Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5858/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X10) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında – ona aid xüsusi mülkiyyətdə - yaşayış sahəsində qeydiyyatda olan, lakin faktiki yaşamayan və ya istifadə hüququ olmayan X5 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, atası X6 erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlar zamanı Füzuli şəhəri uğrunda gedən döyüşlərdə xx.xx.1994- cü il tarixdə şəhid olmuşdur. Nizami rayon İH-nin Başçısının xx.xx.2011-ci il tarixli 15 nömrəli sərəncamına əsasən şəhid ailəsi kimi ona Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14a nömrəli binanın 8-ci mərtəbəsində yerləşən , ümumi sahəsi 84.85 m2 olan 2 otaqlı - 23 nömrəli mənzil verilmişdir. X1 , arvadı X4, oğlu X11 da olmaqla mənzilin hüquqi şəxsi olan anası X2 və onun heç bir şifahi və notorial qaydada təsdiq olunmuş razılığı olmadan və iradənin əksinə zidd olaraq mənzildə təmir işləri aparmaq adı ilə mənzili zəbt etmiş, sonradan mənzilin qapısını bağlayaraq nə anamı, nə də məni məlum mübahisəli məznilə buraxmamışlar. Anası xəstə olduğu üçün o mübahisə yaratmaq istəməmiş, işin sülh yolu ilə həllinə çalışmışdır , lakin bu heç bir nəticə verməmişdir. Mən də evli olduğu üçün (xx.xx.2019-cu il) və otağın birində bizim ailəlikcə yaşamağına imkan vermədikləri üçün bir ildən artıq ayı 300 Azn-a kirayədə yaşamış, ailə büdcəsinə böyük maddi ziyan dəymiş, cavabdehlərin hərəkəti nəticəsində bizim bir neçə illər ərzində yaşamaq hüququ qanunla təsbit edildiyi halda şürurlu surətdə cavabdeh və ailəsi tərəfindən pozulmuş, maddi ziyan bu gün də artmaqda davam edir, bu da iddiaçının və ailəsinin dövlət tərəfindən qanunla tanınmış hüquqlarımızın pozulmasına bilərəkdən və şürurlu surətdə rəvac vermişdir. Cavabdeh və ailəsi heç bir qeydiyyatları olmadan həmin mənzildə yaşayırlar. Anası və onu mənzilə buraxmadıqları üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilmiş, mənzilin özəlləşdirilməsi və sonradan satmaqla ayrı-ayrı mənzillər alınması və ya 2 otaqlı mənzilin geri alınaraq ayrı-ayrı bir otaqlı mənzillər verilməsi xahişi ilə məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində SXA-nın 09 oktyabr 2020-ci il **********0 nömrəli məktubunda sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(010)-1318/2022 nömrəli qətnaməsilə iddia qismən təmin edilmiş mən və azyaşlı övladı , xx.xx.2021-ci il təvəllüdlü X15 ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi Suraxanı icra şöbəsi tərəfindən yerinə yetirilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8411/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 1318/2022 nörməli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli mənzilə pasport "qeydiyyatına alınma " tələbinə dair iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 2-l(112)-9860/2022 nörməli, xx.xx.2022- ci il tarixli qərarı ilə mənim xx.xx.1988 - ci il təvəllüdlü İddiaçı və azyaşlı uşağım xx.xx.2021- ci il təvəllüdlü X12 ünvan 2 ünvanına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə həvalə edilmiş və qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1062/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə üçüncü şəxsin -cavabdehin şikayəti təmin edilməmişdir. Cavabdeh və ailəsi məhkəmə qətnamələrində və qərarlarında göstərildiyi kimi 2011-ci ildən ünvan 5 ünvanında yaşayırlar və oraya da qeydiyyata düşməlidirlər. Cavabdeh X5 anası Nizami rayonu , Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 23 , mənzil 405-in 1 otaqlı 18 m2-lik yataqxana tipli mənzili də razılıq əsasında bir otaqlı mənzili öz adına özəlləşdirmiş (çıxarış: qeydiyyat nömrəsi **********; xx.xx.2020-ci il), 1 sentyabr 2020-ci il ildə "Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi" əsasında ona bağışlanmış və ********** qeydiyyat nömrəsilə xx.xx.2020-ci il tarixdə mənzil özəlləşdirilmiş və çıxarış alınmışdır. Neçə illər ərzində şəhid ailəsinə verilən mənzili qardaşım zəbt etmiş, iddiaçının da qanuni bir otaqlı mənzildən istifadə hüququnu məhdudlaşdırmış, ona böyük məbləğdə maddi ziyan vurmuşdur. Hal-hazırda qardaşı Nizami rayonu, Keşlə qəsəbəsindəki ona məxsus daşınmaz əmlakda pasport qeydiyyatında qalmaqla ona aid müəyyən sənədçilik işləri olduqda razılıq verməməklə əngəl törədir, ona görə onun pasport qeydiyyatından çıxarılmasını istəyir. Çünki onun ailəsilə birgə ünvan 6 ünvanında yaşaması məhkəmə qətnamələrilə təsdiqlənmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında AR-ı qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı halda çıxarıla bilər: 1.Yaşayış yerini dəyişdikdə ; Yaşayış sahəsində qeydiyyatda olan , lakin faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılması üçün şəxsin mənzilində formal olaraq qeydiyyatda olan lakin faktiki olaraq yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə polis idarəsinə inzibati qaydada müraciət edə bilər, bu məsələ yaşayış yeri və olduğu yer üzrə qeydiyyat üzrə AR-nın qanunu ilə tənzimlənir. Mülkiyyətçi ona məxsus yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün inzibati orqana müraciət etməlidir. DİN-yi şəxsləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üzrə səlahiyyətli inzibati orqandır.Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında AR-ı qanunun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatından mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında polisə həvalə edilməlidir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. - Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; - Başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq dövlət orqanının məlumatına əsasən - azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X7 ünvan 8 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs X10 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
I. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
II. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X10 (xx.xx.1984-cü il təvəllüdlü) ünvan 9 ünvanında qeydiyyatdadır.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sənədlərin surətinin verilməsi barədə məktubda bildirilmişdir ki, sözügedən mənzilə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir.
III. Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxs X10 iddiaçının (mülkiyyətçinin) ailə üzvüdür (qardaşıdır).
15. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
18. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...
19. Sözügedən mənzilə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, ev 23, 1 otaqlı 405-ci mənzilinə 3 nəfər (özü və iki oğlu) X3 adına icarə müqaviləsi bağlanmışdır və daha sonra hər iki oğlu (hazırkı iş üzrə iddiaçı və üçüncü şəxs) mənzilin analarının adına özəlləşdirilməsinə razılıq vermişlər, lakin bu hal vaxtilə üçüncü şəxsin mənzilə istifadə hüquqlarının xitam verilməsi üçün əsas hesab edilə bilməz. Əksinə, üçüncü şəxs icarədarın ailə üzvü kimi həmin mənzildən istifadə etmiş və müvafiq sərəncamda ailə tərkibi kimi nəzərə alınmışdır.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
22. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxsin mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmədiyi və ya istifadə hüququ olmayan şəxs olmadığı müəyyən edilmədiyi halda, inzibati orqanın həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmadan imtinası qanunsuz deyil.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva