Məhkəmə qərarları › İş №2-1(112)-5858/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5858/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5858/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (övladı X3 ilə birlikdə) yaşayış yeri üzrə güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, məhkəmə üçün onun tərəfindən ödənilən dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun (övladı X3 ilə birlikdə) yaşayış yeri üzrə güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, ikinci dərəcəli gözdən əlildir və tənha anadır. 19.07.2013-cü il təvəllüdlü bir övladı X3 ilə birlikdə kirayədə yaşayır. Qeydiyyatda olduğu ünvan ata evidir və yaşayış sahəsi ümumilikdə 25.88 kv.m olan iki darısqal otaqdan ibarətdir ki, burada atası, qardaşı və anası pasport qeydiyyatında olmaqla yaşayırlar. O, uzun illərdir göz zəifliyindən əziyyət çəkdiyi üçün daimi iş yeri yoxdur. İş yeri olmadığına görə də övladını və özünü yalnız dövlət qayğısı ilə verilən cuzi əlillik pensiyası və daimi olmayan aliment ilə dolandırır. Bu isə kommunal və kirayə xərclərini qarşılamır. O, 21.07.2020-ci il tarixdə güzəştli əsaslarla ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün aidiyyəti üzrə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətində ondan çox sayda sənəd tələb edilərək dəfələrlə aidiyyəti olmayan yerlərə göndərərək sənədlər toplatdırılmış və sonda ona mənzil növbəsinə götürülüb-götürülməməsi barədə heç bir cavab verilməmişdir. O, yenidən Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdikdə, bu dəfə ona absurd bir məktubla cavab verilərək guya qanunda boşluq olduğu üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildiyi və onlardan cavab gələcəyi təqdirdə mənzil növbəsinə götürüləcəyi bildirilmişdir. O, bir müddət gözlədikdən sonra dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, bu dəfə ona başqa bir yalan uydurularaq pandemiya ilə əlaqədar işçilərin olmadığı və ya işçinin nədənsə ezamiyyətə getdiyi üçün onun məktubuna cavab verilmədiyi və s. yalanlarla vaxt uzadılmış və yenə də ona nəticə barədə heç bir rəsmi cavab verilməmişdir. Nəhayət, o, gözdən əlil olduğu üçün dəfələrlə gedib-gələ bilmədiyinə görə aidiyyəti üzrə üzvü olduğu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə müraciət etmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən onun məktubunun cavabı olaraq təkrarən Binəqədi rayon İcra Hakimiyyətinə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin bir neçə ay keçsə də, yenə də bu məktuba da cavab verilməmişdir. O, təkrar Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdikdə, ona məktuba guya baxıldığı və ona məlumat veriləcəyi barədə şifahi bildirilmişdir. Lakin yenə də cavab gəlməmişdir. O, gözdən əlil ola-ola təkrar Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdikdə, yenə də absurd bir cavabla qarşılaşmışdır. Savadsızca yazılmış bir rədd cavabı ilə guya qanunvericilikdə boşluq olduğu və vətəndaşların mənzil sahəsi ilə təmin edilməsi üçün Nazirlər Kabineti tərəfindən uçot normasının olmadığı və yalnız gözdən birinci dərəcəli əlillər üçün uçot normasının adambaşına 9 kv.m olduğuna görə onu mənzil növbəsinə götürmək üçün əsasın olmadığı bildirilmişdir. Onun əlil olmasını və ümumiyyətlə heç bir yerdə mənzili olmadığını nəzər almayan cavabdeh ona absurd bir cavab verərək onu mənzil növbəsinə götürməkdən imtina edir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, qanunvericilik sahəsində aparılmış islahatlara əsasən 31.05.2018-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş və qanunun 31.1-ci maddəsində isə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsaslarının və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydalarının Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot normasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Bu günədək Mənzil Məcəlləsində uçot norması təsdiq olunmadığından vətəndaşların mənzil növbəsinə götürülən zaman hansı minimal ölçünün əsas götürülməsi müəyyən edilməmişdir. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunması qaydası müəyyən olunmuşdur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Belə ki, 25 avqust 1992-ci ildə qüvvəyə minmiş «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsində uçot norması kimi İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər nəzərdə tutulmuşdur. 31 may 2018-ci ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi gündən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli 284 nömrəli qanunu ləğv edilmişdir. Həmçinin, “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 25.08.1992-ci il tarixli 284 nömrəli qanununun 43cü maddəsinə əsasən əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Lakin “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il tarixli 285 nömrəli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 19.05.2020-ci il tarixli 106-VİQR nömrəli Qərarına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 25.08.1992-ci il tarixli 285 nömrəli Qərarı ləğv edilmişdir. Qeyd olunan qanun normalarından göründüyü kimi vətəndaş İddiaçınm xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinəsinə dair məlumatdan görünür ki, İddiaçı təkrar müayinə edilmiş və 26.10.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Səbəb: Ümumi xəstəlik gözdən əlil. İş materiallarında olan Binəqədi rayon İcra hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 17.08.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin mənzil növbəsinə götürülməyinizə köməklik göstərilməsi barədə Binəqədi Rayonu İcra Hakimiyyətinə daxil olmuş 21.07.2020-ci il tarixli S-72-068 saylı müraciətinizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Nəzərinizə çatdırıram ki, qanunvericilik sahəsində aparılmış islahatlara əsasən 31.05.2018-ci il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş və qanunun 31.1-ci maddəsində isə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Lakin, bu günədək uçot norması təsdiq olunmadığından vətəndaşların mənzil növbəsinə götürülən zaman hansı minimal ölçünün əsas götürülməsi məsələsinə münasibət bildirilməsi məqsədi ilə tərəfimizdən 10.07.2020-ci il tarixli 01/09-11-32/318 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Müraciətimizə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaşların mənzil növbəsinə götürülən zaman hansı minimal ölçünün əsas götürülməsi məsələsinə qüvvədə olan mövcud Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, gələcəkdə miivafıq qaydalar qəbul edildikdən sonra mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağınıza müraciətiniz əsasında yenidən baxılacaqdır. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 06.03.2021-ci il tarixli verilmiş AZ-İ seriyalı 374625 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı nikahına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən 29.07.2020-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Səlimov, qadına isə Səlimova soyadı verilmişdir. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 13.08.2013-cü ildə verilmiş AZ-İİİ seriyalı 150268 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 19.07.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Səlimov Hüseyn Arif oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 14.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti 23.10.2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 1 (bir) il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti Bakı 15 nömrəli Şəhər Poliklinikasının 0033003AABN9 nömrəli göndərişi əsasında 26.10.2015-ci il tarixdə qiymətləndirilmiş və “OU - görmə sinirin hissəvi atrofiyası Astiqmatizm Xr. konyuktivit VİS OD = 0,08 k/etmir VİS OS = 0,08 k/etmir” diaqnozu ilə “ümumi xəstəlik- (gözdən əlil)” səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Ümumi xəstəlik- (gözdən əlil)” səbəbi ilə ikinci dərəcə təyin edilmiş əlilliyi 26.10.2016-cı il tarixdən əlillik altsistemi tərəfindən 5 il müddətinə uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 18.03.2020-ci il tarixli **********79 saylı arayışının surətindən görünür ki, İddiaçı adına hazırda Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun (31.05.2018-ci ilədək qüvvədə olan) 43cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ikinci dərəcə gözdən əlildir. O, gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, qanunvericilikdə mənzil uçot normasının nəzərdə tutulmaması əsas gətirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı ikinci dərəcə gözdən əlil olmaqla yanaşı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Onun adına daşınmaz əmlak qeydə alınmamışdır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı övladı X3 ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla ikinci dərəcə gözdən əlil kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar