Məhkəmə qərarları › İş №2-1(112)-5868/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5868/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5868/2023 19.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X15 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X17, X25) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X9 və azyaşlı nəvəsi X15 Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi Məhəllə 21,bina 2 “a”mənzii 17-də yerləşən ona məxsus mənzilə olan qeydiyyatlarının silinməsi öhdəliyinin cavabdeh Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2001-ci il tarixdə Bakı şəhəri,Sahil qəsəbəsi Məhəllə 21, ev 2 “a”, mənzil 17-də yerləşən 5 otaqlı mənzili öncəki sahibi Xanımnaz Hacıyevadan alqı-satqı yolu ilə almışlar. Həmin müqaviləni bağlayarkən 2 saylı Formada adları yazılan şəxslərin hamısının o evə olan qeydiyyatları qanuni qaydada silinmişdir. Hazırda həmin ev iddiaçının mülkiyyətindədir. Evi aldıqdan bir müddət sonra mənzilə gələn poçt sənədlərindən seçkilərlə bağlı bildirişlərdən məlum olmuşdur ki, Sahil qəsəbəsi 119 saylı MKİS-nin müdri Əliyev Vidadi evi onlara satan şəxsin oğlu X12 Forma 2-də göstərməmişdir. Məhz bu səbəbdən onun qeydiyyatı hələ də mənzilindədir. İddiaçı evi aldıqdan sonra X17 nəinki bir gün olsun belə evlərində yaşamamışdır, heç o evə gəlməmişdir. Onun evinə qeydiyyatda qalması müəyyən maddi və digər problemlər yaradır. X3 Sahil qəsəbəsində yerləşən 5 saylı yataqxanadan tapmış, xahiş etmişdir ki, könüllü olaraq gedib evinə olan qeydiyyatını sildirsin. Ancaq Şükür bunu etməkdən imtina etmişdir. Həmçinin oğlu Qanuni nümayəndə1 3 ildən artıqdır ki, özünə mənzil alıb ailəsi ilə birlikdə köçüb həmin evdə yaşayırlar. Onlar ailəliklə iddiaçıya məxsus evdən qeydiyyatdan çıxıb yeni evlərinə qeydiyyata düşsələr də, ancaq azyaşlı (2015 təvəllüd) oğlu X25 hələdə onun mənzilinə qeydiyatda qalmışdır. Onun qeydiyyatını sildirməsini oğlundan dəfələrlə xahiş etsə də ancaq o, bunu etmək istəməmişdir. Odur ki, məcbur olub X9,eləcədə azyaşlı nəvəsi X15 ona məxsus mənzilə olan qeydiyyatlarını silmələri xahişi ilə Qaradağ Rayon Polis İdarəsinin Rəisinə yazılı ərizə vermişdir. xx.xx.2023-cü il tarixdə Qaradağ rayon Polis idarəsindən şəxsən aldığı məktubda onların mənzilinə olan qeydiyatlarını silməkdən imtina edilmiş və bu haqda məhkəməyə müraciyət etməyini məsləhət bilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5868/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X17, X25 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş eti. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin qanuni nümayəndəsi iddia tələbinin N.Qanuni nümayəndə1 münasibətdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü X17, xx.xx.2015-ci il təvəllüdlü X25 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 6, mənzil 1 Qanuni nümayəndə1 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi 119 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 336 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yaşayır. X10 xx.xx.1986 (qızı), X18 xx.xx.1998 (qızı), X13 xx.xx.2007 (nəvəsi), X14 xx.xx.2008 (nəvəsi) həmin ünvanda yaşayır. Qanuni nümayəndə1 xx.xx.1987 (oğlu), X25 xx.xx.2015 (nəvəsi), X23 xx.xx.2016 (nəvəsi), X17 xx.xx.1977 (tanışı) həmin ünvanda yaşamırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********95 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanına dair sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş mənzilə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: -xx.xx.2000-ci il tarixli şəxsi mənzilin dəyişdirilməsinə dair müqaviləyə əsasən X16 ona məxsus ünvan 3 ünvanında yerləşən mənzili X5 məxsus ünvan 4 ünvanında yerləşən mənzillə dəyişdirmişdir. -xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsindən görünür ki, X16 ƏMDK-si yanında Bakı Şəhər Ərazi İdarəsindən xx.xx.2014-cü il tarixdə verilmiş 02/188 nömrəli arayışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21 a, b.2a-da yerləşən, beş otaqlı, ümumi sah.- kv m. yaşayış sahəsi 60 kv m.dən ibarət olan 17 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3165/6-11-3059/2023 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2000-ci il tarixli şəxsi mənzilin dəyişdirilməsinə dair notariat işinin surətindən görünür ki: - 7 saylı Cəzçəkmə müəsisəsində cəza çəkən X17 xx.xx.1999-cu il tarixli ərizəsində bildirmişdir ki, o, anası X6 məxsus olan mənzilin satılmasına etiraz etmir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1987-ci il təvəllüdlü Qanuni nümayəndə1 Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.2989-cu il təvəllüdlü Qanuni nümayəndə2 Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatdadır. 19.06.223-cü il tarixdə Qanuni nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq oğlu X15 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2- 13121/2023 nömrəli məktubunda bildirilmişdir ki, X17 tarixdən ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən xx.xx.2015-ci il təvəlüdlü X25 xx.xx.2020-ci il tarixdən atası Qanuni nümayəndə1 qeydiyyat ünvanı üzrə ünvan 6ə sənədləşdirilmişdir. Lakin Qanuni nümayəndə1 qeyd edilən ünvandan xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 069-19076M nömrəli məktubda bildirilmişdir ki, qəbul zamanı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar Sizə izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müraciətinizdə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sənədlərlə müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü il tarixdən ünvan 1-nin xüsusi mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs X17 mənzilin keçmiş mülkiyyətçisi olmuş X4 ailə üzvüdür (oğlu). Belə ki, sözügedən mənzil X7 ilə X16 ilə arasında bağlanmış xx.xx.2000-ci il tarixli dəyişdirmə müqavilə əsasında X8 mülkiyyətinə keçmiş, daha sonra xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsi ilə X16 həmin mənzili iddiaçıya bağışlamışdır. xx.xx.2000-ci il tarixli dəyişdirmə müqaviləsi bağlanarkən X4 ailə üzvü olan X17 mənzilin dəyişdirilməsinə etiraz etməmişdir. Üçüncü şəxs X17 hazırda həmin ünvanda yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X2 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxs X17 mübahisəli ünvanda qeydiyyatda olsa da o hazırkı mülkiyyətçinin ailə üzvü deyildir, həmin ünvanda faktiki olaraq yaşamır, onun mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan evin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan əlavə iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi digər üçüncü şəxs X25 xx.xx.2015-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir, iddiaçının oğlu Qanuni nümayəndə1 övladı, iddiaçının nəvəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Hazırkı iş üzrə üçüncü şəxs X28 yetkinlik yaşına çatamayan şəxs olmaqla iddiaçının ailə üzvü deyildir, iddiaçı ilə birlikdə, onun himayəsində yaşamır, mənzilə dair istifadə hüququ qeydiyyata alınmamışdır, Ailə Məcəlləsinin 75, 89-cu maddələrinin tələblərinə əsasən də hazırkı halda iddiaçının yetkinlik yaşına çatmayan nəvəsi X1 vəzifəsi yoxdur. Üçüncü şəxs valideynlərinin himayəsində olmaqla onlarla birgə yaşayırlar. Üçüncü şəxsin valideynləri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 Qanuni nümayəndə1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Əlavə olaraq üçüncü şəxsin valideyni Qanuni nümayəndə1 oğlunun mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasına razıdır. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxs N.Qanuni nümayəndə1 faktiki yaşamadığı və qanunla yaşayış yeri hesab olunmayan ünvan üzrə qeydiyyatdadır. Belə olan halda iddiaçının onunla birgə yaşamayan üçüncü şəxs X20 qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Qaaradağ Rayon Polis İdarəsinin imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X15 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X17 və X15 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar