Məhkəmə qərarları › İş №2-1(112)-5867/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5867/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5867/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası: hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Ağdaş rayon filialına) qarşı “23 sentyabr 2013-cü il tarixdən 23 sentyabr 2016-cı ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Ağdaş rayon şöbəsinə) qarşı “23 sentyabr 2013-cü il tarixdən 23 sentyabr 2016-cı ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona 23 sentyabr 2016-cı il tarixdə № 058274 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. İddiaçı bununla bağlı cavabdehə “Müharibə veteranı” vəsiqəsi təqdim edilməzdən əvvəlki illər üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya rəsmi olaraq məktubla imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiya dair etirazında bildirmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Dövlət Sosial Müdafiə Fondu vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. Vətəndaşa Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 23.10.2016-cı il tarixdə veteran vəsiqəsi verilmişdir və həmin tarixdən başlayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almışdır. Vətəndaşa 01.04.2019-cu il tarixdən hal-hazırkı dövrə qədər Prezident təqaüdü ödənilir. Vətəndaş 12.07.2006-cı il tarixdən hal-hazırki dövrə qədər 3-cü dərəcə əlilliyə görə sosial müavinət alır və bununla yanaşı 23.09.2013-cü il tarixdən 23.09.2016-cı il tarixə kimi ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi tələb edir. Lakin vətəndaş qeyd edilən dövr ərzində 3-cü dərəcə əlilliyə görə sosial müavinət almışdır. Həmin dövrdə vətəndaşın hər iki müqvinəti almaq hüququ olsa idi belə, müavinətlərdən yalnız birini seçməli idi. Beləliklə, vətəndaşın tələb etdiyi dövr üçün müavinət almaq hüququ mövcud deyildir. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericlik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi” şərtini gətirir. Müvafiq icra hakimiyyəti orqanı isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” olaraq müəyyən edir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çox müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da aşağıda qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsiq və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvədə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keşirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin meavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanına görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izаhаtını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqəsinin, 23.09.2016-cı il tarixli, 058274 saylı müharibə veteranı vəsiqəsinin, 30 noyabr 2020-ci il tarixli arayışın surətləri, 01 mart 2021-ci il tarixli arayışı və cavabdeh orqanın 29 mart 2021-ci il tarixli məktubunu təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının müavinət işinin surəti təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona 23.09.2016-cı il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı 18.09.2013-cü il tarixdən 30.09.2014-cü il tarixədək, 06.05.2015-ci il tarixdən 01.06.2016cı il tarixədək, 01.06.2016-cı il tarixdən 22.09.2016-cı il tarixədək üçüncü dərəcəli əlil kimi, 23.09.2016-cı il tarixdən 31.03.2019-cu il tarixədək Müharibə veteranı kimi sosial müavinət almış, 01.04.2019-cu il tarixdən müddətsiz olmaqla Müharibə veteranı kimi Prezident təqaüdü və 31.05.2021-ci il tarixədək üçüncü dərəcəli əlil kimi sosial müavinət almışdır. Hal-hazırda iddiaçı ona 23 sentyabr 2013-cü il tarixdən 23 sentyabr 2016-cı ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə iddiaçının tələbini əsassız hesab etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İşin təkzib olunmaz halıdır ki, iddiaçı müharibə veteranıdır, ona müharibə vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 23.09.2016-cı il tarixdə verilmişdir. Belə ki, 28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir: “Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Həmin Qanunun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyasına əsasən, İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir: “3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər...” Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət; 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət. 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət; 4.0.2.2. uşağın anadan olmasına görə müavinət: 4.0.2.3. dəfn üçün müavinət. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir: “5.1. Bu Qanunun 4.0.1.1-4.0.1.3cü, 4.0.1.5-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. 5.1-1. Bu Qanunun 4.0.1.1 – 4.0.1.3-cü və 4.0.1.5 – 4.0.1.6-cı maddələrində nəzərdə tutulan müavinətlərdən birini almaq hüququ olan şəxslərin bu Qanunun 4.0.1.14cü maddəsində nəzərdə tutulan müavinəti almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin edilir. 5.2. Bu Qanunun 4.0.1.4-cü və 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir. 5.3. Bu Qanunun 5.2-ci maddəsi həmin maddədə göstərilən müavinətlərin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə tətbiq edilmir.” Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il ödənilməklə aylıq sosial müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya 23 sentyabr 2016-cı il tarixində veteran vəsiqəsinin verilməsinə və bunula əlaqədar müvafiq müavinət almaq hüququn yaranmasına baxmayaraq, ona müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi mümkün olmamışdır. Belə ki, həmin dövrdə iddiaçı 3-cü dərəcə əlilliyə görə sosial müavinət almışdır. Məhkəmə hesab edir ki, iddiaçı əlilliyə görə sosial müavinətin aldığı zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin də ödənilməsi tələbi qanunvericiliyinin tələblərinə uyğun deyi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Ağdaş rayon şöbəsinə) qarşı “23 sentyabr 2013-cü il tarixdən 23 sentyabr 2016-cı ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Ağdaş rayon şöbəsinə) qarşı “23 sentyabr 2013-cü il tarixdən 23 sentyabr 2016-cı ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar