Məhkəmə qərarları › İş №2-1(112)-5852/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5852/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5852/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə Sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İİ-ЖГ 312059 №-li Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X7 ilə X5 9 oktyabr 1979-cı il tarixdən rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada Tağıyeva soyadı verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, №19 saylı məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti 73 saylı binanın 55 saylı mənzili xx.xx.1992-ci il tarixindən zəbt olunmuş mənzillər siyahısındadır. İddiaçı həmin tarixdən bügünəcən sözügedən ünvanda yaşayır. Bakı şəhəri Əzizbəyov rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 və qeyrilərinin İddiaçı qarşı iddia tələbi təmin edilərək X2 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmaları, X2 X4 və Xətai rayon İcra Hakimiyyətinə qarşı yaşayış hüququnun tanınması barədə qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsindən Bakı şəhəri Əzizbəyov rayon Xalq Məhkəməsinə ünvanlanmış xx.xx.1996-cı il tarixli, 6Q-708 nömrəli məktubda İddiaçı Xətai rayon İcra hakimiyyəti tərəfindən mənzil verilənədək Bakı şəhəri Əzizbəyov rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasının dayandırılması barədə göstəriş verilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 5.12.2024-cü il tarixli məktubla sözügedən mənzilin iddiaçıya sığınacağ kimi ayrıldığını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda yerləşən mənzilin kirayə müqaviləsinin o İddiaçı adına bağlanması barədə müvafiq sərəncamın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı mübahisəli ünvanda yerləşən mənzil 1988-ci ildən onun və ailəsinin istifadəsindədir. Həmin mənzilin bütün kommunal xərcləri o ödəyir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən 5.12.2024-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia verərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı faktiki olaraq Bakı şəhəri, Gəncə prospekti 73 saylı binanın 55 saylı mənzildə yaşayır. İddiaçının həmin mənzildən çıxarılmasına dair Əzizbəyov rayon Xalq Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.1995-ci il tarixli qətnaməsi mövcuddur. Həmin qətnamənin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli, 6Q-708 nömrəli məktubuna əsasən dayandırılmışdır. İddiaçının həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçı həmin mənzilə dair onunla mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlım cavabdehə müraciət etmiş, cavabdeh isə sözügedən mənzilin iddiaçıya sığınacağ kimi ayrıldığını əsas gətirərək iddiaçının müraciətini təmin etməmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə sorğusuna cavab olan Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən mənzil Xətai rayon İcra Hakimiyyətinin balansındadır, eyni zamanda iddiaçının rayon İcra Hakimiyyətində mənzil növbəsində olması barədə məlumat aşkar edilməmişdir. X11 Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin ünvanladığı xx.xx.2025ci il tarixli məktubuna əsasən, mübahisəli mənzildə qeydiyyatda olan şəxslər haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri Xəzər rayonu Məhkəməsindən təqdim edilmiş 15№li xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsi ilə, X6 və ailə üvzlərin mübahisəli mənzildən çıxarılması və X3 və X1 Xətai rayon İcra Hakimiyyətinə qarşı yaşayış hüququnun tanınması barədə qarşılıqlı iddia rədd olunması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, mübahisə predmeti mənzilin hazırkı iş üzrə iddiaçının sahibliyi və istifadəsinə verilməsinə dair hər hansı sənəd aşkar edilməmişdir. Əksinə iddiaçının həmin mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsi mövcudur. Belə olan təqdirdə cavabdehin sözügedən mənzilə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 83-cü maddəsinə əsasən, SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər 84-cü maddəsinə əsasən, icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığından iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar