Məhkəmə qərarları › İş №2-1(112)-5846/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5846/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5846/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2015-ci il təvəllüdlü X4 anadangəlmə “X7” xəstəsidir. Tibbi–Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə X4nun 3 il müddətinə 3.1.2, davamlı nəzərəçarpan hərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9) diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmin qərarda sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixi xx.xx.2021-ci il tarix, təyinat müddəti 3 il, növbəti müayinə tarixi isə xx.xx.2021-ci il göstərilmişdir. X4nun sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar ona 150 manat sosial müavinət, həmçinin ona qulluq edilməsinə görə 50 manat Prezident təqaüdü təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən qeyd edilən sosial müavinət və təqaüdün verilməsi dayandırılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə X4nun təkrar olaraq 3 il müddətinə eyni diaqnozla sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməyən müavinətin və təqaüdün verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, övladınız X1 xx.xx.2018-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanları məhdudluğunun müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən övladınız M.Əhmədzadənin təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2022-ci il tarixindən 200 manat məbləğində sosial müavinət təyin edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. xx.xx.2021ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Övladınız M.Əhmədzadənin sağlamlıq imkanlarının məhdudluğunun müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında onun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2022-ci il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) övladınıza ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına və Qaradağ rayon 19 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu xx.xx.2015-ci il təvəllüdlü X4nun anadangəlmə “X7" xəstəliyinə görə sağlamlıq imkanları məhdud uşaq kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək altı ay müddətdə almadığı ümumilikdə 1440 manat ödənilməmiş məbləğin bərpa olunmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Miidafıə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxaırda qeyd edilən hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlunun sağlamlıq imkanları məhdudluğunun müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bundan sonra dərhal Qaradağ rayon 19 saylı Birləşmiş şəhər xəstəxanasına müraciət etmiş və oğlu təkrar müayinə olunmuşdur. Təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş müvafiq olaraq oğluna xx.xx.2022-ci il tarixdən 200 (iki yüz) manat, ona isə uşağa qulluğa görə 80 (səksən) manat məbləğində yenidən sosial müavinət təyin olunmuşdur. Sənədləri vaxtında təqdim etməyinə baxmayaraq oğlunun sosial müavinəti 18 aprel 2022-ci il tarixdə bərpa olunub. Poliklinikanın baş həkimi X5 hər dəfə müxtəlif bəhanələr gətirərək sistemin işləmədiyini, forma 88-i düzgün doldurmadığını bildirərək, nəticədə oğlunun əlilliyi 6 ay 22 gündən sonra gecikməklə yenidən bərpa olundu. Əlliliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 14 İyul 2021-ci il tarixli 3.3-1 maddəsinə əsasən Əlillik müddəti bitdikdən sona 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunur. Yəni 6 ay sonra almadığı məvacibi də almalıdır. Oğlunun isə əlilliyinin bərpasını 6 ay 22 gündən sonra veriblər. Səbəbi isə cavabdeh dövlət qurumları olub ki, sənədləri vaxtında təqdim etməyinə baxmayaraq müraciətinə bilərəkdən və yaxud bilməyərəkdən səhlənkarlığa yol verərək oğlunun əlilliyinin bərpasını gecikdiriblər. İddia tələbinin məzmunundan və iddiaçının çatmaq istədiyi hüquqi marağından müəyyən edilir ki, iddiaçı oğlunun əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən əlilliyin və müvafiq ödənişlərin bərpa olunduğu xx.xx.2022-ci il tarixə qədər ödənilməyən müavinətlərin verilməsini istəyir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası, hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Məhkəmə hesab edir ki, iddiaçının çatmaq istədiyi hüquqi marağı ona əlilliyin dayandırıldığı tarixdən, bərpa edildiyi tarixədək olan dövrlərdə ödənilməmiş müavinəti ödənilməsi ilə bağlıdır. Bu isə, istinad edilən qanunun normasına görə, yalnız şəxsin əlilliyi (və ya sağlamlıq imkanlarının məhdudluğu) müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən sonra mümkündür. Ona görə də, uyğun olmayan iddia növünün uyğun iddia növü ilə əvəz edilməsi və buna müvafiq olaraq da cavabdehlərin əvəz edilməsi təklif edilmiş, müvafiq hüquqi yardım göstərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Qaradağ rayon 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının cavabdehlikdən çıxarılmasını, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabdeh kimi qəbul edilməsi və tibb müəssisəsinə müraciət etdiyi tarixdən X4nun əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdehlər Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Qaradağ rayon 19 saylı Birləşmiş Şəhər Xəstəxanası, əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) ilə əvəz edilmiş, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddianın bu qaydada dəyişdirilməsi və cavabdehlərin əvəz edilməsi mümkündür. Belə ki, idddiaçı bilavasitə bu tələblə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə hazırkı məsələdə köməklik göstərilməsi ilə bağlı müraciəti adiyyəti üzrə baxılması üçün cavabdehə göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, X4nun əlilliyə görə müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən daxil olan müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, M.Əhmədzadənin əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən üç il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyini barədə qərar qəbul edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. M.Əhmədzadəyə dair yeni təyinat tarixi ilə (xx.xx.2022-ci il) əlilliyin bitdiyi tarix (xx.xx.2021ci il) arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyə görə müavinətin ödənilməsi mümkün deyildir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, M.Əhmədzadənin sağlamlıq imkanlarının məhdudluğunun müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında onun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2022-ci il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) M.Əhmədzadəyə ərizədə qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X4nun əlilliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq qurumlara müraciət etmiş, onun müraciəti baxılması üçün cavabdeh inzibati orqana göndərilmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının oğlu xx.xx.2015-ci il təvəllüdlü olmaqla həm faəliyyət qabiliyyəti olmayan şəxs, həmçinin sağlamlıq imkanlarının məhdudluğu olan şəxs olduğuna görə, hazırkı işdə onun tərəf kimi prosessual fəaliyyət qabiliyyəti olmadığından, anası (qanuni nümayəndəsi) iddiaçı hazırkı iddianı verməkdə haqlı olmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçının oğlu xx.xx.2015-ci il təvəllüdlü X4 anadangəlmə “X7” xəstəsidir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə onun 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar ona 150 manat sosial müavinət, həmçinin ona qulluq edilməsinə görə iddiaçıya 50 manat Prezident təqaüdü təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyin müddətinin bitməsi səbəbindən müavinət və təqaüdün verilməsi dayandırılmışdır. xx.xx.2022-ci il tarixdən müayinədən sonra təkrar olaraq X4nun sağlamlıq imkanlarının məhdudluğu 3 il müddətinə müəyyən edilmiş və qeyd olunan sosial müavinət və təqüdün verilməsi davam etdirilmişdir. İddiaçı hazırkı tələbində oğlunun əliliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdə müəyyən edilməsi tələbini irəli sürmüşdür. Cavabdeh isə iddiaya etiraz edərək əliliyin komissiya tərəfindəın tibb müəssisəsinin göndərişi əsasında müəyyən edildiyini, göndərişin isə xx.xx.2022-ci il tarixə daxil olduğunu göstərərək iddia tələbinin əsassız olduğunu bildirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçı tələbində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o oğlunun əlilliyi dayandırılıqdan sonra dərhal tibb müəssisinə müraciət etmiş, lakin orada həkim gah sistemin işləməməsini, gah həkimlərin olmamasını əsas gətirərək göndərişin gec göndərildiyini bildirmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...xx.xx.2015-ci il təvəllüdlü X4 xx.xx.2017 - xx.xx.2017-ci il tarixdə “Dəqiqləşdirilməmiş ensefalopatiya G93.4” diaqnozu ilə X2 müalicə alıb. xx.xx.2017-ci il xx.xx.2017-ci il tarixdə UNX-da “G80.4 Ataktik serebral iflici” diaqnozu ilə müalicə alıb. xx.xx.2018 - xx.xx.2018-ci il tarixdə Uşaq serebral iflici ataktiv forma, Lui Bar sindromu ilə UNX-da müalicə alıb. xx.xx.2018 - xx.xx.2018-ci il tarixdə ATU-nun Terapevtik Klinikasında “ G 11.3A DNT-nin reparasiya pozğunluğu ilə gedən beyincik ataksiyası. Lui Bar sindromu” diaqnozu ilə müalicə alıb. xx.xx.2018-ci il tarixdən 4 N-li X3 nevroloji kabinetinə “G11.3A DNT-nin reparasiya pozğunluğu ilə gedən beyincik ataksiyası” diaqnozu ilə müraciət edib. HMK-nın qərarı ilə F088 yazılaraq TSEK-ə göndərilmişdir və müavinət təyin olunmuşdur. xx.xx.0022-ci il tarixdə vətəndaşa “X7, Yüngül koqnitiv pozğunluq, DNT-nini reparasiya pozgunluğu ilə gedən beyincik ataksiyası” diaqnozu ilə 0042003AACOE N-li TSEK-ə göndəriş verilib. xx.xx.2022 tarixdə TSEK tərəfindən “göndərişdə qeyd edilmiş stasionar müalicə barədə məlumatlarda uyğunsuzluq qeyd edilmişdir” səbəbi ilə imtina cavabı verilmişdir. Yenidən xəstəyə “X7, Yüngül koqnitiv pozğunluq, DNT-nini reparasiya pozğunluğu ilə gedən beyincik ataksiyası” diaqnozu ilə 13.04.22 tarixdə 0042003AAC2S N-li TSEK-ə göndəriş verilmişdir. 18.04.22 tarixdə vətəndaşa əlilliyə görə müavinət təyin edilmişdir. Həmin məktuba iddiaçının oğlunun tibb müsəsisələrində müayinə olunması üçün müraciəti və müayinə nəticələri barədə sənədlər əlavə edilmişdir. Məktubdan və əlavə edilmiş sənədlərdən də göründüyü kimi, X4nun sağlamlıq imkanlarının məhdudluğu 13.04.22 tarixdə 0042003AAC2S N-li göndəriş əsasında xx.xx.2022-ci il tarixdə müəyyən edilsə də, iddiaçı oğlunun müayinəsi ilə bağlı tibb müəssisəsinə daha əvvəl müraciət etmiş, lakin göndərişin xx.xx.2022 tarixli göndəriş natamam doldurulması əsası ilə imtina verilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3- 1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı təkrar müayinə ilə bağlı fevral 2022-ci il tarixdə tibb müəssisəsinə müraciət etmiş, tibb müəssisəsi tərəfindən ilk dəfə xx.xx.2023-cü il tarixdə, yəni əlilliyin dayandırıldığı tarixdən 6 ay keçməmiş 0042003AAC2S N-li göndəriş TSEK-ə göndərilmişdir. Qanunun istinad edilən normasının mənasına görə əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Məhkəmə qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam və yetərsiz olması iddiaçının təqsiri ucbatından olmamışdır və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Bu zaman həm də əlillik dərəcəsinin təyin olunması ilə bağlı ilkin müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bundan başqa cavabdeh orqan iddiaçıya təkrar göndəriş zamanı iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edərkən iddiaçının tibb müəssisəsinə müraciətinin tarixini, tibb müəssisəsi tərəfindən verilmiş göndərişin natamam olmasını və qanunun yuxarıda istinad edilən normasını nəzərə alaraq xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçının oğlunun əlilliyini müəyyən edərkən əlilliyin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən müəyyən edə bilərdi. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X4nun əlilliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar