Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5863/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X6) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər X9 və X1 ona məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, 24.11.2020-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 102 mənzil 16 üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmaqla tam mülkiyyəti üzrə ona məxsusdur. Həmin ev ona məxsus olduğu müddət ərzində məlumat əldə edib ki, onunla heç bir qohumluq əlaqəsi olmayan mənzilin əvvəlki mülkiyyətçisinin dövründə qeydiyyata düşmüş yetkinlik yaşma çatmayan X9 və X6 hələ də qeydiyyatda olmaqda davam edir. O mənzilin əvvəlki mülkiyyətçisindən həmin yetkinlik yaşına çatmayan şəxslərin onun evindən qeydiyyatdan çıxmasını xahiş etsə də, xahişini nəzərə almamışdır. Daha sonra o, həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə Nizami rayon polis idarəsinə müraciət etsə də, Nizami rayon polis idarəsi bundan imtina edərək yalnız məhkəmə qərarı ilə həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkün olacağını bildirilmişdir. Əlavə olaraq qeyd edir ki, yetkinlik yaşına çatmayan X9 və X6 atası X10 və anası başqa ünvanda qeydiyyatda olub, başqa ünvanda yaşasa da, övladları əsassız olaraq ona məxsus mənzildə qeydiyyatda qalaraq onun mülkiyyət hüququnu pozurlar. Mənzilində qeydiyyatda olan şəxslərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla artıq heç bir əlaqəsi yoxdur ki, xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaqlarına razılaşım. Üçüncüsü, onların mülkiyyətində qeydiyyatda qalması mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdrır. Belə ki, həmin mənzili ozgəninkiləşdirmək istədikdə, onların razılığının alınması və yaxud evi satmaq istədikdə alıcıların narazılığına səbəb olduğundan onun üçün əlavə problemlər yarada bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Qeydiyyatda olanların isə faktiki olaraq başqa yerdə yaşaması, lakin mülkiyyətində olan mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrin icrasına ciddi maneələr yaratmaqıa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun birinci maddəsində qeyd olunan tələbləri pozur.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər həmin evdə yaşamır, hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır. Eyni zamanda bildirdi ki, Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə X10 ilə X7 arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladları X9 və X2 anaları X3 yanında qalmaları qət edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 03.05.2021-ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə çıxarılacaq məhkəmə qərarı icraya yönəldikdən sonra icra ediləcəyi bildirilmişdir.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
7. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 30.03.2021-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən X8 və X4 ünvan 2 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək tövsiyə olunmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
8. Məhkəmənin hazırki iş üzrə 20.04.2021-ci il tarixli qərardadı ilə X9 və X6 üçüncü şəxs qismində cəlb olunmuşdur.
9. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 16.03.2021-ci il tarixli ******* nömrəli arayışa əsasən, X9 və X6 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadılarr.
10. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
11. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.05.2021-ci il tarixli və 23.06.2021-ci il tarili məktublarıda bildirilmişdir ki, X9 və X6 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 102, 16 saylı mənzilə dair istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir.
12. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat departamenti Nizami rayon mənzil-kommunal təsərrüfat birliyi 26 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş 17.04.2021-ci il tarixli arayışa əsasən, X9 və X6 ünvan 1 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, yaşamırlar.
IV. Məhkəmənin mövqeyi
13. İddiaçı evin mülkiyyətçisidir, üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
14. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
17. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
20. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X9 və X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
21. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-5195/2020 nömrəli iş üzrə 22.09.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, yetkinlik yaşına çatmayan 25.01.2008-ci il təvəllüdlü X9 və 27.06.2012-ci il təvəllüdlü X1 valideynləri X10 və X5r. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə (3-cü abzas) əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
22. Odur ki, yetkinlik yaşına çatmayan üçüncü şəxslər valideynlərinin yaşayış yeri ünvanı üzrə qeydiyyata alına bilərlər.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X9 və X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva