Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-585/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsinin və üçüncü şəxs F.Nağıyevin iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X11, X2) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Həmin sahə hasara alınmış, onun istifadəsindədir. Cavabdehə çıxarış və texniki sənədlərin verilməsi barədə müraciət edilsə də müraciətin təminindən imtina edilmiş, torpaq sahəsinin daş karxanasında yerləşdiyi göstərilmişdir. İddiaçı hesab edir ki, iddiaçının mülkiyyət hüququ tanınmaqla çıxarış və texniki sənədlər verilməli, müraciəti təmin edilməlidir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsi daş karxanasının ərazisində yerləşir. Bundan əlavə,15 mart 2017-ci il tarixli ərizəyə əlavə edilmiş sərəncam əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi fərqlidir. Həmin iş üzrə yekun məhkəmə aktı məhkəməyə daxil olmamışdır. Bundan əlavə digər məhkəmə işlərində iddiaçılar iddia ərizələrini əsaslandırarkən həmin sərəncama istinad etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Sərəncamdan görünür ki, iddiaçıya 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Adıçəkilən sərəncamın arxiv nüsxəsindən görünür ki, həmin sərəncamla iddiaçıdan əlavə, X5, X6, X3 və s şəxslərə də 600 kv.m torpaq sahəsi ayrılmışdır. İmtina məktubundan görünür ki, torpaq sahəsinin daş karxanasının ərazisində yerləşməsi səbəbindən müraciətin icrası dayandırılmışdır. İş üzrə verilmiş apellyasiya şikayətində cavabdeh tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, 15 mart 2017-ci il tarixli ərizəyə əlavə edilmiş sərəncam əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi fərqlidir. Həmin iş üzrə yekun məhkəmə aktı məhkəməyə daxil olmamışdır. Bundan əlavə digər məhkəmə işlərində iddiaçılar iddia ərizələrini əsaslandırarkən həmin sərəncama istinad etmişdir. 12 aprel 2004-cü il tarixli yerləşmə cizgisi ciddi şübhələr doğurmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsi X8 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. 27 aprel 2017-ci il tarixli məktubdan görünür ki, yerləşmə cizgisinin möhür və imzalarında uyğunsuzluq olduğu və yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyi bildirilmişdir. 30 iyul 2018-ci il tarixli Səbail Rayon İcra Hakimiyyətinin yerləşmə cizgisi və məktubundan isə görünür ki, sərəncam əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin yeni yerləşmə cizgisi tərtib edilmiş, təsdiq edilərək münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. Nazilə Əlimərdanova tərəfindən təqdim edilmiş vəsatət və aidiyyəti sənədlərdə qeyd edilmişdir ki, 0,048 ha sahə həmin şəxsə ayrılmışdır ki, iddia olunan sahə ilə bitişik olmaqla, hasarla ayrılmış, yəni qonşuluğunda yerləşir. Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadında Ali Məhkəmənin 10 mart 2021-ci il tarixli qərarına da istinad edilərək cavabdehin digər imtina dəlillərinin yoxlanılmasından əlavə, həmçinin qeyd edilmişdir ki, sərəncamda qeyd olunan torpaq sahəsinin harada yerləşməsi, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin koordinatlarının həmin torpaq sahəsinin koordinatlarına uyğun olub-olmaması, iddiaçıya ayrılan torpaq sahəsinin X7 adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Müayinə aktından görünür ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi hasarlanmışdır, giriş-çıxış sərbəstdir, iki tərəfi qonşu sahə, iki tərəfi yoldur. Faktiki olaraq 563,0 kv.m təşkil edir. Məhkəmə qərarlarında istinad olunan 2-1(81)-33171/2017 saylı məhkəmə iclasında baxılan iş materiallarına daxil olan və surəti hazırkı işə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı X1 ayrılmış torpaq sahəsinə dair 12 aprel 2004-cü il tarixdə yerləşmə cizgisi tərib edilmişdir ki, həmin sahə digər fiziki şəxslərin mülkiyyəti qeydiyyata alınmış sahə ilə üst-üstə düşməkdədir. Bu səbəbdən də onun çıxarışı ləğv edilməli, iddiaçıya çıxarış verilməlidir. Cavabdeh qeyd etmişdir ki, adıçəkilən torpaq sahəsi digər fiziki şəxslərin mülkiyyətində olan sahə ilə üst-üstə düşməkdədir. Bundan əlavə, yerləşmə cizgisi ilə göstərilən faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Yerləşmə cizgisindən görünür ki, X4 2226 nömrəli 600 kv.m torpaq sahəsinə dair cizgi tərtib edilmişdir. Adıçəkilən torpaq sahəsinin X11 və digər şəxsin mülkiyyətində olan ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərardadından görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilmişdir. Mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 563 kv.m təşkil edir. Cizgidə dəqiq istinadlar, istinad və istinad məsafələri qeyd edilmədiyindən sahənin mövqeyinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Faktiki göstərilən torpaq sahəsi başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkar edilməmişdir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr İş materiallarından da göründüyü kimi iddiaçı adıçəkilən maddədə göstərilən hüquqmüəyyənedici sənəd qismində yerli icra hakimiyyəti orqanının sərəncamına malik olmuşdur. İşin faktiki hallarından isə görünür ki, cavabdeh həmin sənəd mövcud olmasına baxmayaraq müraciətin təminindən imtinanı onunla əsaslandırır ki, iddia olunan ərazi daş karxanasının ərazisidir, 15 mart 2017-ci il tarixli ərizəyə əlavə edilən adıçəkilən sərəncam əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi fərqlidir. 12 aprel 2004-cü il tarixdə təsdiq edilmiş yerləşmə cizgisinə dair şübhələr olduğundan araşdırılmış və möhür və imzalarda uyğunsuzluq aşkar edilmişdir. Başqa şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşməkdədir. Məhkəmə hesab edir ki, həmin imtina dəlilləri şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, adıçəkilən Qanunun: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret halları qanunvericiliklə təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İlkin olaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam, eləcə də həmin sərəncam əsasında tərtib edilmiş yerləşmə cizgisi inzibati orqan tərəfindən tərtib edilmiş, təsdiq edilmişdir, hal-hazırda qüvvədədir, hər hansı inzibati orqan tərəfindən ləğv edilməmiş, qüvvədən salınmamış, dəyişdirilməmiş, etibarsız hesab edilməmişdir. Odur ki, həmin sənədlərin etibarlılığı və hüquqi nəticələrinin mövcudluğu bütün şəxs və inzibati orqanlar üçün məcburidir. Yerləşmə cizgisində istinad məsafələrinin göstərilməməsi isə iddiaçının təqsir sferasından kənar olmaqla, həmin cizginin tərtibatına məsuliyyət daşıyan inzibati orqanın əməkdaşların təqsir sferasına aiddir. Qeyd edilməlidir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı adıçəkilən sərəncamı və yerləşmə cizgisini nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. Lakin, məhkəmə hesab edir ki, sərəncam və yerləşmə cizgisinin qüvvədə olması ilə yanaşı, cavabdehin imtina əsaslarının da formal olması barədə aşağıdakılar qeyd edilməlidir. Belə ki, cavabdeh iddia olunan ərazinin daş karxanasına aid olmasına istinad etsə də, cavabdehin özü tərəfindən təqdim edilən mütəxəssis rəyindən görünür ki, iddia olunan ərazi yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin uqodiyası qəbirstanlıq kimi göstərilsə də, həmin ərazinin faktiki olaraq həmin məqsədlə istifadə edilməməsi və dövlət orqanının məhz fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılaraq cizgi tərtib edilməsi nəzərə alınmalıdır. Eləcə də adıçəkilən torpaq sahəsinin ətrafında başqa şəxsin adına yaşayış məntəqəsi kateqoriyası kimi torpaq sahəsinin ayrılması barədə çıxarış da məhkəməyə təqdim edilmişdir ki, Nazilə Əlimərdanovanın adına olan sahənin iddia olunan torpaq sahəsi ilə bitişik olması dəlili irəli sürülsə də, cavabdeh tərəfindən həmin sahənin bitişik olmaması ilə bağlı hər hansı mövqe nümayiş etdirilməmişdir ki, bu da onu təsdiq edir ki, uqodiyası qəbirstanlıq kimi göstərilən sahə və onun ətrafı faktiki olaraq fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, yaşayış sahəsidir. İddia olunan torpaq sahəsinə uqodiyası səbəbi ilə imtinanın verilməsi də məhkəmə hesab edir ki, bərabərlik hüququnun pozulmasına səbəb ola bilər. Halbuki, mütəxəssis rəyində daş karxanası ilə bağlı imtina dəlilinin düzgün olmaması cavabdehin özü tərəfindən qəbul edilmişdir ki, rəydən də görünür ki, torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, həmin şəxsə də torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsini ayırmaq hüququ olan dövlət orqanı, yəni yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır Cavabdeh digər imtina dəlili isə ondan ibarətdir ki, 15 mart 2017-ci il tarixli ərizəyə əlavə edilən adıçəkilən sərəncam əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi fərqlidir. 12 aprel 2004-cü il tarixdə təsdiq edilmiş yerləşmə cizgisinə dair şübhələr olduğundan araşdırılmış və möhür və imzalarda uyğunsuzluq aşkar edilmişdir. Başqa şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşməkdədir. Lakin, məhkəmə iclasında tətqiq edilmiş 2-1(81)-3171/2017 saylı iş materiallarından görünür ki, həmin iş üzrə iddiaçı X1 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 1971 nömrəli sərəncamla, hazırkı iş üzrə iddiaçıya 600 kv.m torpaq sahəsinin ayrılmasına dair həmin tarixli və nömrəli sərəncama və onlara əsasən verilmiş yerləşmə cizgiləri qarışdırılmışdır. Qarışıqlığın səbəbi isə onunla bağlıdır ki, həmin sərəncam məhkəmə sorğusuna əsasən təqdim edilən arxiv nüsxəsindən də göründüyü kimi ümumi sərəncam olmaqla özlüyündə hər iki iş üzrə iddiaçılarla yanaşı, digər şəxslərə də ayrı-ayrılıqda yerləşmə cizgilərinin verilməsini ehtiva edir. Aydın məsələdir ki, həmin sərəncam əsasında digər şəxslərin hər birinə ayrı-ayrılıqda yerləşmə cizgisi verilməlidir ki, iddiaçıya ümumi torpaq sahəsinin ayrılmasına dair sərəncam əsasında verilmiş yerləşmə cizgisinin 2-1(81)- 3171/2017 saylı iş materiallarında surəti olan 2004-cü il tarixli cizgi ilə fərqli olması iddiaçının ziyanına yox, əksinə xeyrinə olan haldır. Cavabdeh də həmin halı nəzərə almadan həmin cizginin qanunauyğunluğu yoxlamış, həmin işdən də göründüyü kimi Tayşi Fidana məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halını müəyyən etmişdir ki, etirazda yazılmasına baxmayaraq mütəxəssis rəyində hazırkı iş üzrə iddia olunan torpaq sahəsi ilə heç bir qeydiyyatdan keçmiş torpaq sahəsinin üst-üstə düşməməsi də həmin faktiki halların mövcudluğundan irəli gəlir. X1 adıçəkilən sərəncam əsasında verilmiş yerləşmə cizgisinin uyğunsuzluğu, başqa torpaq sahəsi ilə üst-üstə halı isə hazırkı iddiaya aidiyyəti olmayan haldır. Cavabdeh tərəfindən qeyd edilir ki, 15 mart 2017-ci il tarixli, ********** nömrəli ərizə əlavə edilmiş cizgi ilə hazırda təqdim edilən cizgi fərqlilik daşıyır. Halbuki, 2- 1(81)-3171/2017 saylı iş materiallarında olan 15 mart 2017-ci il tarixli, ********** nömrəli ərizəyə cavab məktubundan görünür ki, sərəncam ümumi olsa da iddia olunan ərazi X1 aiddir ki, həmin sahəyə dair yerləşmə cizgisinin hazırda iddia olunan torpaq sahəsinə dair cizgilərin üst-üstə düşməsi halı iddiaçının ziyanına şərh edilə bilər, fərqli olması isə əksinə iddia tələbinin təminini istisna edən halın mövcud olmadığına dəlalət edir. Başqa sözlə, mütəxəssis rəyindən də göründüyü kimi iddia olunan torpaq sahəsinin yerləşmə cizgisi hər hansı torpaq sahəsi ilə üst-üstə düşən sahəyə aid deyildir. Bu səbəbdən də imtina dəlilində göstərilən fərqli olma halı, iddiaçının xeyrinə şərh edilməli, yerləşmə cizgisində möhür və imza ilə bağlı uyğunsuzluq, eləcə də başqa şəxsin torpaq sahəsinə dair üst-üstə düşmə halının hazırkı iş üzrə yox 2-1(81)-3171/2017 saylı iş üzrə eyni sərəncamla baqşa şəxsə verilmiş yerləşmə cizgisi və iddia olunan torpaq sahəsi ilə bağlı olması nəzərə alınmalıdır ki, məhkəmə hesab edir ki, eyni sərəncam olsa da, fərqli şəxslərin adına fərqli ərazilərdə ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin hər hansı birində uyğunsuzluq digər cizgiyə münasibətdə uyğunsuzluq olması mənası daşımamaqla, cavabdehin imtinasının qanunsuz və əsassız olmasına dəlalət edir. İddia olunan torpaq sahəsinin faktiki istifadəçisi olan, eləcə də digər iş üzrə iddiaçının nümayəndəsi qismində çıxış edən F.Nağıyevin iştirakı ilə keçirilmiş məhkəmə iclasında digər hallarla bağlı eyni zamanda, iddia olunan torpaq sahəsinə dair mübahisə mövcud olmaması üçün cavabdehə müraciət edildiyi və qanuna uyğun yerləşmə cizgisinin tərtib edilərək ona təqdim edildiyi barədə işin faktiki halı da məhkəmə hesab edir ki, nəzərə alınmalıdır. Beləliklə, sərəncam və yerləşmə cizgisi hüquqi qüvvəsini saxlamaqdadır, cavabdehin imtina dəlillərinin əksər hissəsi başqa iddiaçının həmin ümumi sərəncam əsasında tərtib edilmiş yerləşmə cizgisi ilə bağlıdır, torpaq sahəslərinin üst-üstə düşmə halı mövcud deyildir, torpaq sahəsi daş karxanasına düşməməkdədir və dövlət torpağı olmaqla yaşayış məntəqələri kateqoriyasına aid olmaqla yaşayış sahələri daxilində yerləşir. Lakin, torpaq sahəsinin ölçüsünə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər sərəncamda 600 kv.m torpaq sahəsi ayrılsa da, faktiki istifadədə olan torpaq sahəsi istər müayinə aktından, istərsə də mütəxəssis rəyindən görünür ki, 563 kv.m təşkil edir ki, iddia da məhz həmin ölçüdə torpaq sahəsinin qeydiyyata alınmasına münasibətdə təmin edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-124/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m. torpaq sahəsi ayrılmış və həmin sərəncam əsasında Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 1128-ci keçid, döngə 671 ünvanında 180 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir ki, cavabdeh həmin torpaq sahəsinə müraciətin təminindən imtinanı onunla əsaslandırmışdır ki, təqdim olunmuş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır və faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, qeyd edilən ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ddiaçının sözügedən bağ sahəsi üzərində hüququ bu qərarın 24-cü bəndində istinad olunan normada təsbit olunmuş hüquqmüəyyənedici sənədə-Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamına əsaslanır. Belə ki, həmin normaya görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu zaman nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamı iddiaçının həmin bağ sahəsinin reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb hüququnun, cavabdehin isə iddiaçı qarşısında həmin bağ sahəsini qeydiyyata alma öhdəliyinin mövcudluğunu şərtləndirir. mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından sözügedən torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmadığı, faktiki ölçüsü 180 kv.m olmaqla iddiaçının istifadəsində olduğu, həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcud olmadığı, həmin torpaq sahəsinin yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildiyi, eləcə də ona münasibətdə yolun mühafizə zolağının nəzərdə tutulmadığı görünür. Odur ki, hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş halları baxımından iddiaçı hüququnun qeydiyyata alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Kassasiya şikayətində istinad olunan dəlillər üzərindən iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtinası əsassız hesab edilməlidir. Eləcə də Ali Məhkəmənin 2-1(102)-1697/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cavabdeh həm apelyasiya və həm də kassasiya şikayətində əsas dəlili qismində yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmədiyinə və cizgilərdə uyğunsuzluğun olduğuna istinad edir. Bununla bağlı qeyd olunmalıdır ki, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş cizginin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildiyi iş üzrə materiallarla təsdiq olunur. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti tərəfindən sərəncamın qəbulundan (14 mart 1995-ci il) qısa müddət sonra (21 mart 1995-ci il) həmin torpaq sahəsinin sxemi tərtib edilmiş, daha sonra isə 14 mart 2004-cü il tarixdə yeni bir cizgi tərtib olunmuşdur. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş hər iki sənəd Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin sənədlərin tərtib edilməsinin, eləcə də sənədlərdəki məlumat və qeydlərin dəqiqliyi və düzgünlüyünün onları tərtib edən inzibati orqanın məsuliyyət sferasına aid olduğu da nəzərə alındıqda, istinad olunan cizgilərdəki uyğunsuzluqlar iddiaçının ziyanına təfsir oluna bilməz. Qeyd olunmalıdır ki, cizginin təsdiqlənmədiyi və cizgilərdə uyğunsuzluğun olması barədə icra hakimiyyəti orqanının bildirdikləri mübahisəli torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrılmadığı və ya bundan imtina olduğu anlamına gəlmir. Ən azından ona görə ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 14 mart 1995-ci i sərəncamın ləğv olunması və ya geri çağırılması nəinki cavabdeh, eləcə də Səbail rayon İcra Hakimiyyəti tərəfindən də iddia olunmur. Həmçinin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Səbail Rayon İcra Hakimiyyətinin 1971 nömrəli, 30 dekabr 1998-ci il tarixli sərəncamı əsasında istifadədə olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 563,0 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-585/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-585/2023
03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver