Məhkəmə qərarları › İş №2-1(112)-5843/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5843/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5843/2025 04.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-55/2-2-26257 saylı məktubunun əsassız əsassız hesab edilərək, İddiaçı3, İddiaçı4 Məmmədbağı qızının, İddiaçı5, İddiaçı2, İddiaçı1 Şaiq oğlunun Bakı şəhəri, Xətai rayonu, İ.Həbibi küçəsi, ev 46, mənzil 4 ünvanına qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar-beş nəfər ailə üzvü "X3 Zavodunun xx.xx.2004-cü il tarixli məktubu əsasında, ünvan 2 ünvanına köçərək birlikdə yaşamağa başlamışdır və hazırda 20 ildən artıq vaxtdır ki, qeydiyyatsız olaraq həmin mənzildə yaşayırlar. Bu illər ərzində mənzilin bütün kommunal xidmət xərclərini iddiaçılar tərəfindən ödənmişdir. Lakin mənzilə qeydiyyatları yoxdur və bu səbəbdən bəzi problemlərlə rastlaşırlar. Xüsusilə də, yaşadıqları ərazidən seçkilərdə iştirak edə bilmirlər. Yaşadıqları ərazidən bir çox xidmətlərdən İstifadə edə bilmirlər. İddiaçılar xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək,onları 20 ildən artıq müddətdə mübahisəsiz olaraq qeydiyyatsız olaraq yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata alınmaqları barədə göstəriş verməsini xahiş etmişdirlər. Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən cavab məktubunda bildirilmişdir ki, yaşayış yeri qeydiyyata alınması üçün vətəndaş Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas sənəd: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər təqdim edilməlidir. Faktiki yaşadıqları sənədsiz evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına və ya sözügedən evə qeydiyyata alınma tələbi ilə bağlı Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında məhkəməyə müraciət etməklərinin məqsədəuyğun olacağı və qeyd olunan sənədlərin təqdim edilməsindən sonra vətəndaşların faktiki yaşadıqları ünvana qeydiyyata alınma məsələsinin öz müsbət həllini tapacağı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara və cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçılar faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi 46 saylı evin 4 saylı mənzilində yaşadıqlarını əsas gətirərək faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmaları ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim olunmadığını əsas gətirərək iddiaçıya imtina cavabı vermişdir. İddiaçılar cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək ünvan 5 ünvanına qeydiyyata alınmalarını inzibati məhkəmə icraatında mübahisələndirmişlər. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli, 2-1(112)-13231/2024 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan apellyasiya şikayəti verilməmişdir. Məhkəmənin qərarında qeyd edilmişdir ki, iddiaçının yaşadıqları Bakı şəhəri “Azərneftyağ” X4 tərəfindən müvəqqəti olaraq verilmişdir. Lakin, həmin ünvan rekviziti altında olan mənzil üzərində X1 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır ki, bu hal hazırkı vəziyyətdə iddiaçıların digər şəxsin mülkiyyətində olan mənzilə qeydiyyata alınmasını istisna edir. İddiaçılar xx.xx.2024-cü il tarixdə eyni ünvana qeydiyyata alınma ilə bağlı inzibati orqana edilmiş əvvəlki imtina ilə yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişlər. Beləliklə, iddiaçılar hazırda başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********06 saylı cavab məktubuna istinad edərək qeyd olunan ünvan 6 ünvanların təyin edildiyi bildirərək yeni ünvan üzrə qeydiyyata alınmasını tələb etmişlər. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı” ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1-3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Göründüyü kimi, daşınmaz əmlak obyektinə ünvan verilməsi və ya dəyişdirilməsi halları qanunvericilikdə konret qeyd edilmişdir. Hazırkı işdən müəyyən edilir ki, iddiaçılar yenidən mübahisəli ünvana qeydiyyata alınma üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə sadalanan hüquqmüəyyənedici sənədləri təqdim etməmişlər. İddiaçıların faktiki yaşadıqları əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu halda iddiaçılar mübahisəli ünvana dair hüquq sahibi olmadığından həmin ünvana qeydiyyata alınma ya onlara məxsus olduğunu iddia etdikləri əmlaka dair başqa bir ünvan verilməsini tələb etmək hüququna da sahib deyillər. Təsadüfi deyildir ki, daşınmaz əmlakın reyestrini həyata keçirən orqan iddiaçılara ünvanladığı məktubunda yeni ünvanın verilməsi üçün həmin mənzilə dair hüquqmüəyyənedici səndlərin təqdim edilməli olduğunu bildirmişdir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar