Məhkəmə qərarları › İş №2-1(112)-5848/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5848/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5848/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1951-ci ildə Bakı şəhərində doğulmuşdur. xx xxxxxx 1969-cu ildən xx xxxx 2020-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi dövrlərdə xx xxxxxx 1969-cu ildən xx xxxx 1970-ci ilə qədər Bakı Vaqon Təmiri Zavodunda sırası ilə Təmir-mexaniki sahəsinə 2-ci dərəcəli fəhlə, Vaqon sahəsinə 1-ci dərəcəli fəhlə, elektrokar sürücüsü, xx xxxxxx 1970-ci ildən xx xxxxxx 1971ci ilə qədər Azərbaycan SSR SDİİ-nin 2 saylı Avtobus parkında 1-ci dərəcəli çilingər vəzifəsində, xx xxxx 1971-ci ildən xx xxxxxx 1974-cü ilə qədər SDİİ-nin nəqliyyat xidmətində xətt nəzarətçisi, Nəqliyyat xidmətinin ləğvi ilə əlaqədar olaraq İdarəetmə Aparatına xətt nəzarətçisi, 1-ci dərəcəli çilingər vəzifəsində, xx xxxxxx 1974-cü ildən xx xxxxxxx 1990-cı ilədək Sərnişin Daşımaları üzrə İstehsalat İdarəsində 2714 saylı/kolonnadan Mərkəzi Dispetçer Şöbəsinə köçürülməklə dispetçer vəzifəsində, İstehsalat İdarəsinin ləğvi ilə əlaqədar olaraq İANB “Bakı Sərnişin Nəqliyyatı” və rabitə xidmətinə dipetçer vəzifəsində, xx xxxxxxx 1990-cı ildən xx xxxxxx 1999-cu ilədək Bakı Sərnişin Nəqliyyatı İB-də NTX Birliyində rəis müavini, rəis vəzifəsində, İstismar şöbəsinə aparıcı mühəndis, MBS 2-ci dərəcəli mühəndis vəzifəsində, xx xxxxxx 1999-cu ildən xx xxxx 2000-ci ilə qədər Azərbaycan Nəqliyyat prokurorluğunda sürücü vəzifəsində, xx xxxxxx 2000-ci ildən xx xxxx 2008-ci ilə qədər ADDY-da sırası ilə ümumi ştata böyük nəzarətçi kassir vəzifəsində, Bakı sahəsi üzrə təcrübəçi özünü maliyyələşdirən müvəkkil vəzifəsində, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında özünümaliyyələşdirən müvəkkil, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında müvəkkil vəzifəsində, xx xxxx 2008-ci ildən xx xxxxxx 2011-ci ilə qədər Azərbaycan Respublikası Baş Prokurorluğunda Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sürücüsü vəzifəsində, aparılmış struktur dəyişiklikləri ilə əlaqədar tutduğu vəzifədən azad edilərək xx xxxxxx 2011-ci ildən xx xxxxxx 2014-cü ilə qədər Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat xidməti üzrə baş mütəxəssisi (sürücü) vəzifəsində, xx xxxxxx 2014-cü ildə Prokurorluq orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı aparılmış struktur dəyişiklikləri ilə əlaqədar vəzifəsindən azad edilərək xx xxxxxx 2014-cü ildən xx xxxx 2020-ci ilə qədər dövlət qulluğuna qəbul olunaraq Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat sektorunun baş mütəxəssisi (sürücü) vəzifəsində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində ona işlədiyi dövlət orqanı tərəfindən xx xxxxxx 2014-cü il tarixli əmrlə dövlət quluğunun böyük referenti ixtisas dərəcəsi verilmişdir. Göründüyü kimi xx xxxxxx 1999-cu ildən xx xxxx 2000-ci ilə qədər 1 il 5 ay, xx xxxx 2008-ci ildən xx xxxx 2016-cı ilə qədər isə (dövlət quluğunda olmanın son yaş həddi olan 65 yaşına qədər) 8 il 11 ay olmaqla iddiaçının dövlət qulluğunda 9 il 4 ay 11 gün ümumi iş stajı olmuşdur. Ona xx xxxxxx 2020-ci ildən yaşa görə əmək pensiyası təyin olunmuşdur. O İdarəyə ərizə ilə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinən əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrin, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət quluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxslərə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən (11 il 10 ay 14 gün) az olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesblanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus əmək kitabçasının rus dilindən azərbaycan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx xxxxxx 1969-cu ildən xx xxxx 1970-ci ilə qədər Bakı Vaqon Təmiri Zavodunda Təmir-mexaniki sahəsində 2-ci dərəcəli fəhlə, Vaqon sahəsində 1-ci dərəcəli fəhlə, Elektrokar sürücüsü, xx xxxxxx 1970-ci ildən xx xxxxxx 1971-ci ilə qədər Azərbaycan SSR SDİİ-nin 2 saylı Avtobus parkında 1-ci dərəcəli çilingər, xx xxxx 1971-ci ildən xx xxxxxx 1974-cü ilə qədər SDİİ-nin nəqliyyat xidmətində xətt nəzarətçisi, Nəqliyyat xidmətinin ləğvi ilə əlaqədar olaraq İdarəetmə Aparatına xətt nəzarətçisi, 1-ci dərəcəli çilingər, xx xxxxxx 1974-cü ildən xx xxxxxxx 1990cı ilədək Sərnişin Daşımaları üzrə İstehsalat İdarəsində 2714 saylı/kolonnadan Mərkəzi Dispetçer Şöbəsinə köçürülməklə dispetçer, İstehsalat İdarəsinin ləğvi ilə əlaqədar olaraq İANB “Bakı Sərnişin Nəqliyyatı” və rabitə xidmətində dipetçer, xx xxxxxxx 1990-cı ildən xx xxxxxx 1999-cu ilədək Bakı Sərnişin Nəqliyyatı İB-də NTX Birliyində rəis müavini, rəis, istismar şöbəsinə aparıcı mühəndis, MBS 2-ci dərəcəli mühəndis, xx xxxxxx 1999-cu ildən xx xxxx 2000-ci ilə qədər Azərbaycan Nəqliyyat prokurorluğunda sürücü, xx xxxxxx 2000ci ildən xx xxxx 2008-ci ilə qədər ADDY-da sırası ilə ümumi ştata böyük nəzarətçi kassir, Bakı sahəsi üzrə təcrübəçi özünü maliyyələşdirən müvəkkil, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında özünümaliyyələşdirən müvəkkil, Bakı sahəsi üzrə sərnişin və elektrik qatarlarında müvəkkil, xx xxxx 2008-ci ildən xx xxxxxx 2011-ci ilə qədər Azərbaycan Respublikası Baş Prokurorluğunda Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sürücüsü, xx xxxxxx 2011-ci ildən xx xxxxxx 2014-cü ilə qədər Baş Prokurorluğun Madditexniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat xidməti üzrə baş mütəxəssisi (sürücü), xx xxxxxx 2014-cü ildən xx xxxx 2020-ci ilə qədər dövlət qulluğuna qəbul olunaraq Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin ümumi təsərrüfatın təşkili və nəqliyyat sektorunun baş mütəxəssisi (sürücü) vəzifələrində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində iddiaçıya işlədiyi dövlət orqanı tərəfindən xx xxxxxx 2014-cü il tarixli əmrlə Dövlət quluğunun böyük referenti ixtisas dərəcəsi verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********2 №-li məktubdan görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinən əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrin, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət quluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxslərə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən (11 il 10 ay 14 gün) az olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesblanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (hazırda həmin Qanun qüvvədən düşmüşdür): - 2.1.2-ci maddəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. - 5.1-ci maddəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. - 8.2-ci maddəsinə görə pensiya almaq hüququ olan şəxs müddət məhdudiyyəti olmadan istənilən vaxt pensiyanın təyin edilməsi üçün Müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. - 9.1-ci maddəsinə görə pensiya müraciət olunan gündən ömürlük təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: - 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 32-1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. - xx xxxx 2018-ci il tarixdən qüvvədə olan 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. - Həmin maddənin xx xxxx 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. xx xxxx 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. xx xxxx 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; - 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında , 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət mvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiysının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Göründüyü kimi iddiaçının dövlət qulluğunda olmanın son yaş həddi olan 65 yaşı tamam olan zaman qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmalı idi. Məhkəmə iddia tələbinin «yaranmış pensiya fərqi məbləğinin ödənilməsi» hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2020-ci il tarixdə müraciət edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin xx.xx.2017-il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar