Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5843/2021 04.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Vəkillər Kollegiyasına 3-cü şəxs - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi qarşı “pulun geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası X3rşı 1-ci cavabdeh vəkillər kollegiyasının rəyasət heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 manat pul məbləğinin tutulmuş olması üçün 17 mart 2018-ci il tarixdə çıxarılmış qərarın ləğv edilərək etibarsız sayılması, iddiaçıdan alınmış 850 manat pul məbləğinin ona qaytarılması, cavabdeh təşkilatın respublikanın vəkillər kollegiyasının sədri və digər məsul vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılması və prokurorluğa göndərilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə iddiaçıya hüquqi yardım haqqında məktub göndərərək, qanunvericiliyin müvafiq tələblərini izah etmişdir. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsi barədə ərizəsi qismən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabdeh qismində, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin isə üçüncü şəxs qismində göstərilməsi hissəsində icraata qəbul edilməsi, tələbin isə iddia ərizəsində göstərilən tələblə eynilik təşkil etdiyindən, həmin hissədə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, o, əvvəllər vəkilliyə namizəd olmaqla bir neçə dəfə test imtahanlarında və müsahibədə iştirak etmişdir. Hər imtahanda iştirak etmək üçün Vəkillər Kolegiyasına 200 manat məbləğində pul ödəmişdir. Ümumilikdə ondan alınmış 850 manat pul məbləğinin cavabdehlərdən tutularaq ona qaytarılmasını tələb edir. Göstərilənlərə əsasən iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər X1 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulmuş ödəniş 200 manat məbləğində müəyyən edilmişdir. İddiaçı da vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak etmək üçün nəzərdə tutulmuş məbləği ödəmişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası publik hüquqi şəxs kimi müəyyən edilməmişdir, yəni inzibati orqan deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası inzibati orqan kimi müəyyən olunmamışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.2ci maddəsinə əsasən Vəkillər Kollegiyası hüquqi şəxsdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Nizamnaməsinin (xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır) 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarəetmə, qeyrikommersiya məqsədilə yaradılmış təşkilatdır. Həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən Vəkillər Kollegiyası bütün vəkillərin üzvlüyünə əsaslanan hüquqi şəxsdir... «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hazırkı mübahisədə tərəflər arasında olan münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilmir. Bu münasibətlər ümumi (publik) hüquq normaları ilə deyil, mülki qanunvericiliyin normaları ilə nizama salınır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası inzibati orqan olmadığından, iddiaçının pulun qaytarılması ilə bağlı tələbi inzibati mübahisə olmadığından, iddia tələbi mümkün sayılmamalıdır. Həmçinin, məhkəmə iddia tələbinin “cavabdeh təşkilatın respublikanın vəkillər kollegiyasının sədri və digər məsul vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılması və prokurorluğa göndərilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edərək hesab edir ki, iddia tələbi bu hissədə də mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsində tərəflərin xüsusi qərardad çıxarılmasına dair vəsatət (tələb) verməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5843/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5843/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver