Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5854/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi və vəkili X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiyaya çıxdığı 2007-ci ildən 2019-cu ilədək hər il üçün aylıq əmək haqqının 2 mislində məzuniyyətə çıxması ilə bağlı və 2 mislində müalicə ilə bağlı müavinətlərin hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29.12.2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən dəftərxana vasitəsilə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” 26.05.2006-cı il tarixli qanuna müvafiq olaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-319/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-319/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadına əsasən İddiaçı iddiası mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1748/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 319/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadı ləğv edilərək, inzibati iş məhkəməyə göndərilmiş, İddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 297/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərardadına əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1748/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İşə yenidən Bakı İnzibati Məhkəməsində baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, təqaüdünə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinət nəzərə alınmaqla yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 avqust 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1941-ci ildə Ağdam rayonun, Seyidii kəndində anadan olmuşdur. 1978-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 işləmişdir. 26 iyun 1997-ci ildən 11.01.2007-ci ilədək həmin institutun məhkəmə yol-nəqliyyat hadisələri ekpertizası elmitədqiqat labaratoriyasının müdiri vəzifəsində işləmişdir. Hazırda həmin institut Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 nömrəli “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanı ilə müvafiq olaraq Məhkəmə ekspertizası adlandırılmışdır. Labaratoriya müdiri vəzifəsi isə hazırda şöbə rəisi vəzifəsi ilə əvəzlənmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” 26 may 2006-ci il tarixli Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. İddiaçı qanunla müəyən edilmiş müavinətlərin verilməsi üçün cavabdehə rəsmi ərizə vermişdir. Lakin cavabdeh 17.09.2019-cu il tarixli **********5 saylı rəsmi cavabında müavinətlərin verilməsinin qanunvericilikdə verilməsini təsdiq etməsinə baxmayaraq müavinətin ona ödənilməsini mümkün hesab etməmişdir. Tələbinin təmin olunmasından imtina etmişdir. Bununla da ona qanunla ödənilməli olan müavinətlərin ödənilməsindən əsassız imtina etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı 1978-ci ildən 2007-ci il tarixədək ədliyyə orqanlarında qulluq keçmişdir. İddiaçı 2007-ci ildən pensiyaya çıxmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun 26 may 2006-cı il tarixdə qəbul edilmişdir. İddiaçı 11.01.2007-ci ildə ədliyyə orqanlarından xaric edilmişdir. Göründüyü kimi iddiaçının adıçəkilən qanunun 23.3cü maddəsində nəzərdə tutulmuş əlavəni alması obyektiv baxımdan mümkünsüz idi. İddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonrakı artımı kimi nəzərə alınmalı olmasıdır. Həmin əlavələr sonrakı artım deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 20.19-cu maddəsinə (hazırda qüvvədə olan mətninə) görə, bu Qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla,... müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 20.19-cu maddəsi pensiyanın “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Demək ki, “Əmək pensiyaları haqqında” Qanun “orta aylıq məbləğ” və “sonrakı artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andakı aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım” isə, orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonrakı artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqına” sonradan artması mümkün olmayan gəlirlər də daxildir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş ödənişin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Qanunun 23.3-cü maddəsinə görə ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Göründüyü kimi bu məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi bəsit məntiqsizlik olardı; çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Beləliklə bu məbləğ əmək haqqının sonrakı artımı deyildir; əgər ədliyyə orqanının işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa həmin maddələrə istinad edilə bilməz. Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı mövcuddur. Həmin Qərarda deyilir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 154-cü maddəsinin l hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun” – “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması”. Göründüyü kimi iddiaçı işlədiyi müddətdə hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinət almamış, almadığı əlavədən də, əlbəttə ki, sosial ödənişlər həyata keçirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1941-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2019-cu il tarixli, 370 saylı arayışdan görünür ki, İddiaçı 1978-ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 işləmişdir. İddiaçı 26.06.1997-ci ildən 11.01.2007-ci ilədək Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Hazırda həmin İnstitut Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 nömrəli “Ədliyyə orqanlarının inkişafi haqqinda” Fərmanı ilə müvafiq olarq Məhkəmə ekspertizası mərkəzi adlandırılmışdır. 26 may 2006-cı il tarixli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən ədliyyə işçisi hər il məzuniyyətə çıxarkən ona iki aylıq əmək haqqı həcmində müavinət ödənilərkən əmək haqqına aşağıdakı ödənişlər daxil edilir: 1. Vəzifə maaşı, 2. Rütbəyə görə ödəniş, 3. Xidmətdə qulluq illəri, 4. İxtisas dərəcəsi, 5. Vəzifə maaşına əlavə, 6. Elmi dərəcə. İşdə olan iddiaçıya məxsus 27 noyabr 1996-cı il tarixli, ИТ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 26.06.1997-ci ildə Məhkəmə yolnəqliyyat hadisələri ekspertizası elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsinə təsdiq edilmiş, 11 yanvar 2007-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 40.1.10-cu maddəsinə əsasən pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti cavabdehdən tələb edilmiş, həmin pensiya işinin surəti məhkəməyə təqdim olunaraq, tədqiq edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 28 fevral 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 30.01.2007-ci il tarixdə DSMF-nun Xəzər rayon şöbəsi tərəfində təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, vəzifə maaşı 1320 manat, rütbə maaşı 127 manat, xidmət illərinə görə əlavə 578,8 manat, mükafat 213,72 manat, ekspert ixtisas dərəcəsinə görə 264 manat olmaqla, 2503,52 manat məbləğində müəyyən edilmiş və həmin məbləğin 80% məbləğində 2002,82 manat ömürlük pensiya məbləği təyin edilmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 26.06.1997-ci il tarixdən 11 yanvar 2007-ci il tarixədək ədliyyə orqanlarında qulluq keçmişdir. Ona 01.02.2007-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.14-cü maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş ədliyyə işçilərinə qulluq stajına görə əmək pensiyalarına əlavələr hesablanmaqla ömürlük əmək pensiyası təyin edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona təyin olunmuş əmək pensiyasına “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsində nəzərdə tutulmuş hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinətin nəzərə alınmaqla yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 sentyabr 2019-cu il tarixli, **********5 saylı məktubdan görünür ki, iddiaçı həmin müavinətin nəzərə alınmaqla ona təyin edilmiş pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsində isə qeyd olunub ki, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Göründüyü kimi ədliyyə orqanlarının pensiyaya çıxmış işçilərinə yalnız pulsuz dövlət tibb xidməti göstərilməsi nəzərdə tutulub. Qeyd olunan müavinətin və vəzifə maaşına əlavənin verilməsi isə ədliyyə orqanlarında xidmətdə olan əməkdaşlar üçün nəzərdə tutulur. Qeyd olunanları nəzərə alaraq, həmin müavinətin ona ödənilməsi qanunvericilik baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki,“Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Hazırki mübahisə üzrə iddiaçı 01 fevral 2007-ci il tarixdə pensiyaya çıxmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu isə 26 may 2006-cı il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı məhkəmə araşdırması dövründə verdiyi izahatında ədliyyə orqanlarında qulluq keçdiyi müddət ərzində hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinəti almadığını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya məxsus pensiya işinə baxış keçirilərkən, onun əmək pensiyasına sonrakı artımlar nəzərə alınaraq pensiyası məbləğinin bir neçə dəfə yenidən hesablandığı müəyyən edilmişdir. Lakin hazırki iddia tələbi üzrə iddiaçı qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan müavinətin sonrakı artım kimi nəzərə alınmaqla ona münasibətdə nəzərə alınmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarındakı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 1.0.1, 1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasını xahiş etmişdir. Həmin qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Həmin qərarda göstərilmişdir ki, qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarı üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alınmadığından iddiaçının ədliyyə orqanlarında qulluq keçidiyi dövr üzrə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsində nəzərdə tutulmuş müavinətin ona hesablanması tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı qanunvericilklə təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5854/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5854/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver