Məhkəmə qərarları › İş №2-1(112)-5856/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5856/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5856/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 30.09.2021-ci il tarixə təyin edilmişdir. İddiaçı 30.09.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfin izahatını dinləyərək, hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində şifahi məhkəmə baxışı iclasından iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia baxılmamış saxlanılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Mülki Prosessual Məcəllənin 259.0.11ci maddəsinə əsasən baxılmadan saxlanılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsinin baxılmamış saxlanılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İş üzrə iddia baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar