalı olduğu halda, 2663,25 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 3009,40 manat məbləğində artıq pul vəsaiti ödənilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020- ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 153,00 manat, rütbəyə görə əlavə 39.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1887,66 manat, digər növ əlavə 85,43 manat olmaqla orta aylıq əmək haqqınız 2675,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2552,09 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (2675,09 manat) arasındakı fərq məbləğinin (123,00 manat) 65 faizi-79,95 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanın (1910,90 manat) üzərinə əlavə olunmaqla əmək pensiya 1990,85 manat məbləğində hesablanmalı olduğu halda, 2663,25 manat müəyyən edilməklə xx.xx.2020xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də hərnin dövr üzrə 4034,40 manat məbləğində artıq pul vəsaiti ödənilib. Əlillik dərəcəsinin 3 iyun 2020-ci il tarixindən etibarsız edilməsi ilə əlaqədar pensiya ödənişi 1 iyul 2020-ci il tarixindən dayandırılıb. Müvafiq məhkəmə qərarına əsasən əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2020-31,07.2022-ci il tarixləri arasındakı dövr üzrə sizə ödənilməli olan ümumilikdə 49771,25 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2017-31,07.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 30037.41 (497xx.xx-19733.84) manat pul vəsaiti hesablanıb. Həmin 30037,41 manat vəsait 2023-cü ilin noyabr ayından etibarən hər ay 1201,50 manat olmaqla müvafiq kart hesabına köçürülür. Eyni zamanda maddi yardım üzrə 2022-ci il üçün ödənilməli olan ümumilikdə 1393,56 manat pul vəsaiti hesablanıb. Həmin 1393,56 manat vəsait də 2023-cü ilin noyabr və dekabr aylarında hissə-hissə müvafiq kart hesabına köçürülüb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqim edərək iddiaçə İddiaçı barəsində artıq ödənilmiş 19733,84 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hrəkətlərin əsassız hesab edilməklə həmin əvəzləşdirmə barədə cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3- 7-16148/2023 nörməli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasının ləğv edilməsi və ona ödənilməli olan 49771,25 manat pul vəsaitinin cavabdeh tərəfindən təyin edilmiş qrafik üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112) 12912/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1355/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)12912/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının ilkin müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 2.2.1 ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı diaqnozu ilə ikinci dərəcə əlildir, növbəti müayinə tarixi xx.xx.2022-ci il. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla göndərilmiş pensiya işinə dair sənədlərin surətindən görünür ki: -DSMF-nin Binəqədi rayon şöbəsinin xx.xx.2017-ci il tarilxi 71 nömrəli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən İİ dərəcə əlil dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-16148/2023 saylı pensiyanın yenidən hesablanması barədə qərarından görünür ki, pensiyanın yenidən hesablanması səbəbi: əlilliyin bərpası(məhkəmə qərarı), dövlət məvacibinin cəmi 2675, 09 manat, pensiya faizi 65%, yenidən hesalanmış pensiya məbləği 1990,85 manat, hazırkı pensiya məbləği 2663,25 manat, ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri barədə məlumat: xx.xx.2017-xx.xx.2022-ci il, məbləğ 30037,41 manat/ 25= 1201,49, maddi yardım birdəfəlik vurulsun. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə ilkin olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Qeyd edilən əlillik dərəcəsinə görə iddiaçıya DSMF Binəqədi rayon şöbəsi tərəfindən 30 iyun 2017-ci il tarixindən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əlillik dərəcəsi əlillik alt sistemdə xx.xx.2020-ci il tarixdən etibarsız hesab edilmiş, bununla əlaqədar iddiaçıya pensiya ödənişi 1 iyul 2020-ci il tarixindən dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112) 12912/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyi etibarsız hesab edildiyi tarixdən bərpa edilmiş, qərar cavabdeh TSERA tərəfindən icra olunmuş və iddiaçının əlilliyi əlillik alt sistemində xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Məhkəmə qərarına əsasən əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar iddiaçının pensiyası cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən hesablanmış və bu zaman iddiaçıya xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 49771,25 manat ödənilməli olan pul vəsaiti hesablanmışdır. Eyni zamanda müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən iddiaçının 20 il 8 gün qulluq illərinə görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 65 faiz olaraq müəyyən edilərək 1 mart 2018-ci il tarixindən etibarən qulluq stajına görə əlavələri yenidən hesablanmış və nəticədə iddiaçıya ümumilikdə keşmiş dövr üzrə 19733.84 manat əlavənin artıq ödənildiyi (artıq ödəmə) müəyyən olunmuşdur. Cavabdeh əlillik dərəcəsinin bərpası ilə əlaqədar pensiyanı yenidən hesablamış, bu zaman keçmiş xx.xx.2020-xx.xx.2022-ci il tarixləri dövr üzrə ödənilməli olan pensiya məbləğini 49771.25 manat, 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qulluq stajına əlavə olaraq keçmiş dövr üzrə 19733.84 manat artıq ödəmə hesablamış və ödənilməli olan (əksik) məbləğdən artıq ödəməni çıxmaqla (əvəzləşdirməklə) iddiaçıya cəmi 30037.41 (497xx.xx-19733.84) manat pul vəsaitinin ödənilməli olduğu qənaətinə gəlmiş və mübahisələndirilən qərarın ötən dövr üzrə alınmamış məbləğ qrafasında ödənilməli məbləği 30037.41 manat olaraq bəyan etmişdir. Qeyd edilən məbləğ hazırda 25 aya bölünməklə 2023-cü ilin noyabr ayından etibarən hər ay 1201,50 manat, maddi yardım üzrə 2022-ci il üçün ödənilməli olan məbləğ nəzərə alınmaqla isə 1393,56 manat pul vəsaiti hesablanaraq ödənilir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin iddiaçının qulluq stajına görə əlavənin hesablanması qaydasını mübahisələndirmir. İddiaçı cavabdehin pensiyanın yenidən hesablanma barədə qərarını yalnız keçmiş dövr üzrə ödənilməli olan məbləğlə artıq ödənilməli məbləğ kimi müəyyən edilmiş məbləğin əvəzləşdirilməsi, yəni 49771.25 manat ödənilməli məbləğdən 19733.84 manat məbləğin tutularaq cəmi ödənilməli məbləğin 30037.41 manat hesablanması hissəsində mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Göründüyü kimi adıçəkilən qaydalar da keçmiş dövr üzrə əskik və artıq ödəmələrin əvəzləşdirilməsinin bilavasitə ƏPQ-nun 39.1-ci maddəsinin tələbindən asılı etmişdir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubunda, eləcə də iddiaya etirazda iddiaçıya verilməli olan məbləğdən əvvəlki səhv hesablama zamanı artıq vəsait kimi müəyyən etdiyi məbləğin çıxıldığını bilavasitə bildirmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu iddiaçıdan onun aylıq əmək pensiyasından artıq ödənilmiş hesab etdiyi məbləğin tutulmasına razılığının alınması ilə bağlı müraciət deyil, artıq ödənilmiş hesab etdiyi məbləğdən 19733,84 manat pul vəsaitinin əmək pensiyasından tutulmanın (əvəzləşdirmənin) aparıldığı barədə “məlumat”dır. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların (əvəzləşdirmənin) aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. Belə olan halda, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulma (əvəzləşdirmə) barədə hərəkətləri qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində tutma barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin pensiyanın tutulması ilə bağlı mövqeyi məhz xx.xx.2023-cü il tarixli qərarında “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 30037,41 manat olaraq qeyd edilmişdir. Qərarın qeyd edilən hissəsi müvafiq maliyyə şöbəsi üçün məcburi olmaqla iddiaçıya pensiyanın məhz həmin qrafadakı göstəriş əsasında ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavadehin xx.xx.2023-cü il tarixli qərarı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən qərar həmin hissədə qanunsuz, əliverişsiz olmaqla ləğv edilməli və iddiaçıya keçmiş dövr üzrə ödənilməli olan 49771,25 manat məbləğin təyin edilmiş müvafiq qrafik üzrə ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 16148/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında ödənilməli məbləğin 30037,41 manat müəyyən edilməsi hissəsində ləğv edilməli və iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 49771,25 manat pul vəsaitinin təyin edilmiş müvafiq qrafik üzrə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-16148/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” qrafasında ödənilməli məbləğin 30037,41 manat müəyyən edilməsi hissəsində ləğv edilsin. İddiaçı xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 49771,25 manat pul vəsaitinin təyin edilmiş müvafiq qrafik üzrə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar