Məhkəmə qərarları › İş №2-1(112)-586/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-586/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-586/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri X10 İcraiyyə Komitəsinin qərarı əsasında 17836 saylı müqavilə ilə atası X6 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,25 hektar olan 1376 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X8 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçı - İddiaçı Mirzəmməd oğluna verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X10 İcraiyyə Komitəsinin qərarı əsasında 17836 saylı müqavilə ilə atası X8 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0.25 ha olan 1376 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsi 45 ildir ki, iddiaçının ailəsinin istifadəsindədir. Torpaq sahəsi atasına verilən vaxtdan bu günə kimi mübahisəsiz olaraq tərəflərindən istifadə edilir. Bağ sahəsini adına dövlət qeydiyyatına almaq üçün cavabdeh təşkilata dəfələrlə rəsmi müraciət etsə də (sonuncu dəfə xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********), verilmiş cavab məktublarında sözügedən bağ sahəsinin istifadələrində olmaması bildirilmiş, digər cavab məktublarında isə qeyd olunan iradların aradan qaldırılmaması göstərilmişdir. Bununla da bağ sahəsi üzrərində hüquqların qeydiyyata alınması mümkünsüz olmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “1376” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2022-cİ il tarixli, **********12 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı aşkar olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 12 saylı Notariat Ofisinin Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli 601 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı müraciəti əsasında, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 28 noyabr 1997 -ci ildə vəfat etmiş atası- X6 adına vərəsəlik işi açılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325- ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yeni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlar ilə bağlı ünvan ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə dair dövlət qeydiyyatı haqqında daşınmaz əmlaklar barədə Dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü vərəsəsi oğlu- İddiaçı (etibarnamə əsasında nümayəndəsi X9) vasitəsilə notariat ofisinə göndərməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********3 nömrəli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1376 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: -Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair 17836 nömrəli xx.xx.1970-ci il tarixli Müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektar torpaq sahəsi olan bağ sahəsi X6 istifadəsinə verilmişdir. -Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair 17836 nömrəli xx.xx.1982-ci il tarixli Müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektar torpaq sahəsi olan 1376 nömrəli bağ sahəsi X6 istifadəsinə verilmişdir. -X7 və istismarı birliyinin 17836 nömrəli xx.xx.1991-ci il tarixli Bağın icarəyə verilməsi haqqında Müqaviləyə əsasən əsasən birlik tərəfindən Ləhiş ərazisindəki 0,25 hektar torpaq sahəsi olan 1376 nömrəli bağ sahəsi X6 istifadəsinə verilmişdir. -Bağ sahəsinin yerləşmə sxeminə əsasən bağ sahəsinin 1 tərəfi yol, üçn tərəfi bağlardır: 1502/1375; 1634/1494; 1504/1377. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********07 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1376 saylı bağ sahəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi: hüquqmüəyyənedici sənəd üzrə 2500.0 kv.m, faktiki 2500.0 kv.m, bağ sahəsi hasar daxilindədir. Tikili yoxdur. Sahənin koordinatları əlavə olundu. Yerli baxış zamanı vətəndaş tərəfindən sahənin foto şəkilləri təqdim olunndu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********930 nömrəli məktubu ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1376 saylı torpaq (bağ) sahəsi və ətrafında yerləşən qeydiyyatdan keçmiş sahələrin nömrələri göstərilməklə ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Göndərilmiş ərazinin ortofoto görüntüsünün surətindən görünür ki, iddia olunan bağ sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş 1367A, 1369, 1372, 1262A, 1266 saylı bağ sahələri yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********24 nömrəli məktubu ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha ölçülü, 1376 saylı bağ-torpaq sahəsinin (ətrafında yerləşən qonşu bağ nömrələri göstərilməklə) ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Göndərilmiş ərazinin ortofoto görüntüsünün surətindən görünür ki, iddia olunan bağ sahəsinin qonşuluğunda 1266, 1259T, 1372, 1491, 1492, 1493, 1495 saylı bağ sahələri yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********14 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsi hasar daxilindədir. Faktiki sahəsi 2500.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bundan əlavə torpaq sahəsi İddiaçı tərəfindən göstərilmişdir. Cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin istifadənizdə olmadığı aşkar olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı işdən müəyyən olunur ki, Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair 17836 nömrəli xx.xx.1970-ci il tarixli, daha sonra isə xx.xx.1982-ci il tarixli və xx.xx.1991-ci il tarixli Müqavilələrlə Ləhiş ərazisindəki 0,25 hektar ölçüdə 1376 nömrəli bağ sahəsi X6 istifadəsinə verilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Beləliklə, Bakı şəhər XDS İK-nin xx.xx.1975-ci il tarixli 05/94 nömrəli qərarı əsasında verilmiş adıçəkilən bağlar təsərrüfatı idarəsi ilə bağlanmış xx.xx.1991-ci il tarixli 17836 nömrəli müqavilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,25 ha olan 1376 №li saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin 1376 nömrəli bağ sahəsinin nömrəsinin iddiaçının istifadəsində olunmaması dəlili əsassızdır. Belə ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsi hasar daxilindədir, faktiki sahəsi 2500.0 kv.m təşkil edir, torpaq sahəsi İddiaçı tərəfindən göstərilmişdir. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Torpaq –bağ sahəsi hasar daxilindədir. Bu barədə cavabdeh orqanın mütəxəsisləri tərəfindən keçirilmiş yerli müayinə aktında qeydlər edilmiş, eyni zamanda iddia olunan torpaq sahəsinin çöl-ölçmə işləri aparılmış, 2500 kv.m ölçüdə olmaqla yerləşdiyi coğrafi koordinatları müəyyən olunmuşdur. Cavabdeh iddia olunan naturadakı bağ torpaq sahəsinin Ləhiş bağ massivində yerləşdiyini mübahisələndirmir. Eyni zamanda cavabdeh tərəfindən torpaq sahəsinin bilavasitə naturada faktiki göstərilən ərazinin hər hansı başqa bir bağ sahəsinin yerinə uyğun gəlməsini və ya hər hansı şəxsə aid bağ torpaq sahəsi ilə üst-üstə düşdüyünü mübahisələndirilmir. İddia olunan bağın yerləşdiyi ərazinin ortofoto görüntüsündən də görünür ki, iddiaçının 1376 saylı bağ sahəsi kimi naturada təqdim etdiyi bağ sahəsinin qonşuluğunda 1266, 1259T, 1372, 1491, 1492, 1493, 1495 saylı bağ sahələri yerləşir. Ortofoto görüntüdə iddia olunan naturadakı bağ sahəsinin qonşuluğunda olan bağların nömrələrinin qarışıq şəkildə yerləşdiyi görünür. Bu halda mübahisəli ərazidə bağların hansı ardıcıllığa uyğun yerləşdirildiyi, hansı sxematik xəritədə yerləşmə vəziyyətinə uyğun qeydiyyata alındığı bilavasitə müəyyən olunmur. Ən azından eyni sırada iddiaçının iddia etdiyi 1376 nömrəli bağ sahəsinin ətrafındakı bağ nömrələrinin ardıcıllığına 1372 saylı bağ sahəsinə uyğun yerləşdiyi qənaətinə gəlinməsi mümkündür. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Ləhiş ərazisində 0.25 ha ölçüdə 1376 saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının mərhum atasının naturada (faktiki) istifadəsinə təhvil verildiyi müəyyən olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,25 hektar olan 1376 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,25 hektar olan 1376 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar