Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5871/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2010-cu il tarixli, 819 saylı sərəncamına əsasən Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi yerdə inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud eskiz-layihəyə uyğun İddiaçı adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, qeyriyaşayış sahəsinə dair texniki pasportun və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının soyadının “Yusifova” kimi oxunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2010-cu il tarixli 819 saylı sərəncamına əsasən Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi yerdəki mövcud tikilinin rekonstruksiya olunub məişət xidməti və ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Sərəncamda qeyd edilən tələb və şərtlərə riayət edilməklə Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi yerdə tərəfimdən ticarət obyekti inşa edilmişdir. "xxxx" MMC tərəfindən tikilinin eskiz layihəsi tərtib edilmişdir. Daha sonra tikiliyə dair Xəzər Rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfatı Şöbəsi tərəfindən tikinit-qutaşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında 11 iyun 2012-ci il tarixli qəbul komissiyasının aktı tərtib edilmişdir. Qeyd edilən akt və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən möhürlə təsdiq edilmişdir. Qeyri-yaşayış sahəsi 10 ildən artıq müddətdir ki, iddiaçının istafadəsindədir. Qeyri-yaşayış sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq Çıxarış verilməsi məqsədi ilə cavabdehə qeyri-yaşayış sahəsinə dair bütün hüquqmüəyyənedici səndələr əlavə edilməklə ərizə ilə müraciət edilmişdir. Bugünədək cavabdeh tərəfindən müraciət cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavadehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli məktubu. - iddiaçıya məxsus şəxsiyyət vəsiqələrinin surəti. - Nikah haqqında şəhadətnamənin surəti. - Xəzər Rayon İcra Hakimiyyəti başçısının 819 saylı xx.xx.2010-cu il tarixli Sərəncamının surəti. - Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktının surəti. - qeyri-yaşayış sahəsinin Eskiz layihəsinin surəti. - Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli Müqavilənin surəti. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş və ona imtina cavabı xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda qeyd etmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən təsdiqlənmiş layihə və qeyri-yaşayış binasına dair tikintiyə icazə sənədi təqdim olunmamışdır. Təqdim edilən qeyri-yaşayış binasına dair layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və təqdim edilən layihədə lisenziya əlavə edilməmişdir. Bundan başqa qeyri-yaşayış binasının istismara qəbul aktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 nömrəli qərarına uyğun təsdiq edilməmişdir. Elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binası yol kənarında yerləşir və yerləşmə cizgisi təqdim olunmamışdır. Əlavə olaraq, təqdim edilən sənədlərdə hüquq sahibinin soyadında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən sənədlərdə soyad Məmmədova qeyd edilsə də, etibarnamədə Yusifova qeyd edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair Xəzər Rayon İcra Hakimiyyəti başçısının 819 saylı xx.xx.2010-cu il tarixli Sərəncamı mövcuddur. Xəzər Rayon İcra Hakimiyyəti başçısının 819 saylı xx.xx.2010-cu il tarixli “Vətəndaş İddiaçı Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi yerdəki mövcud tikilini rekonstruksiya edib məişət xidməti və ticarət obyekti kimi istifadə edilməsi barədə” Sərəncamına əsasən vətəndaş İddiaçı Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi yerdəki mövcud tikilinin rekonstruksiya olunub məişət xidməti və ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdi. Göründüyü kimi, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi ünvanda yerləşən tikili artıq mövcud olmuşdur və Xəzər Rayon İcra Hakimiyyəti başçısının 819 saylı xx.xx.2010-cu il tarixli Sərəncamı ilə həmin mövcud tikilinin rekonstruksiya olunub məişət xidməti və ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Odur ki, cavabdeh tərəfindən qeyri-yaşayış binasına dair tikintiyə icazə sənədinin tələb edilməsi əsassızdır. Həmçinin, iş materiallarından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Həmin layihəyə lisenziyanın əlavə edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsində nəzərdə tutulmamışdır. Qeyri-yaşayış binası yol kənarında yerləşməsi, layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Təqdim edilən sənədlərdə hüquq sahibinin soyadında uyğunsuzluğun olması ilə bağlı bildirilir ki, iş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması və daşınmaz əmlakın istismara yararlı hesab edilməsinə dair aktın mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh inzibati orqanın “qeyri-yaşayış binasına dair tikintiyə icazə sənədinin təqdim edilməməsi” dəlili ilə bağlı qeyd edir ki, tikinti obyektinin istismarına icazə verilməsinə dair səlahiyyətlər xx.xx.2018-ci il tarixinədək yerli icra hakimiyyəti orqanlarına verilmişdir. Hazırkı iş üzrə tikinti obyektinin istismarına qəbul Aktı xx.xx.2012-ci il tarixdə müvafiq yerli icra hakimiyyəti orqanı (Xəzər Rayon İcra Hakimiyyəti) tərəfindən verilmişir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndinə əsasən digər tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları 101.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirirlər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlillər əsassızdır və iddiaçının hüquqlarını pozur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” 18 mart 2015-ci il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın sökülməsi barədə hər hansı qərarın qəbul edilməməsi, daşınmaz əmlaka dair qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş İstismara qəbul edilməsi Aktının mövcudluğu həmin daşınmaz əmlakın müvafiq normalara uyğun tikilməsini müəyyən edir. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair icra hakimiyyəti orqanının müvafiq sərəncamının olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, tikinti obyektinin istismarına dair müvafiq sənədinin olması, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan daşınmaz əmlaka dair müvafiq sərəncamın olması, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması, həmçinin Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi yerdə inşa edilmiş daşınmaz əmlakın layihəsi müvafiq icra hakimiyyətin orqanı tərəfindən razılaşdırılması, tikinti obyektinin istismarına yararlı olmasına dair müvafiq sənədinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xəzər Rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2010-cu il tarixli, 819 saylı sərəncamına əsasən Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi yerdə inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud eskiz-layihəyə uyğun X2 adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, qeyri-yaşayış sahəsinə dair texniki pasportun və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xəzər Rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2010-cu il tarixli, 819 saylı sərəncamına əsasən Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişdiyi yerdə inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud eskiz-layihəyə uyğun X2 adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, qeyri-yaşayış sahəsinə dair texniki pasportun və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev