Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5845/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “qeydiyyatın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022 il tarixli, 2-(005)-321/2022 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı evin 17 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5845/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) iddia tələbinin “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə icraatı bərpa edilmiş Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə X2 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi göstərilməsi qərara alınmışdır.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 2- 396/1995 saylı 28 aprel 1995-ci il tarixli qətnaməsi ilə iddiaçının X3 qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Zərgərpalan (keçmiş K. İsmayilov) küçəsi, 113 saylı evin 17 saylı mənzilin alqı-satqısına dair xx.xx.1990-cı il tarixli müqavilə ləğv edilmiş və X2 ona qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin mənzilə dair yeni çıxarışın alınması məqsədi ilə iddiaçı cavabdeh quruma müraciət etdikdə ona Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı evin 17 saylı mənzil alqı-satqı müqaviləsinə əsasən X2 adına sənədləşdirildiyi bildirilmişdir. Bununla bağlı iddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı 28 aprel 1995 il tarixli qətnaməsinin surətinin icra edilməsi üçün cavabdeh quruma göndərilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, həmin məhkəmədə 2-396/1995 saylı mülki iş mövcud deyil. Bununla bağlı Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə, Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciətlər edilmiş, lakin göstərilən mülki işin olmadığı barədə cavablar alınmışdır. Bu səbəbdən iddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X3 qarşı Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı 113 saylı evin 17 saylı mənzilin alqı-satqısına dair xx.xx.1990-cı il tarixli müqavilənin ləğv edilməsi və X2 ona qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiasının rədd edilməsinə dair 2-396/1995 saylı mülki işin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022 il tarixli, 2-(005)-321/2022 saylı qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilmiş, onun 12 saylı dövlət notariat kontoruna və X3 qarşı xx.xx.1990-cı il tarixli Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı evin 17 saylı mənzilin alqı-satqısına dair müqavilənin ləğv edilməsi və X2 ona qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiasının rədd edilməsinə dair 28 aprel 1995-ci il tarixli 2-396/1995 saylı mülki işi üzrə icraatın bərpa edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bununla bağlı iddiaçı xx.xx.2022-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ərizəyə əlavə olunmuş və qanuni qüvvəsini almış qətnamənin icrasını xahiş etmişdir. Lakin cavabdeh qurum xx.xx.2023-cü il tarixli məktubla Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 2-( 005)-321/2022 saylı qətnaməsi ilə idarənin üzərinə hər hansı öhdəlik qoyulmadığı bildirilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir: Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 133 saylı evin 17 saylı mənzilinin İddiaçı adına sənədləşdirilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ərizənizə əlavə etdiyiniz Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı “itirilmiş məhkəmə icraatının bərpa edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, İddiaçı Baki şəhəri 12 №li dövlət notariat kontoruna və X3 qarşı xx.xx.1990-cı il tarixli Baki şəhəri K.İzmaylov küçəsi,133-cü evin 17 mənzilinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və X2 İddiaçı qarşı Bakı şəhəri K.İzmaylov küçəsi, 133-cü evin 17 mənzildən cıxarılma tələbinə dair qarşılıqlı tələbinin rədd edilməsinə dair 28 aprel 1995-ci il tarixli 2-396/1995 saylı işi üzrə icraat bərpa edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi.
9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
10. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. II. İddianın növü və mümkünlüyü
7. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
9. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
10. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 4.1-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri 12-ci dövlət notariat kontoruna və X3 qarşı xx.xx.1990-cı il tarixli Bakı şəhəri, K.İzmayılov küçəsi, 133-cü evin, 17-ci mənzilinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiasının təmin edilməsi, X2 İddiaçı qarşı onun bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, K.İzmaylov küçəsi, 133-cü evin, 17-ci mənzildən çıxarılmasına dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
14. Göründüyü kimi, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi məhkəmə qətnaməsi əsasında ləğv edilsə də, X2 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ünvan 3 ünvanı X2 adına qeydiyyata alınmasına əsas olmuş qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ləğv edildiyindən, Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə X2 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli, Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
15. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
16. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
18. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə icraatı bərpa edilmiş Nərimanov Rayon Xalq Məhkəməsinin 2- 396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə X2 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva