Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5850/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı – İddiaçı (yerləşdiyi yer: Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 56T) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 13) qarşı «yaşayış sahələrinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi»nə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «yaşayış sahələrinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı ŞİH-in xx xxxxxx 2014-cü il tarixli 621 saylı və xx xxxxxxxx 2016-cı il tarixli 396 saylı sərəncamları, 13119 saylı inşaat pasportu və Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxx 2016-cı il tarixli 18/04-39 saylı razılaşma məktubuna əsasən razılaşdırılmış eskiz layihə ilə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 56T ünvanında yerləşən xx xxxxxx 2014-cü il tarixli ******* saylı çıxarışa əsasən icarə hüququ ilə istifadədə olan 0,17 ha torpaq sahəsində İddiaçı MTK-ya yaşayış binalarından ibarət yaşayış kompleksi tikintisinə icazə verilmişdir. Eskiz layihədə tikililərin altında, yer səthindən 7,2 metr dərinlikdə, 1-ci səviyyəli, yer səthindən 3,9 metr dərinlikdə, 2-ci səviyyəli zirzəmi sahələri, yer səthinin üst hissəsində, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi olmaqla, 16 mərtəbəli A və B saylı binaların inşası nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq, tikinti işləri qismən layihəyə uyğun aparıldıqdan sonra A və B binalarının alt hissəsində, binaların ön tərəfinə münasibətdə yer səviyyəsindən 3,9 metr, arxa tərəfinə münasibətdə isə, yer səviyyəsindən 7,2 metr dərinlikdə, 1-ci səviyyəli zirzəmi, binaların ön tərəfinə münasibətdə yer səviyyəsi ilə bərabər, binaların arxa tərəfinə münasibətdə yer səviyyəsindən 3,9 metr dərinlikdə, 2-ci səviyyə yarımzirzəmi sahəsi, 1-ci mərtəbə isə, qeyri-yaşayış sahəsi olmaqla, 16 mərtəbəli yaşayış binası inşa edilmişdir. Binaların istismarına icazə verildikdən sonra, binalarda yerləşən yaşayış sahələri DƏDRX tərəfindən qeydiyyata alınmışdır. Sonradan binaların 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə, 2-ci səviyyəli yarımzirzəmilərin binaların ön tərəfindən yer səviyyəsi ilə bərabər yerləşməsi maneələr yaratmışdır. Bu səbəbdən, binaların 1-ci mərtəbəsində yerləşən sahələr yaşayış sahələrinə çevrilmişdir. Belə ki, eskiz layihəsi üzrə binaların 1-ci mərtəbəsində yerləşməli olan qeyri-yaşayış sahəsi tikilmiş, qeyri-yaşayış sahəsinin əvəzində yaşayış sahəsi yaranmışdır. Bununla da, A və B binaları zirzəmi, yarımzirzəmi və 16 mərtəbədən ibarət yaşayış sahələri olmaqla inşa edilmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 45 saylı “Tikinti obyektinin istismarına icazə” sənədi ilə binanın istismarına icazə verilmişdir. Bu zaman binanın faktiki vəziyyəti nəzərə alınmamış və layihəyə uyğun olaraq, binanın istismarına icazə verilmişdir. DƏDRX-ə binanın qeydiyyata alınması üçün MTK tərəfindən müraciət olunmuşdur. Bu zaman binanın istismarına verilmiş icazə sənədinin düzgün olmaması barədə heç bir rəy və ya təklif irəli sürmədən, icazə sənədini qəbul edərək, binanın faktiki olaraq 2-ci mərtəbəsindən başlayaraq, 15 mərtəbəsində yerləşən qeyriyaşayış sahələrini qeydiyyata almış və hər bir mənzilə ayrı-ayrılıqda çıxarışlar verilmişdir. Lakin binanın 1-ci mərtəbəsi səviyyəsində yerləşən 12 mənzildən ibarət 1.232 kv.m sahə qeydiyyata alınmamışdır. Layihədə qeyri-yaşayış sahəsi kimi göstərilən sahənin faktiki vəziyyətdə yaşayış sahəsi (mənzil) olmasına baxmayaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş, tikinti obyektinin istismarına icazə verilməsinə dair sənəddə səhvə yol verilməklə, binaların layihədə göstərilən şəkildə istismarına icazə verilməsinə əsasən A və B tikililərinin 1-ci mərtəbəsi səviyyəsində yerləşən yaşayış sahəsi qeydiyyata alınmamışdır. Göstərilənlərə əsasən faktiki olaraq A və B binalarının 1-ci mərtəbəsi səviyyəsində yerləşən 1.232 kv.m sahənin, 12 mənzilin qeydiyyata alınması zərurəti yaranmışdır. MTK tərəfindən həmin ünvanda yerləşən A və B tikililərinin 1-ci mərtəbəsi səviyyəsində yerləşən mənzillərin faktiki vəziyyətdə, yaşayış sahəsi kimi qeydiyyata alınması, çıxarış və texniki pasportların verilməsi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi sənədlərlə müraciət olunmuşdur. Lakin sənədlərin qəıbulundan imtina olunduğundan, onlar poçt vasitəsilə xx xxxx 2020-ci tarixdə İdarəyə göndərilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi x xxxxxx 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina olunmuşdur. Məktubda bildirilmişdir ki, binaların istismara qəbulu sənədində binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi göstərildiyindən, ərizənin icrası mümkün olmamışdır. MTK sözügedən ünvanda A və B tikililərinin 1-ci mərtəbəsi səviyyəsində yerləşən mənzillərin faktiki vəziyyətdə sənədləşdirmə işlərini aparmaq istəyir və hesab edir ki, cavabdeh heç bir sənədləri araşdırmadan, əsassız olaraq müraciətin icrasından imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29, 71-ci maddələrinə, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1, 101.1, 102.2-ci maddələrinə, AR Mülki Məcəlləsinin 139.1, 146.2, 148.1, 152.1, 157-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2, 8.0.4-cü maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 16-cı maddəsinə, İPM-in 2.2-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56T ünvanında inşa edilmiş A və B binalarının alt hissəsində yerləşən, layihə üzrə qeyri-yaşayış sahələri kimi nəzərdə tutulmuş 1.232 kv.m sahənin daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi kimi iddiaçı “X6” MTK-nın mülkiyyəti kimi qeydiyyata alınması, bununla bağlı reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunur: - İddiaçı MTK-nın iddiası etirazla qarşılanır. MTK-nın iddiada qaldırılan məsələ ilə əlaqədar İdarəyə x xxxx 2020-ci il tarixdə müraciət etmişdir. Müraciətdə qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 45 saylı xx xxxxxx 2019-cu il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1, 21.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11, 12.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı MTK-nın iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, məhkəmə tərəfindən “X8” MMC-yə aşağıda qeyd olunan məsələ ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün müraciət olunmuşdur: - Müvafiq sənədlər və yerində ölçmə işləri aparılmaqla İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 56T ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının layihə üzrə 1-ci mərtəbəsində yerləşən 1.232 kv.m ölçüdə sahənin hansı təyinat üzrə (yaşayış və ya qeyri-yaşayış sahəsi kimi) istifadəsinin mümkünlüyü barədə. “X8” MMC-nin məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 56T ünvanında inşa edilmiş çoxmərtəbəli A və B yaşayış binalarının layihə üzrə 1-ci mərtəbəsi faktiki olaraq binanın 2ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 1.232 kv.m olan sahə, yaşayış shəsi kimi bütün əlamətləri ilə, o cümlədən ayrı-ayrı yataq, qonaq və onların hər biri üçün nəzərdə tutulmuş sanitar qovşağı olmaqla inşa edilmişdir. Həmin sahələrin yaşayış sahəsi kimi ayrı-ayrı mənzillərə bölünüb istifadəsini istisna edən xüsusiyyət və hal yoxdur. Həmin sahələrin qeyri-yaşayış sahəsi kimi istifadəsini, onun yaşayış sahəsi ilə birlikdə istifadə olunan girişçıxışdan (blok) başqa, ayrıca giriş-çıxışının olmaması və faktiki olaraq həmin shələrin istifadəçilərinin nəqliyyat vasitələrinin saxlanmasını, iriqabaritli maşınların giriş və çıxışını istisna etmişdir. Bütün qeyd olunanları nəzərə alaraq, MMC-nin mütəxəssisləri belə nəticəyə gəlmişlər ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 56T ünvanında inşa edilmiş çoxmərtəbəli A və B yaşayış binalarının layihə üzrə 1-ci mərtəbəsində faktiki olaraq binaların 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1.232 kv.m olan sahənin yalnız yaşayış təyinatlı istifadəsi mümkündür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 20.2-ci maddısinə görə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Hazırkı inzibati məhkəmə icraatında sübut və dəlillər çərçivəsində işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 56T ünvanında İddiaçı MTK-ya məxsus A və B yaşayış binaları müvafiq qaydada təsdiqlənmiş layihələr üzrə inşa edilmiş və istismara qəbul olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, layihədə binaların birinci mərtəbəsi kimi nəzərdə tutulan 1.232 kv.m qeyriyaşayış sahələri yerləşmə vəziyyətinə görə layihədə əks olunan təyinatına uyğun deyil. Həmin sahələrin qeyri-yaşayış sahəsi kimi təyinatını istisna edən halların mövcudluğu, habelə yaşayış sahəsi kimi istifadəsini istisna edən əlamətlərin olmaması iş üzrə alınmış müvafiq rəylə təsdiqlənir. İddiaçı həmin sahənin yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə belə olan halda hesab edir ki, iş üzrə müəyyən edilən həmin hallar (binaların istismarına icazə verilməsi, layihəsinin təsdiqi, sahələrin yaşayış sahəsi kimi istifadəsinin mümkünlüyü barədə rəyin olması) daşınmaz əmlakın dövlət reyestrində iddiaçıya məxsus həmin əmlakın yaşayış sahəsi statusu ilə qeydiyyatının aparılması üçün əsas yaradır. Cavabdehin imtinası üçün gətirdiyi dəlili “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17, 24.2-ci maddələrinin tələbləri baxımından adekvat qiymətləndirilmir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56T ünvanında inşa edilmiş A və B binalarının alt hissəsində yerləşən, layihə üzrə 1-ci mərtəbədə qeyri-yaşayış sahələri kimi nəzərdə tutulmuş 1.232 kv.m sahənin daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi qismində iddiaçı “X6” MTK-nın mülkiyyəti kimi qeydiyyata alınması, bununla bağlı reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56T ünvanında inşa edilmiş A və B binalarının alt hissəsində yerləşən, layihə üzrə 1-ci mərtəbədə qeyri-yaşayış sahələri kimi nəzərdə tutulmuş 1.232 kv.m sahənin daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi qismində iddiaçı “X6” MTK-nın mülkiyyəti kimi qeydiyyata alınması, bununla bağlı reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5850/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5850/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver