Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5847/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı icarə müqaviləsinin təzələnərək yazılı qaydada bağlanılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı icarə müqaviləsinin təzələnərək yazılı qaydada bağlanılması qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyə qərarına əsasən 3123-cü məhəllə, 1260-cı keçiddəki ticarət cərgəsində 12 kv.m olan mağazanın tikilməsi və ona məxsus olması faktı təsdiq edilmiş və icarə müqaviləsinin 20 il müddətinə bağlanılması qərara alınmışdır. Həmin müqavilənin müddəti 13 sentyabr 2022-ci il tarixdə bitmişdir. İcarə müqaviləsinin dəyişdirilməsi, müddətin uzadılması, ləğv edilməsi, xitam qaydası müəyyən edilmədiyi üçün tərəflər arasında münasibətlərdə qeyri-müəyyənlik yaranmışdır. Ərizə ilə müraciət edilərək müddət bitdiyindən təzələnməsi barədə müraciət edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Qərardan görünür ki, 12 kv.m ölçüdə mağazanın iddiaçıya məxsus olması təsdiq edilmiş və altındakı torpaq sahəsinə 20 il müddətinə iddiaçı ilə icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İcarə müqaviləsindən görünür ki, adıçəkilən icarə müqaviləsi 20 il müddətinə bağlanılmışdır. Cavabdehin 22 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “İcarə haqqında” Qanunun 4 və 5-ci maddələrinə uyğun olaraq iddiaçı ilə bələdiyyə arasında bağlanılmış 13 sentyabr 2002-ci il tarixli müqavilə nəzərdə tutulmuş eyni müddət və şərtlərlə uzadılmış hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. 6.2-ci bəndə əsasən torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, mülki hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Qeyd olunmalıdır ki, bələdiyyə orqanlarının inzibati orqan qismində publik xarakterlik münasibətlərdə iştirakı mümkün olsa da, bələdiyyələrin tərəf olduğu hər münasibətin publiklik xarakteri daşıması istisna edilməlidir. Hazırkı işin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə mahiyyət etibarı ilə icarə müqaviləsindən yaranmış icarə hüquq münasibətlərinin növbəti müddət və şərtlərlə davam etdirilməsi ilə əlaqədardır. Qanunvericiliyin, eləcə də yuxarıda adıçəkilən Plenum Qərarının 6.2-ci bəndinin tələbindən də aydın olur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı mübahisə üzrə də iddiaçı və bələdiyyə orqanı bərabərhüquqlu subyekt qismində icarə hüquq münasibətlərinin, eləcə də icarə müqaviləsinin tərəfləridir, mübahisə də növbəti müddət və şərtlərlə yazılı icarə müqaviləsinin bağlanılıb-bağlanılmaması ilə, yəni adıçəkilən əqddən irəli gələn mübahisədir. Həmin mübahisənin həlli isə inzibati yox, mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətində olan məsələdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-908/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından görünür ki, oxşar iş üzrə inzibati orqana qarşı icarə müqaviləsinin müddətinin uzadılması barədə tələb üzrə məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında 2004-cü ilin iyul ayında Şabran (keçmiş Dəvəçi) rayon keçmiş Liman sovxozu ərazisindən 220 ha torpaq sahəsinin kənd təsərrüfatı və heyvandarlığın inkişafı məqsədi ilə 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsinin müddətinin uzadılmasının cavabdehə həvalə edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı mübahisənin mahiyyəti tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin uzadılması barədədir. Mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, tərəflər arasında mübahisə torpaqla bağlı bağlanmış icarə müqaviləsindən irəli gəlmiş, Plenum Qərarına əsasən cavabdehin statusundan (inzibati orqan olmasından) asılı olmayaraq, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ali Məhkəmənin digər bir 2-1(102)-272/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da inzibati orqana qarşı icarə müqaviləsinin yenidən bağlanması barədə iddiaya dair məhkəmə hesab etmişdir ki, İddiaçı ilə cavabdeh arasında əvvəllər müqavilə münasibətləri mövcud olmuş və bu münasibət xeyli müddət davam etmişdir. İddiaçı hazırkı iddiasında icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Mübahisəyə baxan məhkəmələr hesab etmişlər ki, iddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.Odur ki, icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur. Oxşar mövqe Ali Məhkəmənin 2-1(102)-2507/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-5847/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5847/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver