Məhkəmə qərarları › İş №2-1(112)-5860/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5860/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5860/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı cavabdeh tərəfindən ona qarşı qanunsuzluq edilərək Bankın mülkiyyətinə verilmiş ona məxsus olan 165.3 kv.m torpaq sahəsindən məhrum edilməsi ilə bağlı vurulmuş maddi zərərə görə 165.000 (yüz altmış beş min) manat və mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pulun ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu, İ qrup əlil Nuriyev Xəyyam Vilayət oğlu xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-dən 200.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi Şössesi 224C ünvanda yerləşən 252,9 m2 qeyri - yaşayış sahəsini girov qoymuşdur. Qeyri yaşayış sahəsinin (2 mərtəbəli) 1-ci mərtəbəsi 132,1 m2 sahə oğlum Nuriyev Xəyyam Vilayət oğluna məxsus olmuşdur. Qeyri - yaşayış sahəsinin 2-ci mərtəbəsi, 120,8 m2 sahə ona məxsus olmuş və etibarnamə əsasında girov qoyulmasına razılıq vermişdir. Qeyri - yaşayış sahəsinin altındakı 165,3m2 torpaq sahəsi mənim mülkiyyətimdə olub və ona məxsus olmuşdur. X4 Vilayət oğlu kredit götürdükdən təxminən iki ay sonra böyrəklərində ciddi problemlər yaranmış və böyrək köçürmə əməliyyatı zərurəti yaranmışdır. 2013-cü ilin son 6 ayı ərzində Nuriyev Xəyyam Vilayət oğlunun üzərində iki dəfə - 1-ci əməliyyat uğursuz olduğu üçün ikinci əməliyyat, yəni böyrək köçürmə əməliyyatı aparılmışdır. 2015-ci ildə Düşənbə şəhərində yenidən 3-cü dəfə Xəyyamda böyrək köçürmə əməliyyatı aparılmışdır. Azərbaycanda bu günə qədər ilk hadisədir. Bu səbəbdən Banka kreditin qaytarılması mümkün olmamış, Bank məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3807/2014 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon İcra Şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi 252,9 kv.m qeyri-yaşayış sahəsini (protokol № Y-143) "xxxx" ASC-nə təklif etmişdir. Məhkəmə qətnaməsinə görə Banka borc: əsas borc -200.000 manat; faiz borcu- 56.700 manat; cəmi borc 256.700 manat olmuşdur. Bank qeyri-yaşayış sahəsinin altındakı ona məxsus olan 165,3m2 torpaq sahəsi ilə onunla razılığa gələ bilmədiyindən saxta yolla, qanunsuz olaraq torpağını ələ keçirərək 252,9 m2 qeyri-yaşayış sahəsi ilə birlikdə 3-cü şəxsə, başqasına satmışdır. Bu qanunsuzluqdan 8 ay sonra xəbər tutmuşdur. Ona məxsus olan 1653 m2 torpaq sahəsi, ipoteka predmeti olmayıb, girov qoyulmayıb, onunla Bank arasında heç bir razılaşma olmayıb. İpoteka müqaviləsində, məhkəmə qətnaməsində, icra şöbəsinin qərarında və hərracın nəticələri haqqında yekun protokolda ancaq 252,9 m2 qeyri yaşayış sahəsi olmuşdur (Hərracın yekun protokolunun surəti əlavə olunur). Torpaq bir alqısatqı predmeti olaraq xüsusi qiyməti olan əmlakdır. Daimi olaraq dəyər daşıyıcısıdır. Köhnəlmə, itmə, uçma və məhv olma-hər hansı şəkildə itmə əmsalı sıfra bərabərdir. Təqdim edilən sənədlərdən aydın olur ki, torpaq qiymətləndirilməmişdir . Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları "xxxx" ASC-ilə əlbir olaraq , saxtakarlıqla , qanunsuz yolla mənə məxsus olan 165,3 kv.m torpaq sahəsini xəbərim olmadan "xxxx"ın mülkiyyətinə keçirmişlər (Çıxarışın surəti əlavə olunur). Bank isə 252,9 m2 qeyri-yaşayış sahəsini və ona məxsus olmuş 165,3 m2 torpaq sahəsini AN İN ******* saylı alqı-satqı müqaviləsi ilə 3-cü şəxsə satmışdır (Alqı-satqı müqaviləsinin surəti əlavə olunur). Alqı-satqı müqaviləsində 252,9 m2 qeyri-yaşayış sahəsinin satışından və ona məxsus 165.3 m2 torpaq sahəsinin satışından Dövlətə ayrılıqda gəlir vergisi ödənilməsi göstərilmişdir. Nuriyev Xəyyamın Məhkəmə qətnaməsinə görə borcu 256.700 manat olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının saxtakarlığı, qanunsuzluğu nəticəsində xəbəri olmadan torpağını ələ keçirdikdən sonra Bank 252,9 m2 qeyri - yaşayış sahəsini və ona məxsus torpaq sahəsini 3-cü şəxsə 373,173 manata sataraq 116,473 manat qazanc götürmüşdür. Bu hal 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının saxtakarlığı, qanunsuz və məqsədli əməlləri sayəsində baş vermişdir. Ancaq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona məxsus olmuş 165.3 m2 torpaq sahəsinin xəbəri olmadan hansı yolla, hansı göstəricilərlə, hansı əsasla Bankın adma keçirilməsi barədə özbaşınalıq edərək çoxsaylı müraciətlərinə bu günə qədər cavab verilməyib. Onun xəbəri olduqdan sonra 3-cü şəxslə Bank arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi (X5) xx.xx.2018-ci il tarixli qətnamə ilə şikayətini təmin etmiş və alqı-satqı müqaviləsini ləğv etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Səbəb ortada 3-cü şəxsin, vicdanlı alıcının olması göstərilmişdir. Apellyasiya məhkəməsində (sədrlik edən hakim Elnur Həsənov) iştirak etmiş hakimlər yenidən məhkəməyə müraciət etməyi, maddi və mənəvi zərər tələb etməyi məsləhət görmüşlər. Onlar bildirmişlər ki, bu qanunsuzluq 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən edilmişdir. Ona görə də, maddi və mənəvi zərər tələb edilməlidir. Həmin qərardan sonra o, aidiyyəti qurumlara çoxsaylı şikayətlər etmişdir. Müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi əksər hallarda cavab verməmiş və ya işin mahiyyətinə aid olmayan şablon xarakterli cavablar vermişlər. X1 Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsində baxılmış, dərkanar ilə Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurora şikayəti məruzə olunmuşdur. Sonda cinayət işi qaldırılmayaraq mütləq şəkildə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun 1653 m2 torpaq sahəsi xəbəri olmadan 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən məqsədli səkildə Bankla əlbir olaraq qanunsuzluqlar etmişlər və torpağının başqasının mülkiyyətinə keçirilməsinə şərait yaratmışlar. Göründüyü kimi, onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur və mülkiyyətdən qanunsuz yolla məhrum edilmişdir. Torpaq sahəsindən məhrum edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasmm İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edərək maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tədbir görülməsinə xahiş etmiş, lakin, heç bir tədbir görülməmişdir, cavab verilməmişdir. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə vol vermişdir. Göründüyü kimi, onun mülkiyyətində olmuş torpaq sahəsi qeyri-qanuni olaraq mənimsənilmiş və mülkiyyətdən məhrum edilmişdir. Həmin ərazidə yerləşən torpaq sahələrinin bazar qiyməti 1 kv.m üçün 1000 (bir min) manat dəyərindədir və torpaq sahəsinin ümumi dəyəri 165.000 (yüz altmış beş min) manat əşkil edir. Torpaq sahəsindən qanunsuz yolla məhrum edilməysi ilə bağlı vurulmuş maddi zərər 165.000 (yüz altmış beş min) manat cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 22 aprel 2024-cü il tarixli 3-21-3- 02/2-5452/2024 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 224C nömrəli ünvanda olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsindən məhrum edilməsi ilə bağlı dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyni məzmunlu müraciətləri daxil olmuşdur. Nəzərə çatdırılmışdır kİ, sözügedən müraciətlərlə bağlı aparılmış araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 224C saylı qeyri-yaşayış binası və həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ilkin olaraq vahid daşınmaz əmlak kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Sonradan həmin daşınmaz əmlak “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin xx.xx.2016-cı il tarixli, Y- 143 nömrəli hərracın nəticələri haqqında protokoluna əsasən "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Son olaraq Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-5 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X2 adına özgəninkiləşdirilərək X2 adına qeydiyyata alınmışdır. Bu barədə vətəndaş İddiaçı müraciətlərinə xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-N-0395/04-8/2023 nömrəli məktubla ətraflı məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli eyniməzmunlu müraciətlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 224C saylı qeyri-yaşayış binası və həmin qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin ilkin olaraq vahid daşınmaz əmlak kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Sonradan həmin daşınmaz əmlak “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin xx.xx.2016-cı il tarixli, Y-143 nömrəli hərracın nəticələri haqqında protokoluna əsasən "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Son olaraq Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-5 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X2 adına özgəninkiləşdirilərək X2 adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olmuş daşınmaz əmlakın altında yerləşmiş 165.3 kv.m torpaq sahəsinin bankla arasında bağlanmış müqavilənin predmeti olmadığını əsas gətirərək cavabdeh tərəfindən həmin torpaq sahəsinin ilk öncə qanunsuz olaraq hərrac protokoluna əsasən "xxxx" ASC-nin adına, sonradan isə üçüncü şəxs X2 adına qeydiyyata alınması barədə hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk öncə iddiaçının tələbinin düzgün cavabdehə qarşı yönəlməsi məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əsasnaməsi”nin 5.1-ci bəndinə əsasən Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması, həmçinin qeydiyyata alınmış hüquqların ləğv edilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələri tərəfindən həyata keçirilir. İddiaçı iddiasında qaldırılmış məsələ daşınmaz daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı olduğundan iş üzrə cavabdehliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə daşımalı idi. Bununla bağlı məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım göstərilsə də, iddiaçının nümayəndəsi tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina edilmiş, iddiaya olduğu kimi baxılması xahiş edilmişdir . Beləliklə göründüyü kimi, iddia əsl cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamlıdır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MMnin 646.1-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Burada mülkiyyətə vermə özündə əmlaka dair mülkiyyət hüququnun da verilməsini ehtiva edir ki, mülkiyyət hüququ dedikdə AR MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilir. Nəzərə alınmalıdır ki, şəxs mülkiyyətində olan yaşayış sahəsini mülki əqd əsasında digər şəxsə satılmasını həyata keçirərsə bu zaman yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi üzərində hüquqları itirmiş olur. Başqa sözlə desək şəxs həmin hüquqlarından haqq müqabilində imtina edərək sahiblik, istifadə və sərəncam hüquqlarının yeni mülkiyyətçiyə keçirilməsində iradə ifadəsini nümayiş etdirir. Bununla bağlı Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245-ci maddəsini əsas gətirməyi zəruri hesab edir. Həmin maddəyə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin edən Mülki Məcəllənin müddəalarından görünür ki, torpaq sahəsində yerləşən yaşayış sahəsinin (fərdi yaşayış evinin) mülkiyyət hüquqlarının digər şəxsə keçirilməsi həyata keçirilirkən həmçinin torpaq sahəsinə hüquqlarının keçməsi həyata keçirilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə hərracın nəticələri qüvvədə olduğu halda və həmin hərracın nəticələri, eləcə də, qanunvericiliyin tələbləri nəzərə alındıqda cavabdeh inzibati orqanın aidiyyəti qurumu tərəfindən iddiaçının hüquqlarının pozulması məsələsi ilə bağlı iddiaçının hazırki iddia tələbinin əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar