Məhkəmə qərarları › İş №2-1(112)-5855/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5855/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5855/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sosial müavinətin bərpa edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sosial müavinətin bərpa edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-cı il tarixdə doğulub. İddiaçı xx.xx.1983-cü ildə X1 ilə nikaha daxıl olub, birgə nikahlarından Mirzə, Vasif, Asif və Günay adlı uşaqları doğulub. İddiaçı xx.xx.2017-ci ildə əmək fəaliyyətinə başlayıb və N.Rəfiyev adına 104 № li tam orta məktəbdə kiçik xidmətedici işinə qəbul edilib. xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli əmrlə işdən azad edilib. İddiaçıya xx.xx.2019-cu ıl tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, ödənişlər xx.xx.2023-cü ıl tarixədək ödənilmiş, xx.xx.2023-cı iltarixində sosial müavinət ödənişləri dayandırılıb. Cavabdehin xx.xx.2023-cü il tarixli, 1-İMTK-2023/002822 №-li qərarı ilə iddiaçıya təyin edilmiş sosial müavinət ödənişləri dayandırılıb və həmin qərarla iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək sosial müavinət üzrə artıq ödəmə edildiyi qeyd edilib İddiaçı ödənişlərin bərpa edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edib. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki qadınlara yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 63 il 06 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixində qeyd olunan kateqoriya üzrə yaşa görə sosial müavinət hüququ yaranmadığı halda (əmək müqaviləsi qüvvədə olduğu halda) ona həmin tarixdən xx.xx.2023-cü il tarixinədək 3 və aha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmiş qadınlara sosial müavinət ödənilmişdir. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək sosial müavinət üzrə artıq ödəmə edilmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 1-İMTK-2023/002822 №-li qərarının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən, 57 (əlli yeddi) yaşdan təyin edilmiş və dayandırılmış sosial müavinətin bərpa edilməsi, müavinət dayandırıldıqdan sonra ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, imtina ilə razı deyil və imtinanı qanunsuz və əsassız hesab edirəm. Belə ki, təyin edilmiş sosial müavinət qanuni əsaslaria təyin edilmişdir. Ona sosial müavinət təyin edilən zaman qanunvericikdə dəyişiklik edilməmiş və o, həmin dövrdə 3 və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etdiyinə görə sosial müavinət hüququ əldə edib. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan Qanunun 7.0.2-ci yarımbəndinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Belə ki xidməti yoxlama zamanı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddianın adına aktiv əmək müsaviləsi olduğu halda, Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixdən yaşa sörə sosial müavinət təyin edildiyi məlum olmuşdur. Həmçinin hazırda da, iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Belə ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci yarımbəndindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə ona təyin edilmiş sosial müavinətin ödənişlərinin dayandırılmasına səbəb olduğundan onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qərarın ləvği ilə yanaşı həmçinin həmin qərar əsasında dayandırılnış ödənişlərin bərpa edilməsi və ödənilməmiş ödənişlərin ödənilməsini də tələb edə bilər. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya DSMF Suraxanı rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, ödənişlər xx.xx.2023-cü ıl tarixədək ödənilmiş, xx.xx.2023-cı il tarixində sosial müavinət ödənişləri dayandırılmışdır. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı həmin ödənişlərin dayandırılması ilə bağlı qərarın ləğv edilməsi və ödənişlərin bərpa edilməsinə yönəlmişdir. Cavabdehin imtina məktubundan və etiraz ərizəsindən müəyyən edilir ki, ödənişlərin dayandırılmasına əsas kimi, iddiaçının adında aktiv əmək müqaviləsi olduğuna görə, ona vaxtı ilə təyin edilmiş sosial müavinətin qanunvericiliyin tələblərinə əsasən təyin edilməməsinə, eyni zamanda hazırkı qanunvericliyin tələblərinə əsasən iddiaçıya sosial müavinətin təyin edilməsi üçün şərtlərin ödənilməməsinə istinad edilir. Məhkəmə ilk nəvbədə qeyd edir ki, iddiaçının tələbi ona hazırkı qanunvericiliyin tələblərinə əsasən sosial müavinət təyin edilməsinə deyil, ona 2019-cu ildə təyin edilmiş və sonradan dayandırılmış sosial müavinətin bərpa edilməsinə yönəlmişdir. Ona görə də, məhkəmə dispozitivilik prinsipinin tələbləri baxımından cavabdehin bu barədə imtina məktubunda və etirazında qeyd edilənəlrələ bağlı hər hansı bir araşdırma aparmağa zərurət görmür və iddia tələbinə uyğun olaraq məhkəmə araşdırmasının həddi, iddiaçıya xx.xx.2019-cu ildə təyin edilmiş sosial müavinətin dayandırılmasını (və ya ləğb edilməsinin) əsaslılığının yoxlanılması ilə məhdudlaşır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İlk növbədə ona görə ki, cavabdeh iddiaçı barəsində əlverişli inzibati aktı ləğv edərək (qərarda təyin edilmiş sosial müavinətin ləğv edilməsi göstərilməsə də, faktiki olaraq həmin qərardan sonra ödənişlər dayandırılmışdır) sosial müavinət ödənişlərini dayandırarkən inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmişdir. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bundan başqa, cavabdeh orqan tərəfindən həmin icraat qaydalarına əməl edilməməsi, eyni zamanda düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmiş, cavabdehin hərəkəti mahiyyət etibarı ilə də qanunsuz olmuşdur. Belə ki, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci yarımbəndinin xx.xx.2020-ci il tarixədək süvvədə olan redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - ...3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar ...dır. Qanunun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İstinad edilən normaların hazırkı mübahisəyə münasibətdə dispozitiv şərtlərinin ödənilməsi üçün iddiaçının 57 yaşının tamam olduğu vaxt qanunun qüvvədə olan redaksiyasına əsasən, onun 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi və işləməməsi lazımdır. Bu şərtlər ödənildikdə iddiaçıya sosial müavinət təyin edilə bilər. Birinci şərtin ödənilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh ikinci şərtə istinad edərək iddiaçıya sosial müavinət təyin edilərkən iddiaçının adında aktiv əmək müqaviləsinin olmasına istinad edir. Məhkəmə cavabdehin mövqeyini əsaslı hesab etmir. Belə ki, iş maeriallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2017-ci ildə əmək fəaliyyətinə başlamış və N.Rəfiyev adına 104 № li tam orta məktəbdə kiçik xidmətedici işinə qəbul edilmiş və xx.xx.2020-ci il tarixli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.1962-ci təvəllüdlüdür və ona sosial müavinət 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə təyin edilmişdir. İlk baxışdan cavabdehin imtinası əsaslı görünsə də, yəni iddiaçıya sosial müavinət təyin edilən tarixdə onun adına aktiv əmək müqaviləsi olsa da, lakin məhkəmə hesab edir ki, bu hal qanunvericiliyin istinad olunan normalarına formal yanaşma kimi təfsir edilməklə, iddiaçıya sosial müavinətin düzgün olaraq təyin edilməməsi kimi qəbul edilməməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş iddiaçının sosial müavnət işindən müəyyən edilir ki, iddiaçı ona sosial müavinət təyin eidlməsi ilə bağlı DSMF Suraxanı rayon şöbəsinə ərizə ilə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Həmçinin eyni tarixli ərizə ilə iddiaçı Bakı şəhəri Suraxanı rayonu 104 saylı tam orta məktəbin direktoruna müraciət edərək işdən azad edilməsini xahiş etmişdir. Ərizəsi nərəzə alınaraq iddiaçı xx.xx.2020-ci il tarixdən işdən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayonu 104 saylı tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 970 № li arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.2017-ci il tarixli 40 № li əmrə əsasən Bakı şəhəri, N.Rəfiyev adına 104 № li tam orta məktəbə kiçik xidmətedici işçi qəbul edilmişdir. 30.12 2019-cu il tarixdə işçiyə dekabr ayı üçün əmək haqqı ödənilmiş 31.12 2019, xx.xx.2020 - 06 01.2020 - ci il tarıxləri qeyri iş günü olduğundan işçiyə əmək haqqı hesablanmamış və ödənilməmişdir. xx.xx.2020 - cı il tarixli 03 № li əmrə əsasən işçının ərizəsi nəzərə alınmaqla işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ona sosial müavinət təyin edilməsi barədə ərizə ilə müraciət etdiyi gün eyni zamanda işdən azad olunması barədə ərizə ilə işəgötürənə müraciət etmiş və ərizəsi nəzərə alınaraq xx.xx.2020-ci il tarixli əmrlə işdən azad edilmişdir. Ölkədə 31 dekabr tarixinin və yeni ilin ilk günlərinin yeni il bayramına görə qeyri-iş günlərinin olması hamıya bəlli olan hal olmaqala sübuta ehtiyacı yoxdur. Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Eyni zamanda Əmək Məcəlləsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər (maddələr 69.1, 69.2, 69.3). Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın iddiaçıya sosial müavinət təyin edilən zaman onun adına aktiv əmək müqaviləsinin olması və nəticədə iddiaçıya qanunvcericiliyin tələblərinə uyğun olmadan sosial müavinətin təyin edilməsi barədə gəlidiyi nəticə əsassızdır. Belə ki, iddiaçı ona sosial müavinət təyin edilməsi ilə bağlı müraciəti ilə eyni anda işdən çıxma barədə iradə ifadəsini də bəyan etmiş və bu barədə ərizə ilə işə götürənə müraciət etmişdir. İddiaçının ərizəsini verdiyi gün işdən azad edilməməsi onun iradəsindən asılı olmayan hal olmaqla işəgötürənin səlahiyyətinə aid olan məsələdir. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyin sosial müavinət təyin edilməsi üçün işləməmək barədə tələbinin mahiyyəti ondan ibarətdir ki, sosial müavinət alan şəxs faktiki olaraq əmək faəliyyəti ilə məşğul olmasın və əmək haqqı almasın. Təqdim edilən arayışda isə müəyyən edilir ki, iddiaçı işdən azad olma barədə ərizə verdiyi gündən sonrakı günlər qeyri-iş günləri hesab edildiyindən ona hər hansı əmək haqqı ödəmilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşı 21 dekabr tarixində tamam olduğundan ona hüququnun yarandığı həmin gündən sosial müavinət təyin edilmişdir. Bu hal da iddiaçınn ziyanın şərh oluna bilməz. Nəzərə almaq lazımdır ki, İddiaçı ona sosial müavinətin təyin edilməsi hüququ yarandığı həmin tarixdən deyil, 30 dekabr tarixində müraciət etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 1-İMTK-2023/002822 №-li qərarı ləğv edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən, 57 (əlli yeddi) yaşdan təyin edilmiş və dayandırılmış sosial müavinət bərpa edilməsi və müavinət dayandırıldıqdan sonra ödənilməmiş məbləğin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar