Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-585/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə vurulmuş ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhərİ Binəqədi rayon İcra hakimiyyəti işçilərinin hərəkətlərinin, həmçinin xx.xx.2019-cu il tarixdə ünvanladıqları məktubda göstərdikləri əsasların qanunsuz hesab olunması və Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 426 saylı sərəncamı ilə fərdi avtomobili saxlamaq üçün qaraj tikmək məqsədilə onun sahibliyində, istifadəsində və mülkiyyətində olmuş, ümumi sahəsi 18 kv. metr olan ölçüdə verilmiş torpaq sahəsinin əvəzi olaraq hər kv. metr üçün 1.500 (bir min beş yüz) manatdan olmaqla, kompensasiya verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatının texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş “Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid” texniki pasporta əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın yaxınlığında yerləşmiş dəmir qarajın əvəzi olaraq hər kv. metr üçün 1.500 (bir min beş yüz) manat olmaqla hesablanaraq, vurulmuş ziyanın Binəqədi rayon İcra hakimiyyətindən alınaraq, ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 426 saylı Sərəncamı ilə fərdi avtomobilini saxlamaq üçün qaraj tikmək məqsədilə onun sahibliyinə və istifadəsinə ümumi sahəsi 18 kv. metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ayrıldıqda və yerində ölçülüb ona verildikdən sonra standart ölçüdə dəmir qaraj həmin sahədə quraşdırılmış və şəxsi mülkiyyəti kimi istifadə etməyə başlamışdır. xx.xx.2001-ci il tarixdə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını müəyyən edən texniki pasport verilmişdir. Qaraj Binəqədi rayon İcra hakimiyyəti tərəfindən abadlıq işlərinin görülməsi məqsədilə sökülmüş, abadlıq adı altında yaşıllıq sahəsi salınmışdır. Binəqədi rayon İcra hakimiyyətinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində ümumi sahəsi 18 kv. metrdən ibarət qarajına sahiblik, istifadə və mülkiyyət hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə (üçüncü şəxsə) təqdim edilmiş və cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin və üçüncü şəxsin iddia ilə bağlı yazılı münasibətləri (etirazları) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, ekspert rəyinin nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin nümayəndəsi-X5 iddia tələbinə və ekspert rəyinə etiraz edərək, iddiaçının mübahisəli qaraja dair heç bir hüquqmüəyyənedici sənədlərinin olmamasının nəzərə alınmaqla iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmənin Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 24 saylı evin yaxınlığında yerləşən qaraja dair İddiaçı adına tərtib olunmuş texniki pasportun verilməsinə əsas olan sənədlərin surətlərinin təqdim olunmasına dair müvafiq sorğusuna cavab olaraq, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********64 saylı xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının 426 №li xx xxxxxx 1994-cü il tarixli sərəncamı ilə Ə.Naxçıvani küçəsi 24 №li binanın 78-ci mənzilində yaşayan İddiaçı şəxsi avtomobilini saxlamaq üçün təsdiq edilib əlavə cizgi əsasında 6,0 x 3,0 metr ölçüdə qaraj yerinin ayrılması qərara alınmış və İddiaçı Binəqədi rayon Kommunal Təsərrüfat İdarəsi ilə müqavilə bağlamaq tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Binəqədi rayon İcra hakimiyyəti başçısının 426 №li xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən İddiaçı Məhərrəmli oğlunun adına Ə.Naxçıvani küçəsi 24 №li evin yaxınlığında xx.xx.2001-ci il tarixdə 937 inventar nömrəli Texniki pasport tərtib olunmuşdur. Texniki pasportda qeyd olunan məlumatlara əsasən qaraj sahibinin ev ünvanı Ə.ünvan 1 mənzil 78, qaraj sahibi İddiaçı Məhərrəmli oğlu, qarajın tutduğu sahə 18,0 kv. metr, tikildiyi il 1994, bünövrəsi beton, divarları dəmir, dam örtüyü dəmir, tkintinin hündürlüyü 2,20 metr, həcmi 39,6 kub metrdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətinə cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 813 №li məktubu ilə sonuncuya bildirilmişdir ki, Binəqədi rayon İcra hakimiyyətinə ünvanladığı ərizə baxılması və görülmüş işin nəticəsi barədə məlumat verilməsi məqsədilə aidiyyəti üzrə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. MKTB-nin əməkdaşları tərəfindən Ə.Naxçivani küçəsi 24 ünvanında aparılan araşdırma zamanı məlum olmuşdur ki, binanın həyəti aparılan abadlıq işləri zamanı sakinlərin qarajları abadlaşdırılan sahəyə düşdüyü üçün, 2019-cu ilin yay aylarında podratçı təşkilat tərəfindən vətəndaşlara verilmişdir. Qarajlar götürülən zaman sakinlərə məhəllədaxili quraşdırılmış dəmir qarajların müvəqəti xarakterli olduğu izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının istifadəsində olan qaraj cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır. İddiaçıya qaraj yerinin ayrılması barədə qərarın qəbul edildiyi zaman qüvvədə olmuş - xx xxxxxx 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 21-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər: (...) yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri; həmin maddənin 3-cü bəndində göstərilmişdir ki, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü kimi onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Qaraja dair səlahiyyətli dövlət orqanı tərəfindən qərar verildiyi nəzərə alındıqda, həmin qarajın qanuni əsaslarla (həm də məhz bu məqsədlə ayrılmış torpaq sahəsində) inşa edildiyi, buradan, iddiaçının həmin qaraja və onun altında yerləşən torpaq sahəsinə əşya hüququnun əldə edildiyi qəbul edilməlidir. Bu hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə minməsinədək hər hansı qaydada qeydə alınmaması həmin hüquqların varlığına təsir etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən İddiaçı Məhərrəmli oğuna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın (iş materiallarında olan qarajın fotoşəkilləri nəzərə alınmaqla) real bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Hüseyn Məmmədovun ekspertizanın aparılmasından imtina barədə xx.xx.2020-ci il tarixli məlumatına əsasən Mərkəzin xx xxxxxx 2020-ci il tarixli 4754 №li məktubu ilə iş materialı ekspertiza keçirilmədən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Hüseyn Məmmədovun məhkəmə eksperizasının aparılmasından imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli 4754 № -li məlumatında göstərilmişdir ki, qərardadda ekspertiza qarşısında iki sual qoyularaq, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən İddiaçı Məhərrəmli oğlunun istifadəsində olan (olmuş) və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın (iş materiallarında olan qarajın fotoşəkilləri nəzərə alınmaqla) real bazar dəyərinin nə qədər təşkil etdiyini müəyyən etmək tələb olunmuşdur. Tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, bağ evlərinin, qeyri yaşayış sahələrinin və binalarının və s. ümumilikdə daşınmaz əmlakların bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi mühəndis-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual əmlak birjalarından və ya müxtəlif internet saytlarından konkret məlumatın əldə olunmasına aid olduğundan, Mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmır. Bununla bağlı məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə mühəndistexniki ekspertizasının keçirilməsi üçün iş materialları “X4” məhdud məsuliyyətli cəmiyyətinə göndərilmişdir. “X4” MMC tərəfindən verilmiş 231 №li xx xxxx 2020-ci il tarixli ekspert rəyindən göründüyü kimi, ekspert belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən İddiaçı Məhərrəmli oğlunun istifadəsində olan (olmuş) və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın real bazar dəyəri 5.000 (beş min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin üzərinə, mübahisəli qarajın sökülməsi ilə bağlı İddiaçı vurulmuş zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğində pulun ödənilməsi vəzifəsi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X4” MMC-nin 231 №li xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, ekspertiza xərci (300 manat) İddiaçı tərəfindən Mərkəzin bank hesabına ödənilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhəri Binəqədi rayonu, İcra hakimiyyətindən 300 (üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın yaxınlığında yerləşmiş dəmir qarajın sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat məbləğində pulun İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhəri Binəqədi rayonu, İcra hakimiyyətindən 300 (üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-585/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-585/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver