Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5862/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı Niyazi oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı-İddiaçı Niyazi oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Niyazi oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona 05.07.2020-ci il tarixdən yəni 60 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1960-cı il tarixdə doğulub və 60 yaşı tamam olmuşdur. 1978-ci ildə Azərbaycan Neft və Kimyal İnstitutunda neft-qaz, mədən maşın və avadanlığı ixtisası üzrə təhsil alıb və təhsilini 1983-cü ildə bitirib. 17.11.1983-cü il tarixdən əmək fəaliyyətinə başlayıb. 17.11.1983-cü il tarixdən (əmr № 206/k, 17.11.1983) 23.01.1986-cı il tarixədək “Neft Daşları” NQÇİ-də kompressorların təmiri üzrə 5-ci dərəcəli çilingər kimi işə qəbul edilib. 23.01.1986-cı il tarixdən (əmr №15/k, 22.01.1986) 10.02.1988-ci il tarixədək qaz sahəsi üzrə böyük mühəndis vəzifəsinə keçirilib. 10.02.1988-ci il tarixdən (əmr №41/k, 07.02.1988) 20.08.1989-cu il tarixədək böyük mexanik vəzifəsinə keçirilib. 31.03.1997-ci il tarixdən 01.06.1999-cu il tarixədək Çiraq platformasında texnik köməkçisi vəzifəsinə keçirilib. 01.06.1999-cu il tarixdən 01.11.2008-ci il tarixədək Çiraq platformasında texniki xidmət supervayzeri vəzifəsinə keçirilib. 01.11.2008-ci il tarixdən 01.06.2010-cu il tarixədək həmin platformada texniki xidmət qrupunun rəhbəri vəzifəsinə keçirilib. 11.02.2016-cı il tarixində vəzifəsinin adı Dəniz əməliyyatları departamenti texniki xidmət üzrə qrup rəhbəri kimi dəyişdirilmişdir. 08.08.2018-ci il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01.10.2018-ci il tarixində "xxxx" MMC-yə texniki qulluq üzrə planlama mütəxəssisi vəzifəsinə təyin edilib. Arxiv arayışını cavabdehə təqdim etməkdə əsas məqsəd arayışda göstərilmiş əmək fəaliyyəti illərinin ümumi iş stajına əlavə edilməsi idi. Cavabdeh onun güzəştli iş stajının 12 il 6 aydan az (8 il 2 ay 7 gün) təşkil etdiyini bildirmişdir. Lakin onun 31.01.1997-01.06.2010-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi texnik köməkçi, texnik mexanik və supervayzer vəzifələri, həmçinin 01.10.2018-ci il tarixindən bugünədək işlədiyi planlama mütəxəssisi vəzifəsi müddətləri nəzərə alınmamışdır. Rəhbər işlədiyi müddət güzəştli staja daxil edildiyi halda, dənizdə rütubətdə qalaraq, işlədiyi müddət güzəştli staj hesab edilməmişdir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Nazilər Kabinetinin qərarına əsasən mexanik vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. Təqdim etdiyi güzəştli arayış BP-nin rəhbərliyi ilə Dövlət Sosial Müdafiə Fondu arasında razılıq əsasında verilmiş, həmin arayışdan da göründüyü kimi 21 il 4 ay 8 gün güzəştli stajı vardır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı Niyazi oğlu və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaqla, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi-X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyaı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Niyazi oğlu xx.xx.1960-cı ildə doğulmuşdur. M.Əzizbəyov adına X5 Ordenli Azərbaycan neft və kimya institutunun 377 nömrəli 1983-cü il tarixli diplomun surətindən müəyyən olunur ki, İddiaçı Niyazi oğlu 1978 il tarixdən 1983-cü il tarixlərdə neft-qaz mədən maşın və avadanlığı ixtisası üzrə təhsil almışdır. İT-İ seriyalı ******* nömrəli 16.11.1983-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 17.11.1983-cü ildə Qaz kompressor sexinə kompressorların təmiri və baxılması üzrə 5-ci dərəcəli çilingər kimi qəbul edilmişdir. 23.01.1986-cı ildə həmin sexin qaz sahəsinə baş mühəndis kimi keçirilmişdir. 10.02.1988ci ildə həmin sexə baş mexanik keçirilmişdir. 01.07.1988-ci ildə İstehsalat birliyi ləğv edilib, onun əsasında NQÇİ yaradılıb. 01.09.1989-cu ildə işdən azad edilmişdir. 13.09.1989-cu ildə Serebrovski adına Neft-Qaz çıxarma idarəsinin qaz kompressor sexinə qaz kompressorlarının 5-ci dərəcəli çilingər-təmirçisi kimi qəbul edilmişdir. 01.12.1989-cu ildə 1 saylı qaz kompressor sexinin qaz kompressor stansiyasının rəisi kimi təyin edilmiş, 29.05.1990-cı ildə işdən azad edilmişdir. 31.05.1990-cı ildə Dövlət elmi-tədqiqat və layihə institutu “Gipromornefteqaz” Dənizdəki neft və qaz yataqlarının işlənməsi layihəsi üçün şöbəyə aparıcı mühəndis, layihəçi kimi qəbul edilmişdir. 25.02.1994-cü ildə həmin şöbədə layihənin baş mühəndis vəzifəsinə keçirilmişdir. 01.07.1994-cü ildə əməyin ödənilməsində BTC-ə keçirilməsilə əlaqədar 15-ci dərəcəli layihənin baş mühəndisi vəzifəsinə müvafiqdir. 19.03.1997-ci ildə işdən azad edilmişdir. 31.03.1997-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti X6 (Kaspian Si) LTD Çıraq platormasında texnik köməkçisi vəzifəsinə qəbul edilmişdir. 01.06.1999-cu ildə şirkətin təşkilati formasının dəyişməsi ilə əlaqədar X6 (Kaspian Si) Ltd şirkətinə keçirilərək Çıraq platformasına keçirmə yolu ilə texnik köməkçisi vəifəsinə qəbul edilmişdir. 01.04.2004-cü ildə Çıraq platformasında texnik-mexanik vəzifəsinə təyin edilmişdir. 01.11.2008-ci ildə Çıraq platformasında texniki xidmət supervayzeri vəzifəsinə təyin edilmişdir. 01.06.2010-cu ildə həmin Platformada texniki xidmət qrupunun rəhbəri vəzifəsinə təyin edilmişdir. 11.02.2016-cı ildə vəzifənin adı Dəniz əməliyyatları departamenti, Texniki xidmət üzrə qrup rəhbəri kimi dəyişdirilmişdir. 01.06.2016-cı ildə Dəniz əməliyyatları departamenti, planlaşdırıcı vəzifəsinə təyin edilmişdr. 08.08.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.10.2018-ci ildə GVL MMC-yə texniki qulluq üzrə planlama mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. BP şirkətinin Azərbaycan Gürcüstan və Türkiyə üzrə Regional nümayəndəliyinin İnsanlar və Korporativ mədəniyyət üzrə xidmətlər bölməsi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı Niyazi oğlu Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Texniki Xidmət üzrə qrup rəhbəri vəzifədə Çıraq Platformasında № 3184 saylı müqaviləyə əsasən 31 mart 1997-ci il tarixdən avgust 2018-ci il tarixə qədər işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 21 il, 4 ay, 8 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Dəniz şəraitində briqada tərkibində olan fəhlələr ilə birlikdə neft, yağ və kimyəvi sistemlərin bilavasitə xidməti ilə məşqul olmuşdur; Buruqdakı istehsalat sistemlərinin açılması, təmizliyi, təmiri və hasilata qaytarılmasında birbaşa iştirak etmişdir və bu müddət ərzində neft, neft məhsulları və kimyəvi maddələrin istifadəsinə məruz qalmışdır; Peşə vəzifələrin yerinə yetirildiyi müddətdə fiziki (mexaniki), kimyəvi (istehsalat prossesində istifadə olan), bioloji (tullantı və kanalizasiya sistemləri) ağır istehsalat amilləri mövcud olmuş və tutduğu vəzifə gərəyi verilən qərarlar yüksək həssaslıq tələb etmişdir; Daimi istehsalat mövcudluğu səbəbi ilə iş rejimini gecə növbəsi istisna olunmamaqla aparmışdır. - Tutduğu vəzifə üzrə işləri çətin dəniz şəraitində, açıq havada, isti və soyuq hava şəraitində olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1(a) və (b) bəndində (yarımbəndində) və (və ya) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir yerinə yetirib. SOCAR “Azneft” İB “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin AR 01-İKK/15-Ə saylı 02.08.2021-ci il tarixli arxiv arayışından müəyyən olunur “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1983 -1989-cü illər üçün əmək haqlarının şəxsi hesablarında, 1989-cü il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1960-cı il tarixdə doğulmuş, İddiaçı Niyaz oğlunun 17.11.1983-cü ildən 23.01.1986-cı ilə qədər Qaz kompressor sexində kompressorların təmiri üzrə çilingər 5-ci dərəcəli (şifr 1100000a- 18547), 23.01.1986-cı il tarixdən 10.02.1988-ci il tarixədək həmin sexdə qaz sahəsi üzrə böyük mühəndis və 10.02.1988-ci il tarixdən 20.08.1989-cu il tarixədək həmin sexdə böyük müxanik vəzifəsində işləməsi barədə məlumatlar mövcuddur. İddiaçı Niyaz oğlu - 01 sentyabr 1989-cü il tarixindən (01.09.1989-cü ilin 182/k N -li əmrinə əsasən) Azərbaycan SSR ƏQM -nin 36 maddəsinin 1-ci bəndinə (tərəflərin razılığı ilə) əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 N-li Qərarına müvafiq olaraq, 1 saylı Siyahının 10-cu bölməsinə əsasən güzəştli şərtlərlə iş stajı 17.11.1983 - 23.01.1986 kompressorların təmiri üzrə çilingərdir 5 -ci dərəcəli. BP Eksploreyşn (Kaspian Si) LTD şirkətinin AR nümayəndəliyi tərəfindən verilən 28.08.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Niyazi oğlu 31 mart 1997-ci il tarixdən 08 avgust 2018-ci il tarixə qədər BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində müxtəlif vəzifələrdə işləyib. İşçinin şirkətdə sonuncu vəzifəsi Dəniz əməliyyatları departamentində Planlaşdırıcı olub. İddiaçı Niyazi oğlu Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin (ABƏŞ) Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 31 mart 1997-ci ildə “Çıraq” Platformasında Texnik köməkçisi vəzifəsinə qəbul edilib. Sonra 01 iyun 1999-cu ildə şirkətin təşkilatı formasının dəyişməsi ilə əlaqədar BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (ABƏŞ-in Operatoru olan) Çıraq platfomasına keçirmə yolu ilə Texnik köməkçisi vəzifəsinə keçirilib. İddiaçı 01 aprel 2004-cü ildən 01 noyabr 2008-ci ilədək “Çıraq” platformasında Texnik - mexanik və 01 noyabr 2008-ci ildən 01 iyun 2010-cu ilədək “Çıraq” platformasında Texniki xidmət supervayzeri və 01 iyun 2010-cu ildən 11 fevral 2016-cı ilədək həmin platformada Texniki xidmət qrupunun rəhbəri və 11 fevral 2016-cı ildən 01 iyun 2016-cı ilədək vəzifəsinin adı Dəniz əməliyyatları departamenti, Texniki xidmət üzrə qrup rəhbəri kimi dəyişdirilir. İddiaçı 01 iyun 2016-cı ildən 08 avgust 2018-ci ilədək həmin departamentdə Planlaşdırıcı vəzifəsində çalışıb. İddiaçı bu illər ərzində onun tutduğu vəzifə üzrə işləri çətin dəniz şəraitində, açıq havada, isti və soyuq hava şəraitində yerinə yetirib və onun vəzifələri Azərbaycan Respublikası “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 10.5.1 bölməsinin (a) bəndinə (fəhlələr) və (b) bəndinə ( rəhbərlər və mütəxəssislər) uyğundur. Nəsibov X4 xidmət üzrə qrup rəhbəri və Planlaşdırıcı vəzifələri də dənizdə “Çıraq” platformasında icra edib. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 01.04.2021-ci il tarixli **********3 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 16 noyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda və “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin müraciətçiyə dair 2 avqust 2020-ci il tarixli AR01-ink/15-Ə nömrəli arayışında 17.11.1983-23.01.1986-cı il tarixləri arasındakı dövr ərzində Qaz-kompressor sexində kompressorların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi kompressorların təmiri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Bundan başqa 31.01.1997-01.06.2010-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi texnik köməkçisi, texnik mexanik və supervayzer vəzifələri, həmçinin 01.10.2018-ci il tarixindən bugünədək işlədiyi planlama mütəxəssisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 2 ay 7 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (05.07.2020) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarındandır (təqdim olunmuş çıxarışa əsasən iddiaçının faktiki malik olduğu pensiya kapitalı 315.708 (üç yüz on beş min yeddi yüz səkkiz) manat 45 (qırx beş) qəpik təşkil edir). İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə (17.11.1983-23.01.1986-cı il tarixləri arasındakı dövr ərzində Qaz-kompressor sexində kompressorların təmiri üzrə çilingər; 31.01.1997- 01.06.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik köməkçisi, texnik mexanik və supervayzer vəzifələri; 01.10.2018-ci ildən hazırki vaxtadək planlama mütəxəssisi) işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az (8 il 2 ay 7 gün) təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı: 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr: təmirçi-çilingərlər; b) rəhbərlər və mütəxəssislər nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 05.07.2020-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı Niyazi oğlu 05.07.2020-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Niyazi oğluna 60 yaşdan, yəni 05.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1960-cı ildə doğulmuş İddiaçı Niyazi oğluna 60 yaşdan, yəni 05.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5862/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5862/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver