Məhkəmə qərarları › İş №2-1(112)-5854/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5854/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5854/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Nord” bağçılıq yoldaşlığının idarə heyətinin iclasının 11 fevral 1993-cü il tarixli, 02 №-li Protokolundan çıxarışa əsasən Rusiya Federasiyasına yaşayış üçün köçməsi ilə bağlı Zyuzin A.A “Nord” bağçılıq yoldaşlığının üzvlüyündən çıxarılması, A.A.Zyuzinə verilmiş “Nord” BY üzvlük kitabçasının etibarsız hesab edilməsi, əvvəl A.A. Zyuzinə məxsus olan J-22 və J-24 sahələri C.S.Əlibəyovun üzərinə rəsmiləşdirilməsi, “J” xətti üzrə 22, 24 №-li yuxarıda göstərilən sahələrinin X4 adına rəsmiləşdirilməsi üçün protokolun surətinin Bakı şəhəri bağçılıq təsərrüfatının idarə heyətinə göndərilməsi qərara alınmışdır. X8 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanlanmış 04 avqust 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində vərəsə İddiaçı (ünvan: ünvan 3a qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2008-ci ildə vəfat etmiş atası-X6 mirası üzrə vərəsəlik işi açılmışdır. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 5.1-1-ci və 8-ci , “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə və “Notariat haqqında” AR Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq, mərhum xx.xx.1935-ci il təvəllüdlü X2 əmlakların olub-olmaması barəsində və olduğu halda Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “22-24” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh məktubunda qeyd etmişdir ki, “...idarənin arxiv məlumatlarına əsasən “Nord” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında miras qoyan X2 adı aşkar edilməmişdir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Nord” bağçılıq yoldaşlıq cəmiyyətinin sahəsi 500 kv.m olan J22 və sahəsi 500 kv.m olan J24 saylı bağ torpaq sahələrinin mülkiyyət hüququ ilə mərhum atası X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, “Nord” bağçılıq yoldaşlığı cəmiyyətinin idarə heyətinin sədrinin təsdiq etdiyi 5 oktyabr 2012-ci il tarixli Siyahıdan da görünür ki, göstərilən J22 və J24 saylı bağ sahələri Bakı şəhəri Babək prospekti-86, mənzil-153-də yaşayan atası Cəmil Əlibəyovun adına qeydiyyata alınmışdır. Lakin qeyri-müəyyən səbəblərdən atası həmin bağ torpaq sahələri üzrə hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq təşkilatlara müraciət etməmişdir və 15 sentyabr 2008-ci ildə vəfat etdiyindən onun təqdim etdiyi sənədlər əsasında Bakı şəhəri 2 saylı “ASAN” xidməti mərkəzindəki notariat ofisində vərəsəlik işi açılmışdır. X9 məxsus həmin bağ torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün xx.xx.2020-ci ildə və 22 05.2024-cü ildə ərizələrlə cavabdehə müraciət etsə də, əsassız olaraq bundan imtina edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman sahənin faktiki ölçüsünün 1021.0 kv.m olduğu məlum olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, “Nord” bağçılıq yoldaşlığının idarə heyətinin iclasının 11 fevral 1993-cü il tarixli, 02 №-li qərarına əsasən X5 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində olan J-22 və J-24 saylı bağ sahələri ayrılmışdır. Bağçılıq yoldaşlıq təərfindən iddiaçıya üzvlükü kitabçası verilmişdir. C.Əlibəyov həmin bağ sahələrinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahələrinin mərhum C.Əlibəyova məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilmləlidir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhumun adına olan “Nord” bağçılıq yoldaşlığının idarə heyətinin iclasının 11 fevral 1993-cü il tarixli, 02 №li Protokolundan çıxarışı və üzvlük kitabçasını təqdim edir. Eyni zamanda iş materiallarında olan “Nord” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında Əlibəyov D.S adı qeyd edilmiş, adın qarşısında J-22 və J-24 nömrəli bağlar qeydi aparılmışdır. Qeyd edilən normaların məzmununa əsasən, mərhum C.Əlibəyov mübahisələndirilən bağ sahələrini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) idarənin arxiv məlumatlarına əsasən “Nord” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında miras qoyan X2 adı aşkar edilməmişdir; 2) İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman sahənin faktiki ölçüsünün 1021.0 kv.m olduğu məlum olmuşdur; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş bağçlığım ilkin, yəni 23.dekabr 1987-ci il tarixli siyahıda iddiaçının adının olması işin mübahisələndirilməyən halıdır. Çünki iddiaçı həmin vaxt bağçılığa üzvə qəbul eidlməmişdir. Belə olan halda iddiaçının həmin siyahıda adının olması da mümkün deyildir. Həmin siyahıya nəzərə saldıqda siyahının 25-ci sırasında X1 adının olması müəyyən edilir. İddiaçı təərfindən rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş “Nord” bağçılıq yoldaşlığının idarə heyətinin iclasının 11 fevral 1993-cü il tarixli, 02 №-li Protokolundan çıxarışa əsasən Rusiya Federasiyasına yaşayış üçün köçməsi ilə bağlı Zyuzin A.A “Nord” bağçılıq yoldaşlığının üzvlüyündən çıxarılması, A.A.Zyuzinə verilmiş “Nord” BY üzvlük kitabçasının etibarsız hesab edilməsi, əvvəl A.A. Zyuzinə məxsus olan J-22 və J-24 sahələri C.S.Əlibəyovun üzərinə rəsmiləşdirilməsi, “J” xətti üzrə 22, 24 №-li yuxarıda göstərilən sahələrinin X4 adına rəsmiləşdirilməsi üçün protokolun surətinin Bakı şəhəri bağçılıq təsərrüfatının idarə heyətinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş və bağçılığın möhürü ilə təsdiq edilmiş bağçılığın yenilənmiş 2012-ci il tarixli siyahısında isə iddiaçının adı “J22” və “J24” saylı bağ sahələrinin qarşısında qeyd edilmişdir. Bağçılığım yenilənmiş siyahısının cavabdeh İdarənin arxivinə təhvil verilməməsi iddiaçının təqsiri deyil və onun məsuliyyət sferasına aid deyildir. Cavabdeh İdarə tərəfindən torpaq sahəsinin yerləşməsini müəyyən edən koordinatlar və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı təqdim edilmişdir. idarənin arxiv məlumatlarında Nord” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının düzgün tərtib edilməməsi iddiaçının təqsiri deyil və mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas təşkil etmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə 2-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Nord” bağçılıq yoldaşlıq cəmiyyətinin sahəsi 500 kv.m olan J22 və sahəsi 500 kv.m olan J24 saylı bağ torpaq sahələrinin mülkiyyət hüququ ilə mərhum atası X3 məxsus olmasına dair arayışın verilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı hüquqmüəyyənedici sənədlər əsasında atasına ayrılmış ümumilikdə 1000 kv.m torpaq sahəsi ilə bağlı iddia qaldırmışdır. İddiaçının faktiki istifadədə olan 21 kv.m torpaq sahəsi ilə bağlı hər hansı iddiası yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir: Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Nord” bağçılıq yoldaşlıq cəmiyyətinin sahəsi 500 kv.m olan J22 və sahəsi 500 kv.m olan J24 saylı bağ torpaq sahələrinin mülkiyyət hüququ ilə mərhum X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar