Məhkəmə qərarları › İş №2-1(112)-5857/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5857/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5857/2022 11.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – orta təhsilli, işləmir), iddiaçının nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, peşəsi – elektrikçi, Dövlət Neft Şirkətində işləyir), cavabdehin nümayəndəsi X4 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən evin bölünməsinin rəsmiləşdirilməsi və şəxsi olaraq üzərində mülkiyyət hüququnun tanınması və bu hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən evin bölünməsinin rəsmiləşdirilməsi və şəxsi olaraq üzərində mülkiyyət hüququnun tanınması və bu hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 6 yanvar 1999-cu ildə qeydiyyata alınmış, A və B hissələrə ayrılmaqla 2 hissəli paylı olaraq HM 173892 №-li Qeydiyyat Vəsiqəsi və Texniki Pasport verilmişdir. Bir müddət sonra “A” hissəsində olan qonşu özünə aid olan evi söküb yenidən bünövrədən özünə fərqli hündürlükdə və fərqli dam örtüyünə malik ayrı divarlı ev inşa etmişdir. İddiaçı ilə yaşadığı evdə illərlə müəyyən dəyişikliklər baş vermişdir. İddiaçı da ölkə Başçısının dövlət rəsmilərinə “vətəndaşların evlərinin sənədləşməsi asanlaşdırılsın” kimi dəfələrlə verdiyi göstəriş və tapşırıqlardan həvəslənib evinə yenidən ayrıca Çıxarış ala biləcəyi düşündü və bütün sənədləri toplayıb cavabdehə təqdim etdi. Orda olan mütəxəssislər iddiaçıya çox rahat şəkildə evinə çıxarış ala biləcəyi bildirdilər. Lakin 2 ilə yaxındır ki müxtəlif bəhanələrlə sənədləri yenidən geri qaytarıb əsassız yerə süründürürlər. İlkin bildirilən bəhanə fərdi yaşayış evinə baxış keçirilməsinə və inventarlaşdırılmasına tam şərait yaradılmaması olmuşdur. Hansı ki, həmin mütəxəssis evini tam şəkildə ölçmüş hətta 1 stəkan çay da içib razı halda ayrılmışdı. İkinci bildirdikləri imtina səbəbi digər payçının dünyasının dəyişməsi oldu, lakin Ölüm haqqında şəhadətnaməsini təqdim etdikdn sonra. Növbəti maneə yaradan səbəb kimi digər payçının Ölüm şəhadətnaməsində soyadının X2, Ölüm şəhadətnaməsində isə Mirzəyeva göstərilməsi oldu. Həmin dünyasını dəyişmiş şəxsin Nigah haqqında şəhadətnaməsində isə Mirzəyeva göstərilməsi oldu. Həmin dünyasını dəyişmiş şəxsin Nigah haqqında şəhadətnaməsini arxivdən tapıb təqdim etdikdən sonra, sonuncu dəfə bildirdikləri və tam əsassız olan bəhanə isə qonşu ilə evin bir dam altında olması göstərilib. Bunu da mütəxəssislər öz gözləri ilə görüblər ki, bu tamamilə əsassıızdır. Çünki evlərin tikinti materialları, hündürlükləri və dam örtüyü tamamilə ayrıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci bəndinə qeyd edilən sənədlərin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsinə baxmayaraq, adıçəkilən qurumlar səlahiyyətlərindən sui-istifadə edərək ona qarşı əsassız süründürməçiliyə yol veriblər. Buna görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh bildirmişdir ki, sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçıya məxsus hissələri bir dam altında yerləşir. Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Ərizənin icrasını mümkün olmaması ilə bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********64 nömrəli məktub ünvanlanmışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi ünvanında yerləşən 7 saylı fərdi yaşayış evi hazırda 1/3 payda İddiaçı, 2/3 payda X3 xüsusi mülkiyyətindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Bakı şəhəri, Nizami rayonu, Əfkari küçəsində yerləşən 7 nömrəli evin planı xx.xx.1998-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 173892 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əfkari küçəsindəki 7 nömrəli yaşayış evinin 1/3 hissəsi İddiaçı adına, 2/3 hissəsi isə X5 adına xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin Memarlıq-planlaşdırma bölməsindən görünür ki, sifarişçi İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsi verilmişdir. Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizəyə əsasən iddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini inşa etmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin A-11-151 nömrəli, 31 yanvar 2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, ünvan 6 ünvanında fərdi yaşayış evinin tikintisinin başa çatması ilə bağlı ərizəyə baxılmışdır. Bununla əlaqədar zəruri sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq qaydada Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat veriləcəkdir. Hüquqların dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 23 iyun 2010 cu il tarixli çıxarışına əsasən, ünvan 8 xüsusi mülkiyyət hüququ ilə X3 adına (2/3 payı), İddiaçı adına 1/3 payı olmaqla qeydiyyata alınmışdır. 23 dekabr 1998-ci il tarixli müqaviləyə əsasən, X7 ünvan 7 ünvanda yerləşən ev 7nin 1/3 hissəsini İddiaçı satmışdır. 10 iyun 1998-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnaməyə əsasən, X1 vərəsəsi onun gəlini(oğlunun arvadı) X7 olduğundan ünvan 8 ünvanda olan miras əmlakı X3 adına keçir. 15 yanvar 2020-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arxiv sənədinə əsasən X6 və -------- Ruqiyyə Həsən qızının nikahı haqqında 09 oktyabr 1949-cu il tarixdə 494 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. AZ-İ seriyalı 503626 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Nizami rayon qeydiyyat şöbəsi tərəfindən X3 ölümü haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 823 nömrəli qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********64 saylı cavab məktubuna əsasən, fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılmasına tam şərait yaradılmamışdır. Bu səbəbdən arxiv texniki pasportunun baş planında göstərilən torpaq sahəsində (427.9 kv.m) inventarlaşdırma işlərinə şərait yaradılması və ya notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Bundan əlavə digər payçının vərəsələrinin fərdi yaşayış evinə və torpaq sahəsinə münasibətdə notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin digər payçının qeydiyyat vəsiqəsində soyadı “Məmmədova”, ölüm haqqında şəhadətnamədə “Mirzəyeva” kimi qeyd edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********90 saylı cavab məktubuna əsasən, göstərilən daşınmaz əmlak vahid konstruktiv yükgötürən divarlara malik olmaqla tək dam örtüyündən ibarətdir.Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə naturada bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə birlikdə tələb olunan sənədlərin surətləri təqdim edilmişdir, o cümlədən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış, xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və 23 dekabr 1998-ci il tarixli, 064226 nömrəli müqavilə. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin faktiki hallarına əsasən iddiaçının iddia ərizəsində qeyd edilən daşınmaz əmlak iddiaçı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən X3 da paylı mülkiyyətindədir, iddiaçının adına həmin əmlak üzərində paylı mülkiyyət hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni göründüyü kimi əmlakın hüquqi rejimi paylı mülkiyyət kimi müəyyən edilmişdir. Qanunvericilikdə isə paylı mülkiyyət kimi hüquqi rejimi müəyyən edilmiş əmlakın bir hissəsinin ayrıca əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus olan ünvan 1 ünvanında yerləşən evin bölünməsinin rəsmiləşdirilməsi və şəxsi olaraq üzərində mülkiyyət hüququnun tanınması və bu hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus olan ünvan 1 ünvanında yerləşən evin bölünməsinin rəsmiləşdirilməsi və şəxsi olaraq üzərində mülkiyyət hüququnun tanınması və bu hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar