Məhkəmə qərarları › İş №2-1(112)-5842/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5842/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5842/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “29.12.2021-ci il tarixli **********206500 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 29 dekabr 2021ci il tarixli **********206500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 29 dekabr 2021 -ci il tarixli **********206500 nömrəli qərarla iddiaçı tərəfindən təqdim edilmiş 2018-ci il üçün Mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin 229.2 sətrində 161537,30 manat qeyri-rezident üzrə göstərilmiş nəqliyyat xərclərini 2018-ci il üçün Mənfəət vergisi bəyannaməsinin 1608.3 sətrində göstərilmədiyi üçün ödəmə mənbəyindən 6% vergi, cərimə və faizlər hesablanaraq, iddiaçının bank hesablarının (Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialındakı AZ84İBAZ******************** saylı hesaba göndərilmiş **********9D saylı və Muğanbank ASC-nin Binəqədi filialındakı AZ78MUGA**********00022AZM07 saylı hesaba göndərilmiş **********0D saylı sərəncam) dondurulması barədə sərəncam qoyulmuşur. İddiaçı, 2018-ci il ərzində Azərbaycan Respublikasının hüdudlarından kənardakı gəlirlərə aid olan xərclərlə bağlı qeyri-rezident X1 Ticaret Ve Sanayi Ltd.Sti-nə daşınma xidməti üçün 161537,30 manat (83680,48 avronun manatla ekvivalenti) vəsait ödəmişdir ki, həmin şirkət müqavilə şərtlərinə müvafiq Türkiyədən OMAN-a yük daşımışdır. Cavabdeh tərəfin tətbiq etdiyi qərar və sərəncamlara görə hesabladığı 6% ödəmə mənbəyindən vergi əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 125.1.4-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz nəzərdə tutulmuşdur. X2 Ticaret Ve Sanayi Ltd.Sti-yə ödənilmiş vəsaitlə Beynəlxalq daşıma xidməti Azərbaycan Respublikası ilə hüdudlarından kənarda diğər ölkələr arasında aparılmışdır.

3. Cavabdeh orqan tərəfindən məhkəməyə (dəftərxana vasitəsilə) təqdim olunmuş vəsatətdə bildirilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 29.12.2021-ci il **********206500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərar qəbul edildikdən sonra vergi ödəyicisi tərəfindən 31.12.2021-ci il tarixdə 2018-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə hesablanmış əlavə vergi məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş 11.01.2022-ci il tarixli **********587700 nömrəli və 24.02.2022-ci il tarixli **********216200 nömrəli izahatlar və sənədlər əsasında 25.02.2022-ci il tarixdə azaldılaraq, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Qeyd edilənlərə əsasən mübahisə predmetini təşkil edən qərar ləğv edildiyindən, iş üzrə mübahisə predmeti artıq mövcud deyildir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

4. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

5. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar formal olaraq ləğv olunmamış olsa da, cavabdeh tərəfindən iddiaçının tələbi mahiyyət etibarilə təmin olunaraq iddiaçının təqdim etdiyi bəyannamə nəzərə alınmış və şəxsi vərəqədə müvafiq düzəliş edildiyindən işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

6. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar