Məhkəmə qərarları › İş №2-1(112)-5856/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5856/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5856/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin iddiaçıya ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin iddiaçıya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2000 – 2019-cu illərdə hakim vəzifəsində çalışmışdır. 2019-cu ilin iyul ayında 65 yaşının tamam olması ilə əlaqədar 19 il, 3 ay, 28 gün hakim kimi iş stajı ilə «Əmək pensiyaları haqqında» Qanunun 20.7-ci maddəsində daha üstün şərtlər nəzərdə tutulan əmək fəaliyyətinin son 24 ayı üzrə əmək haqqı barədə sənədləri əmək pensiyasının təyin olunması üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Həmin sənədlər əsasında ona əmək pensiyası təyin olunmuş, 2020, 2021 və 2022-ci ilin mart ayınadək son 24 ayın orta əmək haqqının 80 faizi məbləğində pensiya almışdır. Sonradan ona pensiyanın az hesablanması qənaətinə gəldiyindən, 28 fevral 2022-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona “hansı hesablardan, hansı məbləğlər üzrə, hansı qaydada pensiya hesablanması” barədə arayış verilməsini xahiş etmişdir. Müraciətin sonrakı mart ayından ona hər hansı məlumat verilmədən pensiyadan tutulmalar aparılmaqla əhəmiyyətli dərəcədə azaldılmışdır. Təqribən may ayının ortalarında özünü DSMF-nin əməkdaşı kimi təqdim edən şəxs telefonla zəng vuraraq heç bir açıqlama vermədən 5 illik əmək haqqı barədə sənədlərin keçmiş iş yerindən alınaraq, həmin quruma təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. İddiaçı 6 fevral 2022-ci il tarixdə “DOST” Xidmətinə gedərək sorğuya cavab almadığını bildirdikdə, ona DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının bir məktubu təqdim edilmişdir. Orada bildirilmişdir ki, müraciətzdə qeyd edilən məsələ ilə əlaqədar telefon vasitəsi ilə əlaqə saxlanılaraq şifahi qaydada, ətraflı məlumat verilmişdir. Verilmiş cavab müraciətin mahiyyətinə heç bir aidiyyəti olmadığından, iddiaçı elə oradaca “pensiyanın əmək fəaliyyətinin son 24 ayıın əmək haqqının hesablanmaları üzrə verilməli olması və müraciətə mahiyyəti üzrə cavab verilməsi barədə” daha bir ərizə yazıb “DOST” Xidmətinə təqdim etmişdir. Yenidən cavab alınmadığından, 17 iyun 2022-ci il tarixdə poçt vasitəsilə Mərkəzi Filiala daha bir şikayət ərizəsi göndərmiş və 30 iyun 2022-ci il tarixli **********32 saylı məktub almışdır. Məktubda yazılırdı ki, əmək pensiyanızın yenidən hesablanması ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi üçün aidiyyatı üzrə sorğu verilmişdir. Sorğuya cavab verildikdən sonra əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayının əmək haqqı barədə sənədləri təqdim etdiyi halda, hansısa səbəbdən ziyanına olan 60 ayın əmək haqqı barədə sənədlərin istənilməsinə, aldığı pensiyada tutulmalar aparılmaqla azaldılmasına və yenidən hesablanmalı olmasına aydınlıq gətirilmir və ona bu barədə heç bir məlumat verilmirdi. Bu səbəbdən 10 noyabr 2022-ci il tarixdə Mərkəzi Filialın qanunsuz hərəkətləri barədə həmin orqana inzibati nəzarət funksiyasını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə şikayət ərizəsi ünvanlayaraq, ərizədə baş verənləri göstərib «Əmək pensiyaları haqqında» Qanunun 20.7-ci maddəsinin ona münasibətdə daha üstün təzminatlar nəzərdə tutan əmək fəaliyyətinin son 24 ayının əmək haqqı barədə sənədlər üzrə ona pensiya təyin olunduğunu, həmin Qanunun 20.7-ci maddəsinin tələbinə əsasən pensiya təyin edilərkən hakim fəaliyyətinin hansı dövrü üzrə olan əmək haqqının pensiya təyin edilərkən seçilməsi hüququnun hakimə məxsus hüquq olduğunu, pensiyanın yenidən hesablanması səbəbi həm ilkin aparılmış, həm də sonradan aparılacaq hesablama qaydaları barədə ona arayış verilməsini xahiş etmişdir. Həmin şikayətə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 dekabr 2022-ci il tarixli məktubla cavab verilmişdir. Məktubda Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 31/153 saylı məktubu ilə Mərkəzi Filiala göndərilmiş onun əmək haqqı barədə arayışa əsasən əmək pensiyasının yenidən hesablanması, pensiya hesablanarkən nəzərə alınan orta aylıq əmək haqqının mənbə və məbləğlərinin, əmək pensiyasının «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il, 3 ay, 28 gün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4.007,25) manat, 80 faizi 3.205,80 manat təklif etdiyi, həmçinin vəzifə maaşlarının 1 iyul 2022-ci il tarixdən artması ilə bağlı pensiyada aparılan hesablamalar göstərilmiş, lakin ona ilkin olaraq hakim fəaliyyətinin son 24 ayının əmək haqqı üzrə pensiya təyin olunduğu halda, niyə yenidən 5 ilin əmək haqqı barədə sənədlər özbaşına qanun pozuntusu ilə tələb olunaraq ziyanına olan yeni hesablanmanın aparılmasına aydınlıq gətirilməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyalarından artıq ödəmələrin tutulması əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh inzibati orqan qanunun bu normasının tələblərini pozaraq nə mənə məlumat vermiş, nə də ki, məhkəməyə müraciət etmişdir. Bu əsasda inzibati orqanın hərəkət və qərarı qanuna zidd olmuşdur. Ona görə də ləğv edilərək ilkin vəziyyətə gətirilməlidir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 20.2, 67.1, 67.2, 79.3cü maddələrinə, İPM-in 2.2, 32, 34-cü maddələrinə əsaslanaraq, məhkəmədən Cavabdehin iddiaçıya münasibətdə pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla bağlı qərarının ləğv edilməsi, iddiaçıya ilkin təyin edilmiş pensiya məbləği bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 25 aprel 2023-cü il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, İddiaçı tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçıya 31 dekabr 2019-cu il tarixdən sabiq hakim kimi yaşa görə pensiya təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 31/153 nömrəli məktubu ilə Mərkəzi Filiala ünvanlanmış onun əmək haqqı barədə arayışa əsasən əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, 31 dekabr 2019-cu il tarixdə onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1.781 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 801,45 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 445,25 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 118,73 manat (son 60 ay ərzində cəmi 4 ay aldığı üçün 1.781 x 4 / 60), digər növ əlavələr 860,82 manat olmaqla orta aylıq əmək haqqı 4.007,25 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 3 ay 28 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4.007,25 manat) 80 faizi – 3.205,80 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən 31 dekabr 2019-cu il tarixdən 30 iyun 2022-ci il tarixədək olan dövr ərzində ona ümumilikdə 96.277,41 manat ödənilməli olduğu halda, 95.180,70 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 1.096,71 manat əskik pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2.556 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1.150,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 639 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 170,40 manat (son 60 ay ərzində cəmi 4 ay aldığı üçün 2.556 x 4 / 60), digər növ əlavələr 1.235,40 manat olmaqla orta aylıq əmək haqqı 5.751 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 3 ay 28 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (5.751 manat) 80 faizi – 4.600,80 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən 1 iyul 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək olan dövr ərzində pensiyaçı sabiq hakimlərin orta aylıq əmək haqlarının hesablanması zamanı vəzifə maaşında artımlar tətbiq edilmədiyi üçün həmin dövr üzrə ona ümumilikdə 13.802,40 manat ödənilməli olduğu halda, 9.456,96 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 4.345,44 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 5.442,15 (1.096,71 + 4.345,44) manat pul vəsaiti cari ilin oktyabr ayından etibarən hissəhissə (hər ay 1.814,05 manat) iddiaçının pensiyasının (4.600,80 manat) üzərinə əlavə olunmaqla (1.814,05 + 4.600,80 = 6.414,85 manat) müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla adıçəkilən şəxsə «Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 460,08 manat maddi yardım ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya əmək pensiyasının ilkin təyin edilən hesablamaya uyğun – əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin birdəfəyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasəb inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 65 yaşına çatmış hakim kimi cavabdeh inzibati orqan tərəfindən 19 dekabr 2019-cu il tarixdə yaşa görə (hakim kimi əmək stajı 19 il, 3 ay, 28 gün olmaqla) əmək pensiyası təyin edilmişdir. Həmin pensiya təyinatı üzrə aylıq pensiya məbləğləri iddiaçının təqdim etdiyi əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğləri barədə sənədlər üzrə əmək haqqının 80 faizi nəzərə alınaraq hesablanmış və 2022-ci ilin mart ayınadək ödənilmişdir. Lakin 2022-ci ilin mart ayından başlayaraq, cavabdeh tərəfndən iddiaçının pensiya məbləği azaldılmaqla ödəniş edilmiş və pensiya məbləğindəki bu azalma pensiyanın yenidən hesablanması ilə əsaslandırılmışdır. Məlum olmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əvvəlki iş yeri olan Bakı Apellyasiya Məhkəməsindən onun son 5 il (60 ay) üzrə əmək haqqı barədə sənəd alınmış və pensiya məbləği həmin sənəd üzrə yenidən hesablanmışdır. İddiaçı hazırda cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirir və əmək fəaliyyətinin 60 ayı üzrə deyil, son 24 ayı üzrə orta aylıq əmək haqqı əsas götürülməklə pensiya təyinatı onun üçün daha üstün şərtlər müəyyən etdiyindən, son 24 ay üzrə orta əmək haqqı ilə əmək pensiyasının hesablanmasını tələb edir və cavabdeh inzibati orqan tərəfindən ona əmək pensiyasının yenidən hesablanması ilə baqlı aparılan inzibati icraata «İnzibati icraat haqqında» Qanunun tələblərinin pozulduğunu iddia edir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Bundan başqa, yaşa görə əmək pensiyasının təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanununvericiliyin tələbinə uyğun formalaşmış mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi və dəyişdirilməsi bununla bağlı müvafiq əsaslar olduqda bu barədə qərarla rəsmiləşdirilir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. Halbuki, hazırkı işin xüsusatları «İnzibati icraat haqqında» Qanunun 21.3-cü maddəsində sadalanan hallarla uzlaşmır. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Lakin hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş “iddaçının pensiya işi”ndən görünür ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əlverişli inzibati aktı (pensiya təyinatı barədə) dəyişdirsə də, bu barədə qanuna müvafiq inzibati icraat aparmamış və qərar qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın dəyişdirilməsini, buna əsaslar olub-olmamasından asılı olmayaraq tələb olunan qaydada icraat aparmaqla rəsmiləşdirməmişdir. Bununla da, cavabdeh «İnzibati icraat haqqında» Qanunun 2.0.6, 4.1, 11-ci maddələrinə riayət etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: (20.7.1) 15 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; (20.7.2) 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Məhkəmə diqqətə çəkir ki, cavabdeh inzibati orqanın inzibati icraat üzrə apardığı hərəkətlərində qeyd olunanlarla yanaşı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi də müəyyən olunur. Belə ki, iddiaçıya pensiya hüququ olan sabiq hakim kimi onun hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğinin əsas götürlməsi seçimi olduğu və fəaliyyətinin son 24 ayı üzrə əmək haqqı ilə pensiya təyin edilməsi onun üçün daha əlverişli şərtlər (pensiya məbləği) yaratdığı halda, cavabdeh inzibati orqan qanunvericiliyinin müddəasının işin vəziyyəti və iddiaçının üstün mənafeyi baxımından düzgün tətbiq etməmiş və öz təşəbbüsü ilə onun əmək fəaliyyətinin son 60 ayı üzrə əmək haqqı barədə məlumatlar əldə edərək pensiyasının yenidən hesablanmasını əlverişsiz əsaslarla aparmışdır. Nəzərə alınmalıdır ki, ilkin pensiya təyinatı zamanı iddiaçı əmək fəaliyyətinin son 24 ayı üzrə əməkhaqqı barədə müvafiq məlumatı əks etdirən sənədi özü cavabdeh inzibati orqna təqdim etmiş və bununla da seçimini dəqiqləşdirmişdir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın həmin hərəkətləri ilə «İnzibati icraat haqqında» Qanunun 16, 24.2, 58-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqan DSMF X3 üzrə Mərkəzi Filialının hərəkətləri qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın qərarı (inzibati aktı) mübahisə predmeti olmasa da, onun iddiaçıya münasibətdə faktiki xarakterli hərəkətləri mübahisələndirildiyindən, habelə iddiaçının tələbi mahiyyətcə ona yaşa görə əmək pensiyasının əvvəlki qaydada hesablanmasından (yenidən hesablanma deyil) ibarət olduğundan, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində əmək pensiyasının ona ödənilməli olan fərq məbləğini də tələb etməkdə iddiaçı haqlıdır. Lakin həmin ödənişin qaytarılmasında «Əmək pensiyaları haqqında» Qanunun 32-1.1-ci maddəsində nəzərdə tutulan qayda tətbiq edilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı əmək pensiyasının ilkin təyin edilən hesablamaya uyğun – əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin ona qaytarılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının ilkin təyin edilən hesablamaya uyğun – əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin ona qaytarılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar