Məhkəmə qərarları › İş №2-1(112)-5868/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5868/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5868/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə, Azərbaycan Respublikası Energetika Nazirliyi Cavabdeh2 Bakı filialına, Cavabdeh3 İstehsalat Birliyinin Bakı X3 Departamentinə, Cavabdeh4 və Cavabdeh5 qarşı «binanın 48 və 52 saylı mənzillərində özbaşına dəyişdirilmiş sahələrin, əlavə çəkilmiş daxili və xarici qaz xətlərinin, qapalı məkanda qanunsuz olaraq quraşdırılmış qurğuların ləğv edilərək layihədə nəzərdə tutulduğu kimi əvvəlki təhlükəsiz vəziyyətinin bərpa edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə, Azərbaycan Respublikası Energetika Nazirliyi Cavabdeh2 Bakı filialına, Cavabdeh3 İstehsalat Birliyinin Bakı X3 Departamentinə, Cavabdeh4 və Cavabdeh5 qarşı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1B saylı binanın 48 və 52 saylı mənzillərində rəsmi icazə olmadan yeri özbaşına dəyişdirilmiş mətbəx və otağın, əlavə çəkilmiş daxili və xarici qaz xətlərinin, qapalı məkanda qanunsuz olaraq quraşdırılmış kombilərin ləğv edilərək layihədə nəzərdə tutulduğu kimi əvvəlki təhlükəsiz vəziyyətinin bərpa edilməsinin cavabdehlərin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Onun mənzili binanın 7-ci mərtəbəsində, həmin binanın 52 saylı mənzili yuxarıda onun mənzilinin üstündə, 48 saylı mənzil isə, onun mənzilinin altında (bir mərtəbə aşağıda) yerləşir. Həmin yaşayış binasının 48 və 52 saylı mənzillərinin sahibləri tərəfindən öz mənzillərinə rəsmi icazə almadan dövlət və sahə standartlarının tələblərini kobud şəkildə pozaraq, mənzil xarici və mənzil daxili qaz xətlərinin yerini özbaşına dəyişdirmişlər. Binanın ümumi qaz xəttindən, layihədən kənar özlərinə məxsus mənzillərin eyvanından daxil olmaqla mətbəx hissəsinə əlavə qaz xətti çəkmiş, layihədən kənar işlər görərək mətbəx ilə otağın yerini özbaşına dəyişdirmişlər. Eləcə də, qazdan istifadə olunması üçün müvafiq sənədləşmələr (icazələr) aparılmadığından, qapalı məkanda qanunsuz olaraq, kombilər quraşdırmışlar. O (iddiaçı), bununla əlaqədar cavabdehlərə həyata keçirdikləri qanunsuz hərəkətlərin binanın yanğın təhlükəsizliyi baxımından bütün bina sakinlərinin həyatının təhlükəyə girməsinə səbəb olduğunu, dərhal əvvəlki vəziyyətin bərpa edilməsini tələb etsə də, onun tələbinə məhəl qoyulmamışdır. Binanın 48 və 52 saylı mənzillərinin sakinləri tərəfindən mənzillərin daxili qaz xətlərinin yerinin özbaşına dəyişdirilməsi halının yanğın və ya partlayış təhlükəli olması barədə xx xxxxxxxx 2019-cu il tarixdə FHN-ə müraciət etmişdir. Müraciəti əsasında FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Cavabdeh3 İB Bakı Regional Satış Departamentinin nümayəndələri ilə birlikdə həmin məhəllədə x xxxxxxx 2019-cu il və xx xxxxxxx 2019-cu il tarixlərdə yanğın-texniki müayinə keçirilmiş, qeyd olunan faktlar öz təsdiqini tapmış və müvafiq tədbir görülməsi üçün xx xxxxxx 2019-cu il tarixli məktubla AR Energetika Nazirliyinə göndərilmişdir. Texniki baxış nəticəsində qeyd olunan faktlar əsasında AR Energetika Nazirliyi Enerji X1 Bakı filialı tərəfindən mənzillərdə “Qazdan istifadə Qaydaları”nın 2.1-ci bəndinin, 3.2.12 və 3.4.1 yarımbəndlərinin tələblərinin pozulması faktı ilə bağlı mənzil sahibləri Cavabdeh4 və Cavabdeh5 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmiş və aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün icarsı məcburi olan göstərişlər verilmişdir. Həmin göstərişlərin icra olunması vəziyyətinə təkrar baxış keçirmək məqsədilə aidiyyəti şəxslər ünvanda olmuşlar. Mənzilin birinin qapısı bağlı olduğundan orada göstərişin vəziyyətini yoxlamaq mümkün olmamış, digər mənzillə bağlı isə, tədbir görülməsinə cəhd olunmamış, müayinə aparılmamış, nöqsanlar aradan qaldırılmamışdır. Göründüyü kimi, 1 ilə yaxın müddətdir ki, binanın 48 və 52 saylı mənzillərlə bağlı yanğın və partlayış təhlükələri barədə müraciətlər ünvanlanmasına baxmayaraq, heç bir tədbir görülməmiş, nöqsanların aradan qaldırılması və əvvəlki vəziyyətin bərpası istiqamətində heç bir nəticə əldə olunmamışdır. Binəqədi rayon prokurorluğuna da müvafiq müraciətlər ünvanlanmışdır. Prokurorluqdan müraciətlər aidiyyəti üzrə AR Energetika Nazirliyinə və AR Fövqəladə Hallar Nazirliyinə göndərilsə də, tədbir görülməmişdir. AR Energetika Nazirliyi Enerji X1 Bakı filialının xx xxxxxx 2020-ci il tarixli məktubundan aşkar görünür ki, Cavabdeh3 İB Bakı X3 Departamentinin ZM-532 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən 48 və 52 saylı mənzillərdə qaz təchizatı dayandırılmışdır. Məlum olur ki, binanın 48 və 52 saylı mənzillərinin qaz təchizatı x xxxx 2020-ci il tarixdən dayandırılmış, lakin bu barədə ona (iddiaçıya) 40 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixli məktubla bildirilmişdir. Bu dayandırmanın 40 gün bildirilməməsinin səbəbi məlum deyil və sual altındadır. Agentlik heç bir tədbir görməmiş və tədbir görülməsini istəmir. Göstərilənlərə və İPM-in 2.1, 2.2.2, 45, 46-cı maddələrinə, AR İnzibati Xətalar Məcəlləsinin 279, 282-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 33.1-ci maddəsinə, «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Əsasnaməsi»nin 8.42-ci bəndinə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1B saylı binada yanğın və partlayış təhlükəsinin qarşısının alınması üçün həmin binanın 48b və 52 saylı mənzillərində rəsmi icazə olmadan yeri özbaşına dəyişdirilmiş mətbəx və otağın, əlavə çəkilmiş daxili və xarici qaz xətlərinin, qapalı məkanda qanunsuz olaraq quraşdırılmış kombilərin ləğv edilərək layihədə nəzərdə tutulduğu kimi əvvəlki təhlükəsiz vəziyyətinin bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması və müvafiq əməkdaşların məsuliyyətə cəlb edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehlərə təqdim olunmuşdur. Azərbaycan Respublikası Energetika Nazirliyi Cavabdeh2 iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Energetika Nazirliyi Cavabdeh2nə daxil olmuş AR FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxx 2019-cu il tarixli xx/xx-09896 nömrəli məktubuna əlavə edilmiş materiallar əsasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1B saylı binanın 48 və 52-ci mənzillərində Agentliyin səlahiyyətlərinə aid olan AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilib-törədilməməsi ilə bağlı Agentliyin əməkdaşları tərəfindən hər iki mənzilə baxış keçirilmiş və müvafiq araşdırmalar aparılmışdır. Aparılmış araşdırmalar nəticəsində hər iki mənzildə AR Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 2.1-ci bəndinin, 3.2.14 və 3.4.1-ci yarımbəndlərinin tələblərinin mənzil sahibləri tərəfindən pozulması faktları aşkar edilmişdir. Bununla əlaqədar Agentlik səlahiyyətlərinə uyğun olaraq, xx xxxxxx 2020-ci il tarixdə binanın 48-ci mənzilinin sahibi Cavabdeh5 və 52-ci mənzilinin sahibi Cavabdeh4 yazılı göstərişlər vermiş və aşkar olunmuş nöqsanların, pozuntuların 30 gün müddətində aradan qaldırılması tapşırılmışdır. Həmçinin AR İXM-in 282.2-ci maddələrinə müvafiq olaraq, adıçəkilən şəxslər barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar inzibati xəta haqqında işlərə baxılması üçün AR Energetika Nazirliyinə göndərilmişdir. Görülmüş tədbirlərin nəticəsi barədə Agentliyin Bakı filialının xx xxxxxx 2020-ci il tarixli məktubu ilə ərizəçiyə (hazırkı iş üzrə iddiaçıya) məlumat verilmişdir. AR Energetika Nazirliyi Cavabdeh5 Cavabdeh4 AR İXM-in 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, barələrində cərimə növündə inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlar qəbul etmişdir. Onların hər biri 30 manat məbləğində cərimə olunmuşlar. Bundan sonra Cavabdeh4 tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərar könüllü icra edilərək inzibati cərimə ödənilmiş, ona verilmiş göstəriş (inzibati akt) qismən isra edilərək qaz xətti üzərindən elektromaqnit bağlayıcı klapan, mənzil daxilində isə qaz sızmasını və dəm qazını müəyyən edən detektorlar quraşdırılmış, göstərişin icrası yerində yoxlanılmışdır. Cavabdeh5 barəsində verilmiş göstərişin (inzibati aktın) və çıxarılmış qərarın icrası ilə bağlı isə, müvafiq icra tədbirləri hal-hazıradək davam etdirilir. Yuxarıda göstərilən mənzil sahiblərinin əməllərinin guya Agentlik tərəfindən düzgün tövsif edilməməsi barədə iddia ərizəsində təsbit edilmiş mülahizələr tamamilə əsassızdır. Belə ki, AR İXM-in 279.0.6-cı maddəsi qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına görə yalnız qazın istehsalını, nəqlini və ya paylanmasını həyata keçirən subyektlər üçün məsuliyyət müəyyən edir və həmin maddə heç bir halda istehlakçılara qarşı tətbiq edilə bilməz. Bundan başqa, həmin mənzillərdə «Qazdan istifadə Qaydaları»nın tələblərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 İB-yə xx xxxx 2020-ci il tarixli göstəriş (inzibati akt) verilmiş, həmçinin xx xxxxxx 2020-ci il tarixli məktub göndərilmiş və aşkar olunmuş pozuntuların aradan qaldırılması tapşırılmışdır. Belə ki, sözügedən Qaydaların 2.2-ci bəndinə görə istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcısı şəbəkəyə qoşulur. Göstərişin icarı ilə bağlı Cavabdeh3 İB-nin 10 avqust 202-ci il tarixli ZM-532 nömrəli məktubundan görünür ki, sözügedən binanın 48 və 52 saylı mənzillərinin qaz təchizatı dayandırılmışdır. Bundan əlavə, iddiaçının müraciəti nəzərə alınaraq, Agentlik tərəfindən qeyd olunan məsələlərlə bağlı həyata keçirilən bütün tədbirlər barədə iddiaçıya xx xxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli məktublarla məlumat verilmişdir. Göründüyü kimi, Agentlik inzibati orqan olmaqla səlahiyyətlərinə aid olan məsələlərlə bağlı tələb olunan inzibati aktları qəbul etmiş, onların icrasını təmin etmək üçün müvafiq tədbirləri həyata keçirmiş, həmçinin inzibati xəta hadisəsi törətmiş mənzil sahiblərinin (Cavabdeh5 və Cavabdeh4) barəsində AR İXM-ə müvafiq tədbirlər görmüşdür. Qeyd olunanları nəzərə alaraq hesab olunur ki, iş üzrə iddia tələbinin Agentliyə qarşı olan hissəsində iddianın mümkün sayılmaması məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Göstərilənlərə və İPM-in 33.1, 33.2, 35, 73.3-cü maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və Cavabdeh4 gəlmişlər, digər cavabdehlər (onların nümayəndələri) isə, gəlməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianın əsassız olduğunu bildirdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. MPM-in 24-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı iddia özündə mahiyyətcə qismən mülki mübahisəni ehtiva edir. Yəni onunla yaşadığı binada qonşuluqdakı mənzilin sahibləri ilə aralarındakı mülki münasibətlərdən doğulur. İddoaçı öz hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciət edə və bu müraciətin müsbət həll olunmadığı təqdirdə, İPMin 2.2.2 və 2.2.3-cü maddələri üzrəı iddia qaldıra bilər. Hazırkı halda isə, iddiaçının inzibati orqana münasibıtdə arzuladığı hal onun özü üçün əlverişli inzibati aktın qəbulu ilə bağlı olmamış, başqa şəxslərə münasibətdə təsir tədbirlərinin görülməsi barədədir. Bu isə, istər hərəkətsizlik olduqda, istərsə də hər hansı tədbir görüldükdə sonradan inzibati məhkəmə icraatı qaydasında hər hansı iddianın qaldırılmasına əsas vermir. Bundan başqa, qeyd olunmalıdır ki, məhkəmə tərəfindən iddia ərizəsində fiziki şəxslərin də cavabdeh kimi göstərilməsinın formal xəta qismində qiymətləndirilərək müvafiq tədbir görülməsi (cavabdehlərin dəyişdirilməsinin tövsiyə edilməsi, aidiyyəti fiziki şəxslərin üçüncü şəxs qismində cəlbi və s.) mümkün haldır. Lakin nəzərə alınmalıdır ki, digər dövlət qurumlarının, hətta onlar inzibati orqan olsalar da, bir iddiada bir neçə cavabdeh kimi çıxış etmələri İPM-in 30-cü maddəsində müəyyən edilmiş “həmiştirakçılıq” meyarları ilə uzlaşmır. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin vurğulayır ki, bir tərəfdən iddiaçının qaldırdığı məsələ inzibati icraat çərçivəsində həllini tapması mümüksüzdür, digər tərəfdən də qanunvericilik müvafiq sahədə normaların tələblərinə riayət etməyən şəxslərin məzuliyyətə cəlbini nəzərdə tutan müddəalar müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 279.0.6-cı maddəsinə əsasən qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 282.2-ci maddəsinə əsasən təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmənin qənaətinə görə iş üzrə fiziki şəxs olmayan cavabdehlər tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, digər cavabdehlər isə fiziki şəxs olmaqla inzibati orqan sayılmadığından iddia mümkün sayıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar