Məhkəmə qərarları › İş №2-1(112)-5859/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5859/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5859/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “görünən borcun və gecikmə günü kimi aparılmış qeydlərin silinməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “görünən borcun və gecikmə günü kimi aparılmış qeydlərin silinməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası AKB MMC-də MKR sistemi üzrə İddiaçı adına görünən borcun və gecikmə günü kimi aparılmış qeydlərin silinməsini cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC də xx.xx.2008-ci il tarixli 207F16 saylı kredit müqaviləsi əsasında bank tərəfindən iddiaçının adına 3000 manat dəyərində kredit ayrılmış lakin, həmin vəsait hal-hazırda ləğv prosesində olan "xxxx" ASC nin Zərdab rayon filialının 2008-ci il tarixdə vəzifədə olan bankın müdiri kimi çalışan Pərviz adlı şəxs və müdir müavini Ruslan adlı şəxslər tərəfindən götürülmüşdür. Bu hal həmin şəxslər barədə Zərdab Rayon Məhkəməsində aparılmış cinayət işində və "xxxx" ASC- nin nümayəndəsi X1 Zərdab Rayon Məhkəməsinin hakimi cənab X2 ünvanlanmış 2013-cü il tarixli məktubunda da öz əksini tapır. "xxxx" ASC ilə aramızda yaranmış anlaşılmazlıq səbəbi ilə bank 2013-cü il tarixdə, Zərdab rayon Məhkəməsinə borcun ödənilməsi tələbi barədə ərizə ilə müraciət edərək iddia qaldırmışdır. Məhkəmə prosesi dövründə yaranan anlaşılmazlıq aradan qaldırılmış və "xxxx" ASC-nin nümayəndəsinin müraciətində də qeyd olunduğu kimi məsələ həll edilmiş və bank iddiasından imtina etmişdir. Borcun qaynağının müəyyən edildiyi və silindiyi məlumatı iddiaçıya verilmişdir. Bununla bağlı, 2(035)- 293/2013 saylı, 20 iyun 2013-cü il tarixli qərardadı ilə mülki işə xitam verilmişdir. Məhkəmə aktı qanuni qüvvəsini almışdır. Bütün bunlar qəti sübut edir ki, iddiaçının "xxxx" ASC-nə heç bir əsas, gecikmiş faiz və dəbbə pulu olaraq borcu yoxdur. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 4 nömrəli qərarı ilə "xxxx" ASC-nin 01.12.199-cü il tarixli, 166 nömrəli bank lisenziyası ləğv edilmiş, Azərbaycan Respublikası, 1 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/16 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və bankın ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İddiaçı hal-hazırda xırda sahibkarlıqla məşğul olur. Öz məşğuliyyət fəaliyyətini davam etdirmək və işlərini böyütmək istəyir ki, bunun üçün də ona kredit lazımdır. Lakin, 2022-ci il tarixdə işləri ilə əlaqədar kreditə ehtiyacı olduğundan banklara müraciət etdikdə ona bildirdilib ki, "xxxx" ASC-nə gecikməniz və borcunuz var. Bu səbəblə də ona kredit verilmir. Halbuki, bu məsələ mövcud deyil. Qoşma hissədə təqdim etdiyi məhkəmə qərardadında da qeyd edilib ki, bankın iddiaçıdan heç bir tələbi yoxdur. Yuxarıda qeyd edilən məlumatlar rəsmi qaydada iddiaçıya təqdim edilmədiyindən məhkəmə tərəfindən bu halların dəqiqləşdirilməsi üçün yuxarıda qeyd edilən məhkəməyə sorğu verilib rəsmi qaydada məlumat alınmasına zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim idianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu da onu sübut edir ki, artıq onların arasında heç bir mübahisə qalmamışdır. Çünki, bank ona olan borcunu almasa məhkəməyə müraciət etmək hüququndan, iddiadan imtina etməklə birdəfəlik son verməzdi. Yuxarıda qeyd edilən məsələ ilə bağlı iddiaçının yəni, İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyestrində halhazırda görünən "xxxx" ASC-nə kredit gecikmələrinin və qeyd edilmiş borcun MKR sistemindən silinməsinə zərurət yaranmışdır. Bu məsələ ilə bağlı cavabdehə müraciət etsə də, 06 yanvar 2023-cü il tarixli №V- 003/2023 saylı cavab məktubu ilə Azərbaycan Respublikası AKB MMC məlumatlarda yanlışlıq olmadığını qeyd edərək onun tələbindən imtina etmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan Kredit Bürosu MMC iddiaçının öz şəxsi və xüsusi mülkiyyətində olan hüquqlarının qeydiyyatından boyun qaçırmaq üçün belə bir əsassız arqument irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, İV bölməsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respunlikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hazırki iddia tələbinin qeyri-mümkün sayılmasına dair xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq hüquqi yardım olunmuş və qanunvericiliyin müvafiq tələbləri izah etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbardar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmədklərinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;

3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Belə ki, iş materiallarından görünür ki, ləğv prosessiandə olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 08 fevral 2008-ci il tarixli 207F16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Bank əməliyyat sistemində xx.xx.2022-ci il tarixinə 2658.76 (iki min altı yüz əlli səkkiz manat 76 qəpik) manat əsas və 1391.12 (bir min üç yüz doxsan bir manat 12 qəpik) faiz borcu mövcuddur. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Zərdab şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(035)-293/2013 saylı məhkəmə qərardadına əsasən icraata xitam verilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, sözügedən məhkəmə qərardadına əsasən Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. İş materiallarında olan, Zərdab Rayon Məhkəməsinin 2(035)-293/2013 saylı xx.xx.2013-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, peniyanın ödənilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilmişdir. Hazırki işin hallarından görünür ki, mübahisə tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə kredit öhdəlikliklərindən yaranmışdır. Həmçinin iddia tələbi Cavabdeh MMC-nə qarşı qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı), onun yerli strukturu və digər qurumu, yaxud bələdiyyə deyil, o, AR Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bölməsində nəzərdə tutulan qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs də deyil. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarınında qeyd edilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(bənd 1.) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(bənd 3.2) İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.(bənd 11) İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd12). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (bənd 17) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd olunur ki, 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.10-ci maddəsinə əsasən mərkəzləşdirilmiş kredit reyestri - nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən: - Məlumat təchizatçısı kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosu ilə bağladığı müqaviləyə əsasən təqdim edir. Məlumat təchizatçısı bir və ya bir neçə kredit bürosu ilə müvafiq məlumatın təqdim edilməsi barədə müqavilə bağlaya bilər. - Məlumat təchizatçısı kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatı bu Qanunun 14.0.1-ci maddəsində nəzərdə tutulmuş razılığın alınması faktını təsdiq etməklə kredit bürosuna təqdim etməlidir. Məlumat təchizatçısı kredit tarixçəsi subyektlərinin razılıqlarını, hər bir borc və ya digər hal üzrə son məlumatın kredit bürosuna təqdim edilməsi tarixindən 5 il müddətində öz arxivində saxlayır. - Məlumat təchizatçısı kredit bürosu ilə bağlanmış müqavilədə müəyyən olunmuş müddətdə, lakin dəyişiklikliyin baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti (və ya digər hal üzrə son vəziyyət) barədə məlumatı kredit bürosuna təqdim etməlidir. - Kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatlar elektron formada təqdim edilir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və tərəflər arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəlməlidir. Hazırki iddia tələbi üzrə cavabdeh qismində Cavabdeh MMC çıxış edir ki, həmin qurum qanunvericilikdə inzibati orqan kimi müəyyən edilməmişdir və tərəflər arasında yaranan mübahisə, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, məhkəmənin xx.xx.2023cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya iddia ərizəsində göstərdiyi cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmədiyi, iddia tələbinin dəqiq olmadığı bildirilmiş və iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun dəqiqləşdirilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə heç bir ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. Hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Göstərilən normaların tələblərindən göründüyü kimi mübahisəyə inzibati məhkəmələr tərəfindən o halda baxıla bilər ki, mübahisə inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə baxılmasının başqa aidiyyət qaydası müəyyən edilməsin.Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbi mülki-hüquqi xarakterlidir. Belə mübahisəyə isə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İddiaçıya izah olunur ki, hazırki iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəməyə müraciət edə bilər. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar