Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5843/2024 19.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində qəbul edilən xx.xx.2018-ci il tarixli, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılma əmrinin ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində oktyabr 2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək kursant, xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək X3 hərbi xidmət keçmiş və 2018-ci il də yanlış olaraq «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddənin «e» bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Bu faktları təsdiq edən sənədləri, yəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən xx.xx.2019-ci tarixdə təqdim edilmiş Arayış və iddiaçıya məxsus Hərbi Bileti ərizəmə əlavə etmişdir. İddiaçı hal-hazırda sözügedən qərarın ucbatından peşə fəaliyyəti ilə məşğul ola bilmir və heç bir işə qəbul oluna bilmir. İddiaçı qey edir ki, ehtiyata buraxılmağının əsas səbəbi kimi təsbit edilən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e" bəndində göstərilən xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı əsassız olmaqla birlikdə, reallığı əks etdirmir. Belə ki, iddiaçı X3 hərbi xidmət keçdiyi dövrdə rəhbərliyə dəfələrlə müraciət edərək ailə vəziyyəti ilə əlaqədər yaşadığı əraziyə yaxın olan hərbi hissəyə göndərilməsini xahiş etsə də, müraciətləri baxılmamış saxlanılmışdır. İddiaçı yaşadığı ünvana yaxın olan hərbi hissəyə göndərilməsi ilə bağlı məsələyə baxılması mümkün olmadığına görə rəhbərliyə müraciət edərək ailə vəziyyətimlə əlaqədər ehtiyata buraxılmağını, müvafiq məsafənin uzunluğu, qayğısına qalınmalı 2 (iki) azyaşlı uşaq və səhhətində müəyyən problemlər olan valideyninin olması kimi səbəbləri göstərərək müraciət etməyinə baxmayaraq, bu müraciəti nəzərə alınmamış, sonradan isə əsassız olaraq, “xidməti uyğunsuzluğa görə” səbəbi irəli sürülərək Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İndi isə belə bir qərarın mövcudluğu iddiaçının rəsmi olaraq işləməyinə maneçilik törədir. İddiaçı qeyd edir ki, həm xx.xx.2016-cı il tarixdən xx.xx.2017-cı il tarixə kimi müvafiq kursun iştirakçısı olmaqla aldığı “X3 Hərbi Xidmət Hərbi X1 Bitirmə Haqqında” MA 8793 №-li Sertifikat, həm də xx.xx.2017-ci il tarixli təltif olunduğu Fəxri Fərman iddiaçının xidməti uyğunsuzluq səbəbindən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmamalı olduğu nəticəsinə gəlməkdə yardımçı ola bilər. Yuxarıda göstərilmiş fakt və sənədlər ümumi olaraq dəyələndirilərək iddiaçının "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən ehtiyata buraxılmağının yanlış olduğu nəticəsi çıxarıla bilər. Əlavə olaraq iddiaçı öz arzusu ilə ailə vəziyyətinə görə ehtiyata buraxılmağının səbəbi barədə 2018-ci il tarixində raport yazaraq rəhbərliyə təqdim etmişdir. Raportda ehtiyata buraxılma səbəbi açıq aydın qeyd edilmiş olsa da, əsassız olaraq iddiaçının hərbi biletində ehtiyata buraxılma səbəbi “xidməti uyğunsuzluğ” olaraq qeyd edilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh orqana xx.xx.2023-cü il tarixində rəsmi qaydada müraciət edərək "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən “xidməti uyğunsuzluğa görə” səbəbi ilə ehtiyata buraxılma əmrin ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən 35 gün müddətində müraciətə cavab verməmişdir.
3. İddiaçı məxsus ******* nömrəli Hərbi Biletdə qeyd olunmuşdur ki, 11 noyabr 2018-ci ildə xx.xx.2018-ci il tarixli 0115əç əmr əsasında və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır.
4. Azərbaycan Respublikası Səfərbərlik və hərbi Ximdətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 7 nömrəli Arayışda qeyd olunmuşdur ki, ehtiyatda olan MAHHXQ kiçik-çavuş 1990-cı il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan-Respublikası Silahlı Qüvvələrində oktyabr 2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək müddətli həqiqi hərbi xidmət, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək kursant, xx.xx.2017-ci il tarixdən 02.11,2018-ci il tarixədək X3 hərbi xidmət keçmişdir və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddənin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 122 nömrəli fərmanına və Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0121 əmrinə əsasən İddiaçı xidmət illəri xx.xx.2017-ci il tarixdən 31 01 2018-cı il tarixədək, 31.01,2018-ci il tarixdən 07.02 2018ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ıl tarixədək olan xidmət illəri təqaüd təyin edilərkən 1 (bir) günü 2 (iki) gün hesablanmalıdır. Əsas: Şəxsi iş № 374
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
7. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
8. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik xx.xx.2018-ci il tarixli, 0115 əç nömrəli əmrin ləğv edilməsini tələb edir.
9. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
12. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X2rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).
13. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.
14. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir.
17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 0115 əç nömrəli əmr əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır.
18. Məhkəmə nəzərə alır ki, iddiaçı müvafiq əmrin qəbul edilməsindən (xx.xx.2018-ci il tarixində) təxminən 05 il 02 ay sonra məhkəməyə şikayət etmişdir.
19. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
20. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
21. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
22. Odur ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya müvafiq hüquqi yardım göstərilərək (İPM-in 13-cü maddəsinə əsasən) prosessual müddətin ötürülməsini əsaslandıran hallar barədə məlumatın məhkəməyə təqdim edilməsi təklif edilmişdir.
23. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
24. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
26. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva